Zorakılığın qiyməti – TƏHLİLbackend

Zorakılığın qiyməti – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elə zamanədə yaşayırıq ki, hər şeyə qiymət qoyulur. Neftin qiyməti, qazın qiyməti, ağacın qiyməti, qızılın qiyməti və nələrin, nələrin qiyməti…
Odur ki, məsələlərə konseptual yanaşma sərgiləmək istəyəndə onun qiymət meyarı ilə ölçülməsinə ehtiyac duyulur.
Elə bu ehtiyaca istinadən zorakılığın qiymətindən yazmaq qərarına gəldim.

Beynəlxalq qanunvericilik

“Qadınlara münasibətdə zorakılıq” anlayışı qadına cinsi, fiziki və psixoloji zərər və əzab gətirən, cinsi əlamət daşıyan istənilən zorakılıq aktını və ya bu aktların olunma təhlükəsini, istər şəxsi, istərsə də ictimai həyatda azadlıqdan məcburi və ya könüllü məhdudiyyətlərini özündə əks etdirmək anlayışını daşıyır. (“Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında” Bəyannamə BMT-nin Baş Məclisi tərəfindən 20 dekabr 1993-cü ildə qəbul edilmişdir. Qətnamə 48/104)
Qadınlara münasibətdə zorakılıq aşağıdakı halları əhatə edir, lakin onlarla məhdudlaşmır. (Maddə 2)
a) ailədə baş verən fiziki, cinsi və psixoloji zorakılıq, o cümlədən döyülmə, ailədə qızlara qarşı olan cinsi məcburetmə aktları, cehizlə əlaqədar olan zorakılıq, qadınların məcburi şəkildə ərləri tərəfindən zorlanması, qadınların cinsi orqanlarının zədələnməsi və qadınlara zərər gətirən digər ənənəvi üsullar, nigahdan kənar zorakılıq, istismar ilə bağlı zorakılıq;
b) ümumilikdə cəmiyyətdə baş verən fiziki, cinsi və psixoloji zorakılıq, o cümlədən işdə, təhsil müəssisələrində və digər yerlərdə zorlama, cinsi məcburetmə, cinsi əlaqəyə təhrik, həmçinin qadın alveri və fahişəliyə məcburetmə;
c) dövlət tərəfindən yol verilən və saxtakarlıqla yanaşılan fiziki, cinsi və psixoloji zorakılıq;
“Qаdın hüquqlаrının pоzulmаsı “аnlаyışı cinsi аyrı-sеçkilik prinsipi əsаsındа qоyulаn hədlər, məhdudiyyətlər və qаdаğаlаr kimi dərk еdiləcək. Bunlаrın məqsədi siyаsi, iqtisаdi, sоsiаl, mədəni, sivil və hər hаnsı digər bir sаhədə аilə vəziyyətindən аsılı оlmаyаrаq qаdınlаrın hüquq və аzаdıqlаrının tаnınmаsını, bu hüquq və аzаdlıqlаrdаn qаdınlаrlа kişilərin hüquq bərаbərliyi prinsipi əsаsındа istifаdə еdilməsini məhdudlаşdırmаq və yа hеçə еndirməkdir” (“Qаdınlаrа münаsibətdə ayrı-sеçkiliyin bütün fоrmаlаrının arаdаn qаldırılmаsı hаqqındа” Kоnvеnsiya. Fəsil I, Maddə 1)

Milli sterotiplər…

El arasında belə fikir var: “Ərlə arvadın savaşı, yaz gününün yağışı”. Bu məsələlərə müdaxiləni ətlə dirnaq arasına girmək kimi qiymətləndirərək ağrı verəcəyini deyirlər. Bəzən isə “Ər arvadı döyər də, sevər də” deyirlər. Kişinin qadına (ərin arvada, qardaşın bacıya, atanın qıza və s.) qarşı etdiyi fiziki, psixoloji, iqtisadi zorakılığını dəstəkləyən kifayət qədər el misalları və atalar sözləri var ki, zorakılıqdan irəli gələn iqtisadi zərərin hesablanması bəlkə də gülünc görünə bilər.

