Əliyev-Putin-Ruhani razılaşması İrəvanda təşviş yaratdı – FOTOLARbackend

Əliyev-Putin-Ruhani razılaşması İrəvanda təşviş yaratdı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hakimiyyət dairələri bu haqda sussalar da Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan tert.am portalına müsahibəsində Şimal-Cənub dəhlizinə dair Azərbaycanla İran arasında əldə edilmiş razılaşmanın Ermənistanı tam təcrid edəcəyini deyib.

Xəbər verildiyi kimi Azərbaycan prezidenti İrandan qayıdandan sonra Rusiya prezidenti Vladimir Putinlə iki gün dalbadal telefon danışıqları aparıb. Bunun ardınca İran prezidenti Həsən Ruhaniyə zəng vurub. Rəsmi Tehranın bu telefon danışıqlarına dair yaydığı açıqlamada deyilirdi ki, tərəflər iki ölkə arasında iqtisadi-ticarət və tranzit sahəsində əldə olunmuş razılaşmaları müzakirə ediblər. Habelə Azərbaycan, İran və Rusiyanın iştirakı ilə üçtərəfli ticarət və tranzit əməkdaşlığı, Şimal-Cənub dəmir yol dəhlizinin sürətləndirilməsi müzakirə olunub.

Şimal-Cənub dəhlizi layihəsini həyata keçirmək üçün Azərbaycan, Rusiya və İran dəmir yolları operatorları 2009-cu ildən konsorsium yaradıb. İran tərəfi Astara-Rəşt-Qəzvin dəmir yolunu tikib başa çatdırsa bu dəhlizi işə salmaq mümkün olacaq. Nəticədə İrandan Rusiyaya, oradan isə Avropaya Azərbaycan üzərindən ildə 7 milyon ton yük, 1.4 milyona yaxın sərnişin daşımaq mümkün olacaq.

Məlum olduğu kimi Ermənistan da öz dəmir yollarını İranla birləşdirməyə can atır və bununla nəqliyyat blokadasından çıxmağa çalışır. Lakin bu planı həyata keçirmək üçün milyardlarla dollar investisiya lazımdır, üstəlik Şimal-Cənub dəhlizi iqtisadi baxımdan daha rentabelli olduğundan İran-Ermənistan dəmir yoluna bu investisiyanı yatırmaq sərfəli deyil. Keçmiş baş nazir isə deyir ki, Ermənistan pul tapıb bu layihəni həyata keçirməsə vəziyyəti yaxşı olmayacaq. Onun müsahibəsini bəzi ixtisarlarla təqdim edirik:

Əliyev-Putin-Ruhani razılaşması İrəvanda təşviş yaratdı - FOTOLAR

-İran tərəfi rəsmən deyir ki, Ermənistan üzərindən Gürcüstana qaz ixracına çalışır. Ancaq danışıqlar daha çox Azərbaycanla aparılır. Habelə ilin sonuna qədər İran dəmir yollarını Azərbaycanla birləşdirmək üçün razılıq əldə olunub. Sizə elə gəlmirmi ki, İran Ermənistana gəldikdə məsələləri yubadır, heç olmasa qaz tranziti barədə razılaşmanı tezləşdirmir?

-Bu o deməkdir ki, Azərbaycan münasibdir. Baxın, bizim İranla qaz kəmərimiz var. Yeri gəlmişkən həmin kəmərə dair sənədi mən imzalamışam, orada diametri 1400 mm olan borudan söhbət gedirdi. Ancaq diametri dəyişdilər və 800 mm etdilər. Nəinki dəyişdilər, üstəlik kəməri Rusiyanın nəzarətinə verdilər. Pis deyil ki, Rusiyaya verdilər, ancaq biz İranla danışıqlar apara bilmirik, çünki bu bizim kəmər deyil, balansımızda oturmayıb. Bizim qaz kəmərimiz yoxdur ki, danışıqlar da aparaq.

Mən demirəm ki, “Qazprom” hökmən İran qazının Ermənistan üzərindən Gürcüstana nəqlinə qarşı çıxacaq. Lakin biz hüquqdan məhrumuq. Cəmi üç il əvvəl veriblər, ancaq hələ də ortada sənəd yoxdur ki, Ermənistanın bu kəmər üzərində qərar vermək hüququ var. Biz buradan Gürcüstana qaz ötürə bilmərik, çünki “Qazprom”un Gürcüstanda öz maraqları var.

-Bəs Azərbaycanla əldə edilmiş dəmir yol müqaviləsi? Bu yolun açılması Ermənistana hansı təhdid yaradır, alternativ varmı?

-Biz təcrid olunacağıq, vəssalam. Əgər hakimiyyəti dəyişə bilsək başqa cür, daha ağıllı hərəkət edə bilərik, dəyişə bilməsək pis olacaq.

-Belə fikirlər səslənir ki, Naxçıvan dəmir yolunun istismarını yenidən qaldırmaq lazımdır? Bunu mümkün hesab edirsiniz?

-Naxçıvan dəmir yolu Mehri rayonu ərazisində dağıdılıb, ancaq tunellər qalır. Bəli, bu asandır, ancaq biz cəhd eləmişik, alınmır. Azərbaycan imkan vermir. Biz Zəngəzurdan keçərək İran dəmir yollarına birləşən yoldan danışırıq, hansı ki, Azərbaycan ərazisindən keçmir.

Əliyev-Putin-Ruhani razılaşması İrəvanda təşviş yaratdı - FOTOLAR

-Ancaq hesablamalar aparılır, bir çoxları hesab edir ki, bu fantastikdir. Çünki mütəxəssislər hesablayır ki, kifayət qədər uzunluqda tunellər dağıdılmalıdır, ilkin hesablamalara görə buna 3.5 milyard dollar və 7 il vaxt tələb olunur. İran isə bu qədər gözləyən deyil. Naxçıvan məsələsinə gəldikdə isə deyirlər ki, dünya ictimaiyyətindən kömək istəmək lazımdır. Çünki Ermənistan-Naxçıvan-İran dəmir yolu açılmasa Ermənistan birdəfəlik təcrid olunacaq…

-Hesab edirəm ki, bunların biri digərinə mane olmur. Cəhd eləmək lazımdır. Əgər yeni yol tikilsə o da baha başa gələcək…

-Bəs pulu kim verəcək?

-Ermənistan, bütün dünya erməniləri. Çünki vəziyyətin ciddiliyini dərk etmək lazımdır. Belə layihə üçün milyardlarla dollar qəpik-quruşdur.

İnterpress.az