Üzeyir Novruzov: “Mən rus deyiləm” – VİDEObackend

Üzeyir Novruzov: “Mən rus deyiləm” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

America’s Got Talent şousunda insanları heyrətləndirmək üçün ona nə sehrbazlıq, nə rəqs, nə gözəl səs, nə də başqa fitri istedad lazım olub. Bir Çarli Çaplin geyimi, bir də nərdivan Uzi kimi tanınmağa başlayan Üzeyirin dünyanın ən məşhur şoularından birində yarım-finala çıxmasına kifayət edib. Bu isə təxminən 16 milyon izləyicisi olan AGT-də azərbaycanlı Çarli Çaplinə on minlərlə və bəlkə də yüzminlərlə amerikalının səs verməsi deməkdir.

Nyu-Yorkun məşhur saraylarından Radio City Music Hall-da keçirilən son şouda Üzeyiri Amerikanın Səsi də müşayiət edib. Şoudan sonra onunla söhbətləşmək imkanımız olub.
“Salam Əleyküm. Çox sağ olun, gəlib tamaşaçı kimi zalda əyləşib izlədiniz. Birincisi Azərbaycan dilində sərbəst danışmadığım üçün bağışlayın. Bu şouya hazırlaşmaq mənim üçün çox çətin deyildi, çünki son 15 ildir böyük səhnələrdə işləyirəm”.

Sonuncu şouda 6 metr hündürlükdə nərdivanın öhdəsindən gələn Üzeyir böyük riskə getdiyini etiraf edir. O deyir ki, dünya rekorduna imza atmaq istəyib.
“Mənə elə gəlir ki, bu hündürlüyə heç kim çıxmayıb – 18 fit. Düzü əvvəlcə 20 fit düzəltmişdim, o, lap ağır idi, 25 kiloqram idi. 2 fiti kəsdik ki, qaldırmaq mümkün olsun. Arzum bu idi ki, bu səhnədə iştirak edim. Şükür Allah qorudu”.

“Mən elə gəldi ki, Olimpiyadada oturub dünyanın ən maraqlı atletini izləyirəm” – deyə şouda münsiflər heyətindən Hovard Stern bildirib.
Şounu canlı izləmiş biri kimi deyim ki, zaldakıların hamısı belə hiss edirdi. Hər kəs Üzeyirin hər an yıxıla biləciyini düşünürdü.
“Mənim özüm zalda əyləşib tamaşaçı kimi səhnəyə baxanda 20 metr olmur 100 metr çıxsın, kimsə trosdan istifadə etsə, o mənə maraqlı gəlmir. Ona görə də özüm trossuz olmağını istədim. Sözün düzü çox risk etdim”.

Üzeyir Novruzov sirk sənətinə necə gəlməsindən də danışıb.
Hazırda Las Veqasda yaşadığını bildirəm Üzeyir Novruzov, əkiz qız övladlarını olduğunu və onların ABŞ-da dünyaya göz açdıqlarını deyir.

Nyu-York və Üzeyirin populyarlığı
Nyu-York küçələrində artıq Üzeyirin populyarlığını hiss etmək mümkündür. Onunla söhbətim zamanı bir neçə nəfər hətta söhbətimizi kəsib onunla şəkil çəkdirdi. Söhbətə ara verib onların şəklini çəkməli oldum.
Üzeyirin bütün çıxışlarında da həm münsiflər heyəti, həm də auditoriya onu ayaq üstə alqışlayıb.
“Tamaşaçıları ayağa qaldırmaq asan deyil. Heç vaxt belə reaksiya gözləməmişdim. Bilirdim ki, nömrəm hər səhnədə uğurla keçir, amma belə tanınmış jüridə belə maraq yaradacağını, insanları ayağa qaldıracağını gözləmirdim. Bu mənə böyük sürpriz olur”.

Bəs növbəti şouda tamaşaçılara sürpriz nədən ibarətdir?
“İnternetdə çoxlu fanatlarım var. Artıq 3-cü dəfədir nərdivanla səhnəyə çıxdım. Ancaq mənim ayrı talantlarım da var. Artıq fanatlarıma da yeni bir şey gözləyir. Bəlkə də produserlər yenidən nərdivan istədilər. Onlarla birlikdə söhbət edib qərara gəlirik. Çox istəyirəm ki, yeni nömrə gətirim. Yeni nömrə olsa, nərdivandan az maraqlı olmayacaq”.

Azərbaycanlıların tənqidi
ABŞ-da populyarlığına baxmayaraq Üzeyir Novruzov tənqidlərlə də üzləşir. Xüsusilə də azərbaycanlıların tənqidləri ilə…
Bir çox azərbaycanlı sənin videolarını şərh bölməsində yazaraq səni tənqid edirlər, bildirirlər ki, sən azərbaycanlı olduğunu danırsan, azərbaycanlı olduğunu şouda heç zaman bildirmirsən. Bunu necə izah edərdin?
Düzgün fikirləşmirlər, çünki mən heç vaxt gizlətmirəm. Kökümü gizlədə bilmərəm. Mənim orada qohumum çoxdur, anamın özü orada yaşayır. Əlimdən gəldiyi qədər Azərbaycandan olduğumu deyirəm. Bəzi yerlərdə, hətta Cirque du Coleil-in özündə də istəmişəm ki, mənim adımdan orada Azərbaycan bayrağı asılsın. Ofisə gedib danışdım ki, 25 ölkənin bayrağı asılıb, mən də istəyirəm Azərbaycanın bayrağı asılsın. Dedilər ki, rəsmi olaraq haranın vətəndaşısansa ora da sayılır. Mənim də pasportum rəsmən Rusiya pasportudur. Amma fanatlarımla görüşəndə, mümkün qədər onlara Azərbaycandan olduğumu bildirirəm. Azərbaycan yavaş-yavaş özünü tanıdır. AGT-nin efirində də özləri necə istəyir elə kəsirlər, montajda mənim kontrolum yoxdur. O mənlik deyil.
Sən orada azərbaycanlı olduğunu bildirdiyini deyirsən.
Əlbəttə! 100 faiz! Çəkiliş üçün Las Veqasdakı evimizə də gəlmişdilər. Orada da xahiş etmişəm ki, o hissəsini kəsməyin. Ancaq Youtube-da baxa bilərsiniz ki, axırıncı şouda aşağıda Azərbaycanda anadan olduğumu yazıblar. Zatən görünür ki, mən rus deyiləm (gülür).

America’s Got Talent şousunda qalib olacağı təqdirdə Üzeyir Novruzov bir milyon dollar mükafat qazanacaq. Amerikalıların sevimlisinə çevrilmiş Üzeyir buna nə dərəcədə inanır?
\”Pul barədə axırıncı fikirləşirəm. Çünki orada sənət itir. Pul barədə düşünsən sənət olmur. Zatən udsam o elə deyil k milyonu gətirib mənim cibimə qoyacaqlar. Müqavilədə çoxlu nüanslar var. Bəlkə də kömək etdilər birlikdə şou düzəldə bilərik. Mən faizlərimi asta-asta götürə bilərəm. Ona görə də pul dalınca qaçmıram\”.

Qalib olsa da, olmasa da Üzeyir deyir ki, bu şouda iştirakı onun karyerasına çox güclü təsir göstərməkdədir. Artıq onu dünyanın bir çox ölkələrinə şou göstərməyə dəvət edirlər. Üzeyir isə hələlik növbəti mərhələnin hazırlıqlarına tələsir. (amerikaninsesi.org)

İnterpress.az