Manatın devalvasiyası qiymətlərə təsir etməyibbackend

Manatın devalvasiyası qiymətlərə təsir etməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkədə milli valyutanın məzənnəsinin dəyişdirilməsinin sosial müdafiə və sosial təminat sisteminə, habelə əmək bazarına təsirlərinin müəyyən olunması üçün nazirlik tərəfindən aparılan monitorinq və qiymətləndirmə işlərinin nəticələrinə dair mətbuat konfransında deyib.

Nazir müavini Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına sürətli inteqrasiyası səbəbindən regionda gedən bir sıra neqativ proseslərin, o cümlədən iqtisadi böhranın, MDB məkanında baş verən gərginliklərin, eləcə də dünyada neftin qiymətinin kəskin ucuzlaşmasının ölkə iqtisadiyyatına mənfi təsirinin labüd olduğunu qeyd edib: “Belə şəraitdə manatın məzənnəsinin sabit saxlanılmasının iqtisadi inkişafa mənfi təsiri nəzərə alınaraq onun devalvasiyası qərara alınıb. Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaqla, ölkənin ixrac imkanlarını artırmağa, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətini möhkəmləndirməyə yönəlib”.

İ. İsayev son 11 ay ərzində Azərbaycanın əsas ticarət tərəfdaşları olan Avropa İttifaqı ölkələrində avronun 18,5%, həmçinin Rusiyada rublun 72%, Türkiyə lirəsinin 23%, Gürcüstanda larinin 21% ucuzlaşdığını qeyd edib. O, belə olan təqdirdə ölkəmizin valyuta ehtiyatlarının qorunması üçün manatın devalvasiyasının iqtisadi baxımdan tam məntiqli və məqsədəuyğun addım olduğunu vurğulayıb: “Bununla əlaqədar nazirlik hazırda manatın məzənnəsinin dəyişdirilməsinin ölkənin sosial müdafiə və sosial təminat sisteminə, eləcə də əmək bazarına təsirlərinin monitorinqini və qiymətləndirilməsini həyata keçirir. Bu məqsədlə yaradılmış monitorinq qrupları respublikanın seçilmiş şəhər və rayonlarında yerləşən topdansatış ticarət müəssisələrində, bazarlarda, iri marketlərdə və xırda ticarət obyektlərində Nazirlər Kabinetinin \”Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında\” 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsulları üzrə qiymətlərin dəyişməsi vəziyyətini aydınlaşdırıb. Əldə olunmuş məlumatlar manatın devalvasiyasından keçən 10 gün ərzində monitorinq aparılan ticarət müəssisələrində qiymət artımının müşahidə olunmadığını göstərir”.

İnterpress.az