Deputat Fəzail İbrahimli: “Sizin qapılarınız bizim üzümüzə açıq olmalıdır”backend

Deputat Fəzail İbrahimli: “Sizin qapılarınız bizim üzümüzə açıq olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, deputat Rəşad Mahmudov çıxışı zamanı səhiyyənin inkişafı, həmçinin icbari tibbi sığortanın tətbiq olunması ilə bağlı konkret təkliflər verib.
Deputat Elmira Axundova deyib ki, ünvanlı sosial yardım əhalini ələbaxımlılığa öyrədib: “Bu, sosial institut kimi özünü o qədər də doğrultmadı. İnsanlarımızın işlə təmin olunması üçün pilot layihələr həyata keçirməlidir”.

Deputat Musa Quliyev isə Azərbaycanın özünü kənd təsərrüfatı məhsulları ilə təmin etdiyini, hətta ixracatı da artırdığını bildirib. Deputat təklif edib ki, kənd təsərrüfatı məhsullarının dövriyyə prosesinə də güzəştlər edilməlidir. O deyib ki, Bakı-Gəncə təyyarə reysini nizama salmaq lazımdır: “Bu təyyarə ya həftədə dörd dəfə olur, ya iki dəfə. Gəncə ölkənin ikinci şəhəridir, hər gün ordan Bakıya və ya əksinə adamlar gəlib-gedir”. M.Quliyev təklif etdi ki, nazirlərin bölgələrə səfərləri zamanı deputatların da iştirakı təmin olunsun: “Bu, həm də parlament-hökumət münasibətləri baxımından faydalıdır. Həm də sonra seçicilər hansısa problemlərlə bağlı bizə müraciət edirlər”.

Deputat Fəzail İbrahimli çıxışı zamanı öncə hökumətin ötənilki fəaliyyəti ilə bağlı müsbət fikirlər söyləyib. Deputat deyib ki, qos-qoca Avropa 1 milyonluq qaçqının əlində yesir qalıb. Amma Azərbaycan hökuməti 1 milyondan çox qaçqının öhdəsindən gəlib: “Bu hökumət 90-cı illərin əvvəllərində tozun-torpağın içərisində olan Azərbaycanı bu gün dünyaya yeni bir libasda təqdim edir”.

Ardınca isə F.İbrahimli hökumət üzvlərini sərt tənqid edib: “Sizin qaçılarınız bizim üzümüzə açıq olmalıdır, çünki sizin yanınızda olan vətəndaşlar sonra bizim qəbulumuza gəlirlər. Deputatlar sonuncu şikayətçini qəbul edəndən sonra buranı tərk edir. Sizin də qapılarınız bizim üzümüzə açıq olmalıdır. Burada vəziyyət fərqlidir, qapılar var ki, taybatay açılır, qapılar da var üstündə yazılır ki, buraya quş gəlsə, qanad salar. Bu gün kim deyə bilər ki, Artur Rasizadənin qəbuluna düşmək çətindir? Çünki Artur Rasizadə Azərbaycanda məmur əxlaqı məktəbinin bariz nümunəsidir. Kim deyə bilər daxili işlər naziri ilə hansısa problemi həll etmək çətindir? Kimsə deyə bilər ki, iki nəfərin adını çəkdi, yarınır, ya hansısa məqsədi, bəlkə şirkəti var, ya gömrükdən mal keçirtmək istəyir. Mənim bir diplomum var, zəhmətimlə qazanmışam, bir də mandatım, seçicilərim var. Ancaq dediklərimin əksi də var. Kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbuluna düşmək, onunla hansısa problemləri həll etmək mümkündür? Kim desə, getsin “Ginnesin rekordlar kitabı”na adını yazdırsın. Bəzən bizim durumumuz “Əsli və Kərəm”dəki Kərəmin durumuna bənzəyir. Kərəm bir göyəm kolunun yanında dayanır, deyir:

“Başına döndüyüm göyəm kolları,
Siz bilərsiniz əsli keçən yolları…”

Bu gün bir yol var: dövlət başçısının “Azərbaycanda toxunulmaz adam yoxdur”, “məmur təvazökar olmalıdır”, “məmur xalqın xidmətçisi olmalıdır” tapşırığına əməl olunmalıdır. Ortada yeyib, qıraqda gəzənlərin qarçşısında dayanmaq lazımdır”. (musavat)