YAP-çı deputat: “İşi bilənlərə tapşırmırıq”backend

YAP-çı deputat: “İşi bilənlərə tapşırmırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hamının yaxşı bildiyi və gördüyü bir həqiqət var ki, bu hakimiyyət uzun illər ərzində heç bir sahəni inkişaf etdirməyib. Yarıtmaz idarəçilik, yarıtmaz kadrlar ölkəni iflic vəziyyətə salıb. Bu qədər zəngin ölkə kasıb ölkələrdən asılı vəziyyətdə qalıb. Faktiki olaraq ən elementar ehtiyacları ödəməkdən məhrumuq. Hakimiyyət yalnız neftə güvənib və ölkədəki istehsal neft çıxarmaqdan ibarət olub.

Ona görə də qeyri-neft sektoru yoxdur. Biz uzun illər bu problemləri dilə gətirsək də, çatışmazlıqların üzərinə getsək də, hökumətin cavabı adekvat olmayıb. Həmişə bizi qərəzdə, inkişafa paxıllıq etməkdə günahlandırıblar. Amma zaman ötdükcə hökumət özü də etiraflar etməyə başlayır. Bugünlərdə məhşur YAP-çı, deputat Şahlar Əsgərov də etiraf edib ki, iş bilənlərə tapşırılmır, iqtisadiyyatımız elmə əsaslanmır: “Əgər biz təyyarə düzəltməyi bacarmırıqsa, radio-texnika avadanlıqlarını, telefon aparatlarını hazırlaya bilmiriksə, eybi yox, bunları hansısa xarici ölkədən ala bilərik. Amma Azərbaycan üçün kartofu, taxılı, üzümü, meyvəni xaricdən almaq qəbuledilməzdir. Özümüz istehsal etməliyik. Edə bilmirik, çünki işi bilənlərə tapşırmırıq. Şəhər və kəndlərdə təyinatlara fikir vermirik. Kənd təsərrüfatının inkişaf yollarını bilmirik. Bizim torpaqlarımız həmişə bərəkətli, məhsuldar olub. Əgər vaxtında əkib-becərsək, istədiyimiz məhsulu götürərik”- deyə Şahlar Əsgərov bildirib.

Bəli, bu fikirləri müxalifət lideri söyləmir, hökumətin təmsilçisi etiraf edir.

Kadrların biliyə görə deyil, hökumətə xidmətə görə seçildiyi, iqtisadi siyasətin bazar təfəkkürüylə yürüdüldüyü, hətta kartof istehsalında belə uğur qazanmadığımız etiraf olunur. Vəziyyət o qədər pisdir ki, hansısa yüksək texnologiyaların istehsalını deyil, kartof-soğan istehsalını arzu edirik.

Doğrudan da ölkənin son 23 ili oğurlanıb. Allahın bizə bəxş etdiyi şansdan istifadə edilməyib. Bir qrup insan yalnız varlanamq eşqiylə yaşayıb. Ərazisi, əhalisi, sərvətləri Azərbaycandan dəfələrlə az olan ölkələr sürətli inkişaf ediblər, dünya bazarına çıxıblar, şaxələnmiş iqtisadiyyat yaradıblar. Biz isə yüz milyardlarla neft pulunu havaya sovurmuşuq. Nəticədə millət bankların girovluğunda qalıb, xarici borcumuz 25 milyardı keçib, idxaldan asılı vəziyyətə düşmüşük. Yəqin ki, dünya tarixi bu qədər bacarıqsız və acgöz hökumətə şahidlik etməyib.

Hökumət komandasını nəzərdən keçirəndə bir daha aydın olur ki, Azərbaycanın bu vəziyyətə düşməsi təbiidir.

Bunlar üçün “kənd təsərrüfatı” anlayışı yoxdur, ölkəni şəxsi təsərrüfata çevirmək anlayışı mövcuddur.

İnterpress.az