Amma…

Amma beynəlxalq aləm belə düşünmür. Onlar ərlə arvad, ana ilə bala, qardaşla bacı arasında baş verən fiziki mənəvi, iqtisadi zədələri qiymətləndirir. Hətta bunların hökumətin büdcəsinə vurdugu zərəri belə hesablayır.
Məsələn, Niderlandda zorakılığa məruz qalmış şəxslərə il ərzində 151 milyon avro, İsveçrədə 260 milyon avro, Finlandiyada 101 milyon avro, İsveçdə 3300 milyon avro, İspaniyada 2.356,8 milyon avro, Danimarkada 70 milyon avro, Fransada 2,5 milyon avro, ABŞ- da 5,8 milyon dollar, Avstraliyada 13,6 milyon dollar hökumət xərcləyir.
İngiltərə təcrübəsində isə belədir. İl ərzində baş verən məişət zorakılığı hallarında qeydə alınmış ümumi məsrəf 5,5 milyon funt-sterlinqdir və bu məbləği aşağıdakı kimi qruplaşdırmaq olar:
• Fiziki və əqli sağlamlıq üçün – 1,6 milyon funt- sterlinq
• Cinayət işləri – 1,2 milyon
• Sosial xidmət – 268 milyon
• Sığınacaq xərcləri – 185,7 milyon
• Mülkiyyət hüququ ilə bağlı -366,7 milyon
• İqtisadi imkanlarla bağlı dəyən zərərin aradan qaldırılması xərcləri – 1,8 milyon
Keçmiş MDB ölkələri arasında Belarusda aparılan araşdırmalarda ölkədə zorakılığın qiymətinin 1 125 471 dolları əhatə etdiyi müəyyən olunub. Aparılan hesablama rəsmi statistikaya əsaslanıb. Belə ki, Belarusda 2006- cı ildə məişət zorakılığı zəminində rəsmi qeydiyyata alınan şəxslərin sayı 2734 nəfər təşkil edib. Qeyd edilən iqtisadi zərər məhz 2734 nəfərə çəkilən xərcələrə uyğun hesablanıb. Təqdim edilən iqtisadi qiymətləndirmə iki yöndə, birbaşa və dolayısı yolla xərclənmiş maliyyəyə istinad edir.
Belarusda aparılan araşdırmalara görə, hökumətin bütövlükdə bir məişət zorakılığı faktına görə çəkdiyi xərc 883882 Belarus manatı təşkil edir.
Məişət zorakılığı qurbanı olmuş qadına birbaşa çəkilən xərcin məbləği isə – 155 000 Belarus manatı təşkil edir.
Lakin xərclər bir neçə formada – qısamüddətli və uzunmüddətli ola bilər.
Birinci hal, yəni qısamüddətli xərclər fiziki, mənəvi və digər formaların nəticəsində alınan zədələrin aradan qaldırılmasına yönəlmiş xərclərdir. Lakin uzunmüddətli xərclər dedikdə əmək fəaliyyətinin dayandırılması nəticəsində istehsala dəyən zərəri nəzərdə tutur. Hazırda yuxarıda qeyd edilən dövlətlərin hesablamalarında təkcə məişət zorakılığının qurbanlarına çəkilən birbaşa xərclər, o cümlədən qurbanlarla işləyən mütəxəssislər- hüquq mühafizə orqanları, məhkəmə, tibb, sosial müəssisələr və s. ilə yanaşı, dolayı xərclər də diqqət mərkəzində dayanır. Bu da istehsala dəyən zərərdir. Bu sahədə aparılan bir neçə araşdırmaya dair misalı diqqətinizə çatdırmaq istərdim.
Tədqiqatçılar hesab edir ki, zorakılığın insanlara zərərli təsirindən başqa onun cəmiyyətə vurduğu zərər daha böyükdür. Zorakılıq iqtisadi yük, itirilmiş məhsullarla yanaşı, sosial xidmət sahələrində xidmətlərə təlabatı artırır.
