İnternetimiz niyə kəsilmişdi?backend

İnternetimiz niyə kəsilmişdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fərhad Mehdiyev. Politoloq:
“Bu gün artıq faks istifadə edən yoxdur”
“Bu əlbəttə monopoliyadır. Bu monopoliyanın göründüyü kimi ölkə iqtisadiyyatına böyük bir təhlükə daşıma potensialı var.
Müasir beynəlxalq ticarəti, ya da birjaları internetsiz düşünmək mümkün deyil. Hələ digər sahələrə toxunmuram, çünki bu ikisi əsasdır.
Bu gün artıq faks istifadə edən yoxdur.
Bizdə isə hər şey bir provayedrin talehindən aslıdır. Monopoliyalar ölkənin inkişafını dayandırır və ancaq konkret şəxsləri varlandırır”.

Elçin Bayramlı. Jurnalist:
“Zavodlar dayandı, fabriklər dayandı, qatarlar işləmədi, mağazalar işləmədi…”

“Bir daha əmin oldum ki, internet çox təhlükəli bir sistemdir. Həmişə bu fikirdə olmuşam. Ona görə də, hesab edirəm ki, məxfi dövlət məlumatlarını, idarəetmə sistemlərini heç bir vəchlə elektronlaşdırmaq, internetə bağlamaq olmaz. Strateji əhəmiyyətli bazaları internetə bağlı kompüterlərə köçürmək olmaz.
Əslində, internetin bir neçə saatlığa kəsilməsi elə də ciddi problem yaratmır. Yalnız jurnalistlərə elə gəlir ki, həyat elə internetdədir.
İnternet olmadı nə oldu ki? Zavodlar dayandı, fabriklər dayandı, qatarlar işləmədi, mağazalar işləmədi yoxsa məktəblərdə dərslər keçirilmədi? Heç bir problem yoxdur. Bu hadisə sadəcə onu göstərdi ki, texnologiyadan asılı vəziyyətə düşmək olmaz. Ənənəvi qaydada hər şeyi etmək olar. Qaldı ki, hadisənin mahiyyətinə, rəsmi aydınlıq gətirilmədən bu barədə qəti fikir söyləmək mümkün deyil, lakin mən bunun təxribat ola biləcəyini də istisna etmirəm.
Hər halda qısa müddətə qarşısı alındı və məlum oldu ki, dövlətimiz hər şeyi nəzarətdə saxlayır, problem olanda müdaxilə edib vəziyyəti tez qaydasına sala bilir.
Ölkəyə internetin ancaq bir provayder tərəfindən paylanmasına gəlincə, bunu dəstəkləyirəm. Əslində ölkəyə internet yalnız bir baş provayder tərəfindən verilməli və bu provayder mütləq birbaşa prezidentə tabe dövlət təşkilatı olmalıdır. Strateji əhəmiyyətli obyektlər mütləq dövlətin əlində olmalıdır. Monopoliya başqa sahələrdə olmamalıdır. Lakin elektrik sistemi, qaz, yanacaq, kommunikasiya, içməli su, dəmiryol nəqliyyatı kimi vacib sahələri özəlləşdirmək qətiyyən olmaz”.

Elnarə Kərimova. Jurnalist:
“Ölkədə internet təhlükəsizliyinin sıfıra bərabər olduğu göründü”
“Dünənki hadisə müxtəlif ehtimallar üzərində dayanmağa əsas verdi. İlk növbədə ölkədə internet təhlükəsizliyinin sıfır həddində olduğu göründü. İkincisi, bazarda ancaq bir provayderin olmasının, yəni monopoliyanın hansı vəziyyət yaratmasını əyani müşahidə etdik. Bunu mətbuat illərlədir ki söyləyir, ancaq nəzərə alan yoxdur. Yəni mütləqmi sürüşmə olduqdan sonra qanunsuz tikinti dayandırılmalıdır? Yaxud binada onlarla insan həlak olandan sonra penoplastlar sökülməlidir? Reaksiya üçün mütləqmi hansısa hadisə baş verməlidir? Təəssüf ki, Azərbaycanda bu artıq qaydadır, reaksiya bütün hallara hadisə baş verəndən sonra gəlir və ancaq kampaniya xarakteri daşıyır”.

Ruslan Xəlil. Jurnalist:
“Baş verənlər texniki məsələdən çox sabotaja oxşayırdı”
“Ölkənin internet məkanında baş verənlər texniki məsələdən çox sabotaja oxşayırdı. Nazirlərin istefaya göndərilməsi və bir neçə vəzifəli şəxsin həbsindən sonra respublikada internetin kəsilməsi çox düşündürücüdür. “Qəza”nın hökumətə təzyiq, təxribat məqsədilə törədilməsi versiyası daha ağlabatandır. İnternet verilişinin “Delta Telekom”dan asılı durumda olması da arzuolunan deyil. Dünən baş verənlər həmçinin monopoliyanın yaratdığı fəsadlar idi”.

Faiq Hüseynbəyli. Yazar:
“Xarici qüvvələr istənilən halda bizi kor qoya bilərlər”

“Mən təəssüf edirəm ki, bu cür iqtisadi göstəriciləri olan bir ölkədə internet yalnız bir provoyder tərəfindən tənzimlənir. Müasir dövrdə internet hər bir ölkənin dünyaya baxan gözüdür. Belə hallar bir daha təsdiq edir ki, təhlükəsizlik baxımından, xarici qüvvələr istənilən halda bizi kor qoya bilərlər. Qonşu dövlətlərdə hər bir sahədə onlarla sahibkar var. Sahibkar bolluğunda rəqabət də olur. Nəticədə isə, təklif olunan xidmətlərdən xalq yararlanır. Bizdə isə bu əksinədir. Görünür, ölkədə internetin bir provoyder tərəfindən tənzimlənməsinin özü bu sahəyə olan nəzarət üçün aidiyyatı olanlara daha əlverişlidi”.

