Sabir Rüstəmxanlı: “Dinimiz milli kimliyimizi unutdurub”backend

Sabir Rüstəmxanlı: “Dinimiz milli kimliyimizi unutdurub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın bir çox ölkələrində Azərbaycan diasporu fəaliyyət göstərir. Buna baxmayaraq, dünyada yaşayan azərbaycanlıların ölkəmizi layiqincə təmsil etmədikləri barədə fikirlər səslənir.

Xüsuilə, işğalçı Ermənistanın dünyada lobbiçilik fəaliyyətini geniş şəkildə qurması,eləcə də, daha fəal olması onu deməyə əsas verir ki, ermənilər dünyada ölkələrinin tanıdılması baxımından bizlərdən fəaldır.

Bəs tarixi kökə malik olan azərbaycanlılar niyə dünyada diaspor fəaliyyəti qura bilmir?!

Niyə görə İranda, Türkiyədə yaşayan azərbaycanlıların məktəbləri yoxdur?!

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, keçmiş deputat Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında məsələni şərh edib. Sabir Rüstəmxanlı deyib ki, ermənilərin dünyada tanınması məsələsində bir neçə məqam var.

“Ona görə güclüdürlər ki, Azərbaycan diasporundan fərqli olaraq ermənilər 500-600 il əvvəldən Avropada, ərəb ölkələrində yaşayıblar. Orada vətəndaşlıqları var. Əlaqələri daha çoxdur. Say etibarı ilə bəlkə də bizim sayımız onlardan çoxdu. Amma onlar həmin ərazilərdə kök atdıqlarına, məktəblərinin, cəmiyyətlərinin olmasına görə bizdən güclüdür. Onlar istedad, intellekt, bacarıq baxımından bizdən qat-qat aşağıdırlar”.

DAK sədri İranda, eləcə də qardaş Türkiyədə yaşayan azərbaycanlıların məktəblərinin olmamasına toxunaraq bildirib ki, bu cür məsələlərdə diaspordan yox, milli özünüdərkdən söhbət gedir.

“Əslində, diasporu bir kənara qoymaq lazımdır. Diaspor nəyə lazımdır?! Güney Azərbaycanda 35 milyon azərbaycanlı var. Oranın yerli əhalisidirlər. Hətta bu gün İranı həmin o 35 milyon idarə edir. Bir çox sahələr onların əlindədir. Amma gəlin baxaq görək, öz milli maraqlarını nə şəkildə qoruya bilirlər?! 150-200 min erməni milli maraqlarını onlardan artıq qoruyur. Məktəbləri, qəzetləri hər cür imkanları var. Və yaxud da Türkiyədə 3 milyona yaxın azəri türkü, bir neçə yüz min də erməni var. Amma həmin ermənilərin qəzetləri, məktəbləri, cəmiyyətləri var. Düzdür, deyirik ki, biz türkük. Özümüzü onlardan ayırmırıq. Amma Azərbaycanın marağını orada müdafiə edə bilmirik. Düzdür, diasporun da üzərinə iş düşür. Amma bu cür məsələlərdə diaspordan yox, milli tərbiyədən, milli şüurdan, milli özünüdərkdən söhbət gedir. Bizim dinimiz milli kimliyimizi unutdurub. Hamımız müsəlmanıq, hamı qardaşdır. Ona görə də Azərbaycan- türk kimliyi haqqında yox, daha çox müsəlman kimliyi, insani dəyərlər haqqında düşünüblər. Bəlkə insanlığın qurtuluşu üçün bu yaxşı haldır. Fərqlilik olmur. Amma təəssüf ki, bu gün elə deyil. Fərqlər, ayrıseçkilik qalır. Özünə sayqı göstərməyən millətə başqaları da sayqı göstərmir”.

Sabir Rüstəmxanlı qeyd edib ki, çox vaxt lobbiçiliklə və diasporu eyniləşdirirlər. Həmçinin, o qeyd edib ki, erməni diasporundan danışmağa dəyməz.

“Bunlar ayrı-ayrı şeylərdir. Lobbi bütün Avropada, Amerikada öz mövqeyini müdafiə edən adamlar, tərəfdaş toplamaqla daha çox maliyyə məsələləri, bir az da tarixi ənənələr, tarixi tanışlıqlar, dini faktorlar rol oynayır. Bölgədə hansı ölkənin maraqları varsa ona uyğun olaraq da lobbiçilik edirlər. O ki qaldı erməni diasprouna, onu deyə bilərəm ki, əslində onlar diaspor deyil. Diaspor vətəndən kənarda yaşayanlardır. Erməni diasporları isə harada yaşayırlarsa, ora da onların vətəni olur. Dünyaya səpələnmiş ermənilər diaspor deyil. Diaspor vətəndən kənarda yaşayanlardır. Erməni diasporu harda yaşayırlarsa, ora da onların vətəni hesab edilir. Ermənilər üçün diaspor bugünkü Ermənistandır. Ermənistan onlar üçün sonradan vətən olub. Rusiya onlar üçün dövlət yaradıb. Bu gün süni şəkildə Azərbaycan torpağında yaranmış Ermənistan dövləti var”.

İnterpress.az