Mirzə Fətəli Axundov mason olubbackend

Mirzə Fətəli Axundov mason olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərəncamı rəhbər tutaraq atılan addımlardan biri də Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Axundov haqqında kitabın ərsəyə gətirilməsi oldu. \”Axunzadə şəxsiyyəti\” adlı kitabın müəllifi tanınmış tənqidçi Nərgiz Cabbarlıdır.

Kitab Axundov şəxsiyyəti ilə bağlı həddindən artıq dəyərli mənbədir.

Moderator.az kitabdan maraqlı bir hissəni oxuculara təqdim edir.

Bu hissədə Nərgiz Cabbarlı Axundovun mason olması barədə iddialara aydınlıq gətirməyə çalışıb.

\”…Axundzadənin həyatının bu dövrü haqda, insanlara təsir etmək üçün pyes yazmaq qərarına gələnə qədər qət etdiyi yol və əl atdığı vasitələr haqda söz düşərkən qeyd edilən bir məsələ də maraq doğurur. Deyilənlərə görə, bu istək pyes yazmaq istəyindən əvvəl yaranmışdı. Mikayıl Rəfili öz kitabında yazır: \”Xalqı mübarizəyə qaldırmazdan əvvəl məqsədi aydınlaşdırmaq lazımdır, qüvvəyə malik olmaq, ətrafına həmfikirlərini yığmaq lazımdır. Bu böyük işdə təhsilli azərbaycanlılardan kim ona kömək edə bilərdi? Bakıxanov? İndi o ideya böhranındadır, Məkkəyə getməyə hazırlaşır. Bəlkə, Qutqaşınlıya müraciət etsin? O, Varşavada çox yaşamışdı, rus və fransız dillərində gözəl danışırdı, 1835-ci ildə fransız dilində Şərq novellasını nəşr etdirmişdi… Zabitdir, əsilzadədir, Coğrafiya cəmiyyətinin üzvüdür, ictimai işlərlə maraqlanır… Xasay xan Usmiyevlə danışmaq da pis olmazdı…. Yüksək mədəniyyətli adamdır, o da zabitdir, rusların arasında hörməti var… Öz gizli fikirlərini etibar edə biləcək başqa adam yoxdu. Axundov mason cəmiyyəti təşkil etməyi qərara aldı. O, dostları ilə görüşəcək, onlarla mühüm məsələləri müzakirə edəcək, xalq işlərinin həllinə çalışacaqdı\”.

İdeya maraqlıdır. Amma Axundzadənin dövlət məmuru ola-ola belə bir fikrə düşməsi şübhə doğurur. Yaddan çıxarmayaq. Bizim qarşımızda az qala \”suyu belə üfürə-üfürə içən\” tutduğu mövqeyə çox dəyər verən və onunla qətiyyən vidalaşmaq istəməyən, əksinə, daha yüksəklərə qalxmağa çalışan bir Xarakter dayanır. O xarakter sakitcə oturub vəzifəsinin, mövqeyinin, rütbəsinin artırılmasını gözləmir. Məqam düşdükcə bu məqsədlə müəyyən ünvanlara xahiş məktubları yazır, maaşının artırılmasını tələb edir. Hətta yaratdığı əsərlərə görə nəinki zamanında, özündən sonra belə (məsələn əlifba layihələri, \”Kəmalüddövlə məktubları\” ilə bağlı faktları xatırlaya bilərsiniz) maddi təminatın övladlarına, ailəsinə çatması ilə bağlı şərtlər qoyur. Belə bir insanın hər hansı bir mason təşkilatı quraraq öz karyerasını və mənsəbini zərbə altına qoyması fikri inandırıcı deyil. Çünki istənilən bir təşkilatlanmanının-məqsədi nə olursa-olsun, car-üsul idarəsi tərəfindən \”qazılan quyu\” kimi şübhəylə qarşılanacağını onların içində çalışan bir məmur kimi O, dəqiq bilirdi. Hətta əlifba layihəsinin hazırlarkən, pyeslərini çap etdirmək istərkən müxtəlif şəxslərə yazdığı məktublarda, müraciətlərdə onun seçdiyi hər kəlmənin, hər sözün ifadəsində necə diqqətli olduğu, qarşı tərəfi inandırmaq üçün necə əsaslı və məntiqli fikirlər seçdiyi, ən əsası isə atdığı addımlarla rus çar idarəsinə heç bir zərər vurmayacağına əmin etdiyi göz qabağındadır.

M.Rəfili daha sonra öz kitabında yazır: \”Bu, qırx altıncı ildə olmuşdu. Usmiyev Tiflisdə idi. Axundov onunla görüşməyi, o layihəsi haqqında danışmağı qərara aldı. Usmiyev dinməzcə dostunun ehtiraslı sözlərinə qulaq asdı. Axundov ona divanə kimi göründü: xalqı maarifləndirmək? Bu çox yaxşı, lakin Axundov çar məmurudur, o özü də çar zabitidir… Düşünmək lazımdır, belə ciddi məsələni dərhal həll etmək olmaz… Amma bu təşkilatın yaranması fikrini daha ağıllı ideya, yazdığı və tamaşaya qoyulacaq əsərlərlə insanların zehninə, dünyagörüşünə təsir etmək ideyası əvəz etdi\”.

Beləliklə, Mirzə Fətəli Öz Sözünü insanlara çatdıra biləcəyi vasitəni tapır və öz məşhur altı komediyasını beş il ərzində qələmə alır. Bir-birinin ardınca yaranan bu əsərlər onu nəinki Rusiyada, hətta Avropada da məşhurlaşdırır…\”

İnterpress.az