Adı kimi azad –bəstəkar Azad Zahidbackend

Adı kimi azad –bəstəkar Azad Zahid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, Qara Qarayev yetirmələri Azərbaycan musiqi sənətində silinməz izlər qoyublar.
Arif Məlikovun, Vasif Adıgözəlovun, İsmayıl Hacıbəyovun, Tofiq Bakıxanovun, Firəngiz Əlizadənin, Elnarə Dadaşovanın, Sevda İbrahimovanın, Xəyyam Mirzəzadənin, Oqtay Zülfüqarovun, Polad Bülbüloğlunun və digər ünlü bəstəkarların uğurlarını eşitdikdə gözümüz önündə dərhal Qara Qarayev canlanır. Çünki, məhz, Qara Qarayev məktəbi sayəsində böyük sənətkarın yetişdirmələri şöhrət məqamına çatıblar.

Bu gün söhbət açacağım bəstəkar da, Qara Qarayev məktəbinin davamçısı, o məktəbin yetirməsi – Azad Zahiddir. Azad Zahidlə tanışlığımız 1996 –cı ilə təsadüf edir. 20 il öncə, Azərbaycan Radiosuna qonaq gəlmişdim. Uşaq redaksiyası mənim haqqımda bir veriliş hazırlayırdı. Səsimi eşidən kimi Azad müəllim bir peşəkar bəstəkar kimi öz fikirlərini bildirdi, mənim repertuarımla maraqlandı. İllər ötdü, onunla yaxından tanış olduq və 1999-cu ildə o, müəlimim, xalq artisti, professor Mobil Əhmədov haqqında Azərbaycan Radiosunda veriliş hazırladı. Veriliş çox səmimi və özünəməxsus alındı. Bu proqramda böyük səmimiyyət var idi. Onun aparıcısı olduğu bu verilişi səciyyələndirən önəmli cəhət peşəkar yanaşma ilə səmimiyyətin vəhdəti idi. Bir musiqiçi kimi o, bütün nüansları görür və hiss edirdi.

Onu da qeyd edim ki, Azad Zahid bəstəkarlıqla yanaşı 35 ildən çoxdur ki, Azərbaycan Radiosunda çalışır. Burada bir-birindən maraqlı verilişlər hazırlayıb, mərhum əbədiyaşar sənətkarların yaradıcılıq portretlərini dinləyicilərinə təqdim edib. İllər ötdü. Mən 2000-ci ildə Azərbaycan Radiosuna işə düzəldim, Cahangir Cahangirov adına xorda çalışmağa başladım. O zaman xora mərhum bəstəkar Ramiz Mustafayev rəhbərlik edirdi.
Azad müəllimlə dostluğumuz daha da möhkəmləndi. Artıq bir müddət sonra Azad müəllimlə bizim yaradıcılıq əlaqəmiz başladı. Bu Azərbaycan Radiosuna həsr olunmuş mahnı oldu. Mahnı tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandı. Onu da qeyd edim ki, mahnının sözləri həmkarımız Qorxmaz Şıxəlioğluna məxsusdur. Azad Zahid müasirliklə klassik ənənəni sintez edə bilən bir bəstəkardır. Azad Zahidin yaradıcılığını iri həcmli 2 simfonik əsər, fortepiano üçün konsert, simli kvartet üçün konsert, eyni zamanda, vokal əsərləri zənginləşdirir.