Hindistanda aparılan araşdırmalar zamanı müəyyən edilib ki, fiziki zorakılıqdan zərərçəkmiş qadınların 13% -i hər zorakılıq hadisəsindən sonra 7 iş günü əmək fəaliyyəti ilə məşğul ola bilmir. 11% isə ev işləri ilə məşğul ola bilməyib.
ABŞ-ın Çikaqo ştatında aparılan tədqiqatın nəticələri göstərib ki, fizki və psixoloji zorakılıqla mütamadi üzləşən qadınlar iş yerlərini tez-tez dəyişməli olur və ya işsiz qalır. Çünki onlar keçirdikləri stress və əzabın nəticəsində öz işlərinin öhdəsindən gələ bilmirlər.
Manaquada (Nikaraqua) aparılan oxşar tədqiqatların nəticəsinə görə isə, zorakı münasibətə məruz qalan qadınlar digər qadınlara nisbətdə 46% az gəlir əldə edir. Çünki onlar tez- tez iş fəaliyyətini dayandırmalı və ya iş yerlərini itirməli olurlar.
Problemə konseptual yanaşma sərgiləmək üçün ilk növbədə qadınlara qarşı zorakılığın yaş mərhələləri üzrə xüsusiyyətinə nəzər yetirək.
Bütün həyat mərhələlərində qadınlara qarşı zorakılığın xüsusiyyətləri:
1. Körpəlik
Hamiləlik dövründə qız uşaqlarının abortu, yeni doğulmuş qız uşaqlarının öldürülməsi, mənəvi və cinsi həqarət, qida və tibbi yardıma qeyri-bərabər imkanlar.
2. Uşaqlıq
Erkən nigahlar, qadınların cinsi orqanlarında onları şikəst edən əməliyyatlar, qohumlar və yadlar tərəfindən cinsi zorakılıq və psixoloji rişxənd, ələ salma, qida və tibbi yardıma qeyri – bərabər imkanlar, uşaq fahişəliyi və pronoqrafiyası.
3. Yekinlik yaşı
Sevdiyi və gorüşdüyü şəxs tərəfindən goruş zamanı zorakılıq, iqtisadi asılılıq imkanlarından istifadə edərək cinsi münasibətlərə təhrik etmə, cinsi toxunulmazlığının pozulması, inset, zorlama, iş yerində seksual təhrik, ər tərəfindən arvadının zorlanması, məcburi fahişəlik və pornoqrafiya, qadın alveri, məcburi hamiləlik.
4. Reproduktiv yaş
Əri və ya portnyoru tərəfindən zorakılıq, ər tərəfindən arvadın zorlanması, cehizə görə qəddar münasibət və öldürmə, partnyorun öldürülməsi, pisxoloji rişxənd, iş yerində seksual təhriklər, seksual toxunmalar, zorlama, məcburi fahişəlik və pornoqrafiya, qadın alveri, əlil qadınlara qarşı sui-istifadələr.
5. Ahıl yaşda
Seksual toxunmalar, psixoloji rişxənd, fiziki zorakılıq.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən cinsi partnyor tərəfindən edilən zorakılıqla bağlı müəyyən edilmiş anlayışda deyilir: “Cinsi münasibətlər çərçivəsində yaşayan tərəflərdən birinin digərinə qarşı törətdiyi fiziki, psixoloji və seksual davranış zorakılıqdır. Belə davranış növlərinə aşağıdakılar daxil edilə bilər:
• fiziki təcavüzün formaları- şapalaq, zərbə, yumruq, təpiklər və döymə, öldürmə;
• psixoloji zorakılıq -qorxutmadır və daimi alçalmadır;
• məcburi cinsi əlaqə və seksual məcburiyyətin başqa formaları;
• nəzarət edən davranışın müxtəlif təzahürləri- məsələn, ailə və dostlardan təcrid etmə, hərəkətlərin (nəzarət) idarə edilməsi, yardım və məlumata çıxışın məhdudlaşdırılması\”.

