Dərsliklərimizi məhv edənlər xaricə qaçıb-ARAŞDIRMAbackend

Dərsliklərimizi məhv edənlər xaricə qaçıb-ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1-ci sinifin \”Ana-dili” dərsliyinin Avstraliyanın Sidney şəhəri barədə məlumat salınır, 2-ci sinif şagirdlərinə \”İnformatika” dərsliyində \”alqoritm” mövzusu tədris olunur. 2-ci sinifin \”Riyaziyyat” dərsliyində isə paralapiped və müxtəlif həndəsi terminlər salınaraq məsələ şəklində tədrisi tövsiyə olunur. Eyni zamanda məktəbdə ayda və rübün sonunda həmin fənlər üzrə keçirilən kiçik summativ (qiymətləndirmə) və BSQ (böyük summativ qiymətləndirmə) üçün tərtib olunan testlərə sadaladığımız mövzulardan suallar, məsələ və misallar salınır. Üzündən oxumağı yenicə öyrənən, toplama, çıxma kimi riyazi əməlləri yenicə yerinə yetirən şagirdlərə isə ibtidai siniflərə salınan bütün mövzuları mənimsəmək tapşırılır. Tapşırıq vermək asandır, bəs görəsən, bütün bu proqramı yenicə məktəbə qədəmlərini qoyan, hərfləri yenicə tanış olan şagirdlər necə, yerinə yetirə bilirlərmi? Movqe.az bu oxucuların çoxsaylı müraciətlərini nəzərə alaraq bu mövzunu araşdırıb. Valideynlərin sosial şəbəkələrdə dərs yükü, dərsliklərə çətin, uşaqların yaşına görə qavrama qabiliyyəti ilə dabandabana zidd olan mövzuların salınması barədə şikayətli statusları buna yox cavabı verməyə əsas verir.
Valideynlər ibtidai sinifə salınan dərsləri nəinki uşaqların, elə özlərinin də qavramaqda çətinlik çəkdiyini söyləyirlər. İki övladı məktəbli olan Günel Qafarova deyir ki, 2-ci sinif şagirdi olan övladı Vaqifin dərs yükü ağır olduğundan, iki ildir ki, uşağı hazırlığa göndərir: \”Mənim anam da ali təhsil almayıb. Amma biz məktəbə gedəndə, 8-ci sinfə qədər dərslərimizi hazırlamağa anam yardım edirdi. İndi gedin, ali təhsil almış valideynlərdən soruşun görün, ana dilindən, riyaziyyatdan evə verilən tapşırıqları həll etməyi bacarırlar? Anası, atası savadlı olanlar da uşağı hazırlığa, müəllim yanına göndərir. Çünki, dərsdən əlavə qaydalar üzrə testlər etməlidirlər. Əlavə test kitabları işləməlidir uşaqlar. O test kitablarına salınan məsələləri isə valideyn edə bilmir. Ona görə də, azacıq imkanı olan da ayda 30 manat ödəyib, uşağı müəllim yanına göndərir ki, heç olmasa, ev tapşırıqlarını edə bilsin”.

Valideynlər aşağı siniflər üçün \”Ana dili” dərsliyinə iki-üç hissəli mətnlərin salınmasının, o mətinlərin nəql edilməsinin şagirdə tapşırılmasının, \”İnformatika”, \”Həyat bilgisi” dərsliklərinə texnogen qəza kimi şagirdin qavramasına zidd olan mövzuların salınmasından narazılıq edirlər. Elə təhsil üzrə uzun illərin təcrübəsi olan şəxslər də, kurikilum məzmununda hazırlanan dərsliklərin, xüsusilə ibtidai sinif dərsliklərində ciddi nöqsanların olduğunu, şagirdlərin yaşlarına görə qavraması imkansız olan mövzuların salınmasının yolverilməz olduğunu bildirirlər.