Zülfüqar Xeyirxəbər. Jurnalist:
“Məncə bu manapoliya yox, ölkənin təhlükəsizliyinin zəmanətidir”

“Məncə, qeyri-adi heç bir şey baş verməyib. Belə problemlər dünyanın hər yerində ola bilər, olur da. Təhlükəsizlik baxımından heç bir problem görmürəm. Hesab edirəm ki, internet dövlətin nəzarətində olmalıdı.
Məncə bu manapoliya yox, ölkənin təhlükəsizliyinin zəmanətidir.
Amma belə vəziyyətlərə hazırlıqlı olmaq lazımdı. Bunun yollarını da mütəxəssislər daha yaxşı bilərlər. Əgər bu sahənin mütəxəssisi olsaydım, təklif də verərdim”.

İlham Şaban. İqtisadçı ekspert:
“Qonşu Ukrayna və Rusiyada isə 20 Mb-lik paketin qiyməti cəmi 20 dollardır”

“İnternetimiz də monopoliyadadır. Dünən ölkədə yaşanan internet problem də bunu sübut etdi. Əslində bu da onun real fəsadları idi ki, insanlar praktikada gördülər. Sadəcə internet futbol matçı kimi üzdə olan bir şey olduğundan daha qabarıq hiss edildi. Digər monopol strukturlarda isə bu ajiotajsız sezilir.
Ona görə də insanlar reallıqda fəsadlarını və masştabını o qədər də hiss etmirlər. Məsələn, hər gün istifadə etdikləri kartofu supermarketlərdən hazırda 95 qəpiyə, bazarlardan isə 80 qəpiyə alırlar, halbuki onu əkib-becərəndən heç yarı qiymətinə almırlar. İnternetə gəldikdə isə, bəlkə də 10 ildir ki, deyilir, yazılır ancaq Azərbaycanda qiymətlər ətraf ölkələrlə müqayisədə adekvat yenmir ki, yenmir.
Təsəvvür edin ki, Azərbaycanda hələ də orta istifadəçinin abunə olduğu paket 4 Mb/saniyədir ki, bunun da qiyməti 18-20 AZN-dır. Bundan aşağı qiymətə təklif edənlər isə sadəcə müştəriləri aldadırlar, faktiki heç zaman 2,5-3 Mb-dən artıq etmirlər. Qonşu Ukrayna və Rusiyada isə 20 Mb-lik paketin qiyməti cəmi 20 dollardır. Elə Gürcüstanda da internet xidməti dəfələrlə bizdən ucuzdur”.

Çingiz Sultansoy. Jurnalist:
“Təhlükəsizliyimiz kifayət qədər pis qorunur”

“Necə ola bilər ki, provayderin alternativ internet kanalı olmasın? Deməli, təhülkəsizliyimiz kifayət qədər pis qorunur.
Bəs ölkədə hər hansı fövqaladə vəziyyət olsa o zaman təhlükəsizliyimiz necə qorunacaq?
Bəs bu vaxt ermənilər hücüm etsəydi nə olacaqdı?
Bu dərəcədə məsuliyyətsizlik olarmı?
Ölkəyə internetin ancaq bir provayder tərəfindən paylanması 100% monopoliyadır. Bunun başqa adı yoxdu.
Bu monopoliyanın acı nəticələrini də gördük və hələ buna da şükür etməliyik ki, daha betəri ilə üzləşmədik”.

Aygün Muradxanlı. Jurnalist:
“Azərbaycan praktikası göstərir ki, ölkədə baş verənlər cəmiyyət üçün üzun müddət qapalı qalır və əsl gerçək çox dar çərçivələrə bəlli olur.”
“İnternet artıq dövlət və cəmiyyət həyatının ayrılmaz hissəsidir. Yəni “internet əsri” ifadəsinin arxasından ciddi gerçəklər dayanır. Ötən gün Azərbaycanda bir neçə saat internetin olmamasının yaratdığı panik durum göstərdi ki, artıq qlobal şəbəkəsiz həyatı təsəvvür belə etmək çətindir.
Ölkə təhlükəsizlik məsələləri ilə bağlı gərgin günlər yaşadığı üçün bunun sabotaj olduğu haqqında da versiyalar səsləndi. İnformasiya resurslarına, bank sisteminə müdaxilələr olacağından narahatlıqlar ifadə olundu. Bu versiyaların heç birini gözardı etmək olmaz. Azərbaycan praktikası göstərir ki, ölkədə baş verənlər cəmiyyət üçün üzun müddət qapalı qalır və əsl gerçək çox dar çərçivələrə bəlli olur. Ona görə də əslində nələr baş verdiyini bilmək imkanlarımız məhduddur. Ancaq bütün hallarda bunu sadəcə nasazlıq, texniki xəta kimi qiymətləndirmirəm. Güclü mühafizə olan sistemin birdən-birə çökməsi sıradan, təsadüfi məsələ ola bilməz. İnternetin bir provayder tərəfindən paylanmasına gəlincə, bunu monopoliyadan çox, informasiyanın eyni mərkəzdən idarə olunması kimi görürəm. İnformasiya, söz çox güclü silahdır və onun davamlı nəzarətdə olması hakimiyyət üçün son dərəcə önəmli məsələdir”.

Abuzər Azəroğlu
Interpress