Psixi sağlamlıq

Avstraliya, Nikaraqua, Pakistan və ABŞ -da zorakılığa məruz qalmış qadınlar arasında aparılan tədqiqatların nəticələri göstərir ki, belə qadınlar depresiyadan daha çox əziyyət çəkir, onlarda həyəcan və fobiyalar üstünlük təşkil edir. Qeyd edilən tədqiqatın nəticələrinə görə, əri və partnyoru tərfindən zorakılığın müxtəlif formaları ilə üzləşmiş qadınlar intihara və özünəqəsdə meyllik üzrə yüksək risk qrupuna daxildir.

Fiziki sağlamlıq

Göründüyü kimi, fiziki zorakılıq ağır xəsarətlər – göyərtilər, çapıqlar, zədələrlə yanaşı, əmək qabiliyyətsizliyi və ölümlə nəticələnə bilər. Müxtəlif ölkələrin milli tədqiqat institutlarının əhali arasında aprdığı araşdırmalara görə, 40-72% faiz qadın həyatının müxtəlif dövrlərində əri və partnyoru tərəfindən fiziki zorakılığa məruz qalır. Fiziki zorakılığa məruz qalmış 43% qadın aldığı zədələrdən tibb müəssisələrinə müraciət edir, 50% qadın isə aldığı zədələrə görə müvəqqəti əmək fəaliyyətini dayandırır.

Zorakılıq zəminində qazanılmış xəstəliklər

Zorakılığın sağlamlığa təsiri:
Geniş həcmli elmi araşdırmalar göstərir ki, əri tərəfindən zorakılğa məruz qalan qadınların sağlamlığında ciddi problemlər olur. Zorakılığın təsirindən yaranan neqativ hallar sağlamlığa dərhal və ya müəyyən müddətdən sonra öz təsirini göstərir. Aşağıdakı cədvəldə xəstəliklərin məcmusu diqqətinizə çatdırılır. Tədqiqatlar göstərir ki, uşaqlıq dövründə və ya sonralar zorakılğa məruz qalmış qadınların sağlamlığında mövcud olan problemlər, digər qadınlara nisbətdə daha çox üstünlük təşkil edir.
Onlarda:
fiziki fəaliyyətin pisləşməsi;
psixoloji əmin-amanlıq;
zərərli vərdişlərin qazanılması, məsələn, siqaret çəkmə, alkoqola meyl, narkotik asılılığı kimi vərdişlər gələcəkdə qadının sağlamlığına daha pis təsir edə bilir;

Cinsi portnyoru tərəfindən zorakılıq görmüş qadınların sağlamlığına dəyən zərər:
Fiziki:
Qarın boşluğunun və döş qəfəsinin travmaları
Göylər və çapıqlar (tikiş yerləri)
Xroniki ağrı sindromları
Əmək qabiliyyətinin itirilməsi
Fibromioma
Sınıqlar
Mədə-bağırsaq pozuntusu
Bağırsaqların qıc olma sindromu
Açıq yaralar və sıyrıntılar
Görmə və eşitmənin pisləşməsi
Fiziki fəaliyyətin məhdudlaşması

Cinsi və reproduktiv təsiri:
Sonsuzluq
Ginekoloji xəstəliklər
Çanaq hissəsində iltihablı proseslərin getməsi
Hamiləlik dövründə ağırlaşmalar və ya uşağın düşməsi
Cinsi disfunksiya
Cinsi yolla ötürülən xəstəliklər, o cümlədən HİV/AİDS
Təhlükəli və fəsadlı abortlar
Arzuolunmaz hamiləlik

Psixoloji amillər və davranış tərzi:
Alkoqoldan sui-istifadə və narkotikə meyillik
Depressiya və həyəcan
Qidalanmanın və yuxunun pozulması
Utanc və günah hissi
Fobiyalar və dəhşətli nasazlıqlar
Fiziki laqeydlik
Özünü aşağı qiymətləndirmə
Posttravmatik stress
Psixosomatik nasazlıqlar
Siqaret çəkmə
İnithara meyllik və özünə zərər yetirmə (qəsd)
Təhlükəli seksual davranış ( qorunmamış)

Ölümlə nətcələnmə:
AİDS-dən ölüm
Hamiləlik və doğuş zamanı ölüm
Qətl
Özünə qəsd, intihar

Hamiləlik dövründə baş verən zorakılıq yalnız qadını deyil, ana bətnində olan uşaq üçün də ciddi fəsadlar törədə bilir. Çili, Nikaraquada əhali arasında aparılan sorğuların nəticəsinə görə, 6-15% qadınlar hamiləlik dövründə cinsi və fiziki zorakılığa məruz qalıblar. ABŞ-da aparılan tədqiqatların nəticəsinə görə isə, hamiləlik dövründə zorakılığa məruz qalmış qadınların 3-11% -ni yaşlı qadınlar, 38 % isə aztəminatlı yeniyetmələr təşkil edir. Hamiləlik dövründə baş verən zorakılığın nəticələri aşağıdakı kimi qeyd edilir:
• Uşaq salma (düşmə)
• Tibbi yardıma məcburi müraciət etmə ( mütamadi tibbi müayinədən keçməmə)
• Ölü uşağın doğulması;
• Vaxtından əvvəl doğuş;
• Dölün zədələnməsi;
• Dünyaya gətirilən uşağın aşağı çəkidə olması.