Təhsil üzrə ekspert Əjdər Ağayev bəzi dərsliklərinin yenidən işlənərək çap olunmasının vacib olduğunu deyir. Onun sözlərinə görə, bü gün ibtidai sinif dərslikləri arasında ən qüsurlusu, yenidən çap olunması vacib olan riyaziyyat dərslikləridir: \”Məsələn, 2-ci sinfin \”Riyaziyyat” dərsliyi qüsurludur. Bu dərsliyə elə mövzular, misal və məsələlər salınıb ki, o yaşda uşaq həmin tapşırıqları nə fiziki, nə zehni baxımdan cavablandıra bilər. Çünki, dərsliyi yazan şəxs ömründə bircə dəfə ibtidai sinif şagirdinə dərs keçməyib. O yaşda uşağın psixi durumundan, təsəvvüründən xəbərsizdir. Ona görə də, bizim dərsliklər bu kökdə, bu gündədir”.
Ə. Ağayev dərsliklərimizdə bu cür ciddi qüsurların olmasının səbəbini də açıqladı: \”Dərsliklərimizdəki problem, indiyədək dərslik nəşri ilə bağlı qaydalardan qaynaqlanırdı. Dərsliklərin çapı üçün müsabiqə keçirilirdi. Bu zaman Təhsil Nazirliyi dərsliyin sahibi ola bilmirdi. Dərslik çapında hansı nəşriyyat Dövlət Satınalmalar Agentliyinin keçirdiyi tenderdə qalib olurdusa, o da dərsliyin müəllifini özü müəyyənləşdirib nəşr edirdi”.

Həmsöhbətimizin sözlərinə görə, Təhsil Nazirliyi də artıq problemdən xəbərdar olduğundan, ən azından yeni çap olunacaq dərsliklərdə qüsurların olmaması üçün həmin dərslikləri çapdan öncə ictimai müzakirəyə çıxarır: \”Bu gün nazirlik çapa hazırlanan 9-cu sinif dərsliyini sayta yerləşdirərək müzakirəyə çıxardıb. O dərsliyə yazılan rəy və təkliflər, tənqidlər mütləq dərsliyin nəşri zamanı nəzərə alınacaq. Əslində, elə dərslik belə çap olunmalıdır. Hansısa qurum tender keçirdib, nəşriyyat da qalib gələrək kitab nəşr edirsə, bu düzgün deyil. Dərsliyin hazırlanması üçün əvvəlcə müsabiqə keçirilməlidir. Bu müsabiqədən bir, yaxud iki müəllifin hazırladığı dərslik seçilərək ictimai müzakirəyə çıxarılmalıdır. Bu müzakirədən sonra bir müəllifin dərsliyi seçilməlidir. Həmin dərslik yenidən müzakirə edilərək, rəy, təkliflər nəzərə alınaraq çapına rəy verilməlidir. Nəşriyyat dərsliyə müəllif müəyyən edə bilməz. Dərsliyin müəllifi ictimai müzakirəyə çıxarılaraq müəyyən olunmalı, ondan sonra o dərsliyin yalnız çapı üçün müsabiqə yolu ilə nəşriyyat seçilməlidir.
Dərsliyin sahibi nazirlik olmalıdır, nəşriyyat yox! Artıq nazirlik bu istiqamətdə tənqidlərdən nəticə çıxardaraq əməli işə başlayıb. Ən azından bundan sonra hazırlanan dərsliklər bu vəziyyətdə olmayacaq. Artıq qüsurlarla çap olunan dərsliklər isə ən azı dörd il istidadə olunmalıdır. Bu dövrdə isə tədris metodikaları hazırlanmalıdır. Çox təəssüf ki, tədris metodikaları yoxdur bu gün”.
Ə. Ağayev ibtidai sinifdə xarici dil tədris olunmasının da pedoqoji baxımdan düzgün olmadığı fikrindədir: \”Məşhur pedoqoq Uşinski də deyirdi ki, şagird ibtidai sinifdə öz ana dilində sözlərin mənasını öyrənməlidir”. Həmsöhbətimiz deyir ki, 1-ci sinif ana dili dərsliyində xarici olkələrin qəliz səslənən adlarından istifadə etmək də yolverilməzdir: \”1-ci sinif şagirdi coğrafiya fənnini keçməyib. Ona ancaq öz ölkəsini tanıtmaq, yaşadığı Vətəninin bölgələri barədə məlumat vermək lazımdır. Uşağa ibtidai sinifdən dünyada Avstraliya adlı ölkənin Sidney adlı bir şəhərinin olmasını bilməyə məcbur etmək doğru deyil. Çox təəssüf ki, dərsliklərimiz bu cür nöqsanlarla doludur”.

Təhsil Nazirliyinin Dərslik Şurasının sədri Elmina Kazımzadə isə dərsliklərdəki nöqsanlara cavab vermək imkanı olmadığını, ölkə xaricində olduğunu bildirdi. Ən çox tənqid olunan 2-ci sinif \”Riyaziyyat” dərsliyinin müəllifi Nayma Qəhrəmanova da xaricdə səfərdə olduğundan ittihamlara gəldikdən sonra cavab verəcəyini söylədi.
(mövqe.az)