Adı kimi azad –bəstəkar Azad Zahid

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Səsyazma Evinə yenicə direktor təyin olunmuşdum. Polkovnik, əməkdar incəsənət xadimi Abdulla Qurbanini “Xocalı yol gözləyir” librettosu məni valeh etdi. Həmin əsərə musiqi yazmağı Azad müəllimə həvalə etdik. Azad Zahid bu televiziya film-operasının öhdəsindən uğurla gəldi. Abdulla Qurbani-Azad Zahid tandemi ortaya mükəmməl bir sənət əsəri çıxardı. Sonra Azad müəllim cənab Prezident İlham Əliyevin 50 illik yubileyinə həsr olunmuş “İlhamlı günləri Azərbaycanın” mahnısını yazdı. Bu mahnının da sözləri Abdulla Qurbaniyə məxsus idi. Mən deyərdim ki, döğrudan da Azərbaycanımızın qüdrəti bu mahnıda öz əksini tapıb. Mahnını mən ifa etdim. Mahnı bu gün də tamaşaçılar tərəfindən yüksək səviyyədə dəyərləndirilir, qiymətləndirilir.

Azad Zahidin daha bir xüsusiyyətini kəşf etdim. O, hər zaman dövlətinə sədaqətlə xidmət edən musiqiçidir. Bəstəkarlıqla yanaşı sənətkarın radioda xidmətləri danılmazdır, həm də sadiq bir dostdur. Azad müəllim, gecə saat ikidə, üçdə də zəng edib sənə mahnı təklif edə bilər. Bu yaradıcılıq şövqünün təzahürüdür. Həqiqətən, yaradıcı insan sərbəst olmalıdir. Azad müəllim azad insandır. Adı qədər azad!

Zaman ötdükcə Azad müəllimlə əməkdaşlığımız daha da genişləndi.
20 yanvar hadisələri hər zaman məni hər bir azərbaycanlı kimi, kədərləndirirdi. Bu, bizim ən yaralı yerlərimizdən biridir. 20 yanvar kompozisiyasını yeni kompozisiya ilə ekranlaşdırmaq arzusu çoxdan məni narahat edirdi. Bu, ideyanı Televiziya rəhbərliyi də dəstəklədi. Librettosu A.Qurbaniyə məxsus olan “Şəhidlik zirvəsi” kompozisiyaya musiqinin yazılmasını bəstəkar Azad Zahiddən xahiş etdim. Azad Zahidin yüksək peşəkarlığı orkestrin müşayiəti ilə yeni bir dramaturji əsərin yaranmasına zəvac verdi.

Daha sonralar Azad müəllimlə gənclərlə bağlı böyük layihələr gerçəkləşdirdik.
Gənclərlə bağlı müxtəlif mahnılar yazdıq. Habelə, onun Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə yazdığı “Həmrəylik himni” mahnısını Azərbaycan vokalçıları uğurla ifa etdi.

Azad Zahidin hərbi yaradıcılığında vətənpərvərlik mahnıları da böyük yer tutur. O, Müdafiə Nazirliyi tərəfindən müxtəlif Fəxri fərmanlara, həmçinin, “Əfqanıstan 25” medalına və bu yaxınlarda “Veterenların həmrəyliyi” medalına layiq görülmüşdür.

Hal – hazırda Azad müəllim yeni bəstəkar mahnıları üzərində çalışır, onun əsərləri mütəmadi olaraq Bəstəkarlar İttifaqında səsləndirilir. Bu günki gənc nəsil Azad Zahid yaradıcılığı ilə yaxından tanış olur. Çünki Azad müəllim böyük bir məktəb keçmiş bəstəkardır. Onun anası mərhum Quluzadə Şəfiqə (Zahid) pianoçu olub. Azərbaycan musiqisinə böyük töhvələr verib. Azadın ailəsi hər zaman musiqinin cazibə qüvvəsində yaşayıb.

Azad Zahid qəlbindəki ülvi duyğuları, hisslərini səsə, lada çevirib insanlara xoş ovqat bəxş edir. Rahatlığını, mənəvi ruhi, toxtaqlığı notlarda tapır. Azad müəllimə bu saf niyyəti, müqəddəs amallı işində, məhsuldar yaradıcılığında uğurlar diləyirəm. Tezliklə, onun imzasının qarşısında layiq olduğu fəxri adları görmək arzusu ilə,

Hörmətlə, əməkdar artist Ramil Qasımov
İnterpress.az