Azərbaycanda məişət zorakılığının fəsadlarından hökumət büdcəsi nə qədər zərər çəkir?
Məişət zorakılığının formaları : fiziki, psixoloji, iqtisadi və cinsi formalarına diqqət etməklə, bu cinayətin daha hansı cinayətlərin yaranması, formalaşması və genişlənməsi ilə yanaşı, onun hansı təsirlərə malik olduğunu, əhatəsini, ölkəyə vurduğu iqtisadi dəyəri az da olsa araşdıraq.
Bəlkə də bu fəsadları kifayət qədər diqqətdə saxlamadığımızdan biz problemin əhatə dairəsini real qiymətləndirə bilmirik. Problemin əhatə dairəsinə diqqət edək.

Məişət zorakılığının fəsadaları:

 Şikəst olmalar, fəaliyyətsizlik;
 Əlilliklə bağlı müavinətlər;
 Küçəyə atılan qadınlar və uşaqlar;
 Boşanma, əmlak və aliment problemləri;
 Uşaqların psixi durumu;
 Küçə uşaqları problemi;
 Uşaqların istismarı;
 Məhkəmə, həbs, cinayət aləminə daxil olma;
 Ölüm halları;
 Səxsiyyətin deqradasiyası;
 Təhsildən yayınma, savadsızlıq;
 Qeydiyyatsız uşaqlar, qadınlar;
 Erkən nigahlar;
 Uşaq və ana ölümü;
 Fahişəlik;
 İnsan alveri;
 HİV/AİDS;
 Psixoloji travmalar;
 İntihar və intihara cəhd halları;
 Qadınların sağlamlığında problemlər;
 Fiziki zorakılıq zamanı alınan zədələr (şikəstlik);
 Qadınların hamiləlik zamanı keçirdiyi stress nəticəsində xəstə doğulan uşaqlar;
 Şəxsiyyətin deqradasiyası – yeni keyfiyyətlər: iki üzlülük, yalan, yaltaqlıq;
 Qadın və uşaqların küçəyə atılması;
 Zorakılığın əks təsiri (qadın və uşaqlar tərəfindən);
 Öldürmə;
 İstehsala dəyən zərər.

Psixoloji-mənəvi zorakılıq: xarakterin deqradasiyası- yalan, ikizülülük, qorxaqlıq, şəxsiyyətin ikiləşməsi, zərər çəkmiş şəxslər üçün çəkilən xərclərin dəyəri:
Sığınacaq binası, işçi personalı, geyim, qida və s. üçün xərclər;
Mərkəzlər və onlara çəkilən xərclər;
Tibb personalının əmək haqqı və dərman preparatları;
Polis işçiləri üçün təlimlər, yeni personalın təşkili, bina, avadanlıq, onların əmək haqqı və s;
Məhkəmə işçiləri üçün təlimlər, əmək haqqı və s;
Əmək və əhalinin sosial müdafiəsi işçiləri üçün tədbirlər və əmək haqqı;
Ədliyyə Nazirliyinin pentensiar xidmətində cəzaçəkmə müəssisələrində məhbuslara çəkilən xərclər;
Evdən atılmışlar üçün reinteqrasiya xərcləri ( kirayə xərcləri və digər);
Uşaqların ehtiyac və qayğıları üçün proqramlar və s.
Qeyd edilən fəsadlar dəqiq hesablanarsa bu, Azərbaycan Respublikasının büdcəsinə kifayət qədər zərər dəydiyini sübuta yetirər. Hesablanmış iqtisadi zərər hökumətin qadına qarşı baş vermiş zorakılığın qarşısını almaq üçün daha dəqiq strategiyalar hazırlamasına təkan verər.
Bütün dünyada bu hesablamalar əsasən istehsalla bağlı hesablansa da, milli və mənəvi dəyərlərə daha çox önəm verən ölkəmiz əksinə olaraq, məişət zorakılığı zəminində dəyərlərimizə vurulan zərbənin də iqtisadi tərəflərini ölçəcəyinə əminəm.
Çünki hər dəfə evdə öldürülən bir qadın gördükdə, dəyər sistemimizdə qırılan bir zəncir görürəm.

Mehriban Zeynalova “Təmiz dünya” İctimai Birliyinin sədri

İnterpress.az