Düşmən Azərbaycanın mülki əhalisini hədəfə aldı – 2 dinc sakin həlak oldubackend

Düşmən Azərbaycanın mülki əhalisini hədəfə aldı – 2 dinc sakin həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir. Qeyd edək ki, “Yeni Müsavat”ın reportyor qrupu da cəbhə bölgəsindədir və düşmənin kəndlərimizi atəşə tutmasını müşahidə ediblər. Düşmənin Ağdam rayonunun kəndlərini artilleriya atəşinə tutması nəticəsində 2 mülki vətəndaş həlak olub, 7 nəfər isə yaralanıb. Erməni hərbi birləşmələrinin təmas xəttində törətdikləri təxribat nəticəsində Ağdam rayonunda 50-yə yaxın fərdi yaşayış evi və obyektə, ev və təsərrüfatlara ciddi ziyan dəyib, mal-qara tələf olub.
Bu arada xəbərlər yayılıb ki, Ermənistan ordusu Qarabağda növbəti təxribatlara hazırlaşır.

Son görüntülərdə Ermənistanın Qarabağda texnika cəmləşdirdiyi əks olunur. İstisna edilmir ki, təmas xəttinə daşınan qüvvə Ermənistan hərbçiləri deyil, Suriyadan, Livandan Qarabağa döyüşməyə gələn erməni əsilli terrorçulardır. Fakt budur ki, düşmən ölkə əsgər qıtlığından əziyyət çəkdiyi üçün qadınları da Qarabağa göndərir. Həmçinin ölkədə tələbələrə möhlət hüququ ləğv edib.

Düşmənin hərəkətliliyi, üstəlik, son üç gecə ərzində mülki əhalini də azğınlıqla hədəfə alması onun qisas almaq niyyətindən xəbər verir. Xüsusilə də düşmənin Tərtər istiqamətindən hərəkətə keçməsini şərh edən milli təhlükəsizlik eksperti, keçmiş polkovnik İlham İsmayıl deyib ki, Tərtər Dağlıq Qarabağ ətrafında işğal olunmayan yeganə rayondur. Ekspertin sözlərinə görə, Ağdərəni işğaldan azad etmək lazımdır ki, ermənilər Tərtəri atəşə tutmasın. Azərbaycanın düşmənə sarsıdıcı zərbələr endirməsinə tam əsası var.

Politoloq Fərhad Mehdiyev axar.az-a deyib ki, dünyanın qəbul və əməl etdiyi konvensiyalar Azərbaycan ordusuna mülki vətəndaşlara atəş açan düşmən mövqelərini darmadağın etməyə və əhalini hədəfdə saxlayan nöqtələrə nəzarəti ələ keçirməyə imkan verir: “Bu məsələ 1949-cu il Cenevrə konvensiyasi və 1977-ci ildə bu konvensiyaya əlavə edilmiş 1-ci protokolla tənzimlənir. Müharibə vaxtı hökumət binaları və hərbi qurğular istisna olmaqla, dinc vətəndaşları, yaşayış məntəqələrini, məktəbləri, baxçaları hədəfə almaq qadağandır”.

Azərbaycanın Müdafiə Nazirliyi iki gün öncə xəbərdar etmişdi ki, mülki əhali hədəfə alınacağı təqdirdə baş verəcəklərə görə Ermənistan məsuliyyət daşıyacaq. Hər halda, Azərbaycan 2 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması ilə nəticələnən artilleriya hücumunu düşmənə bağışlamayacaq. Ekspertlərin sözlərinə görə, Cenevrə konvensiyası əsas verir ki, Azərbaycan bu halda həmin atəş nöqtələrini arsenalında olan istənilən silahı tətbiq etməklə məhv etsin, həmçinin mülki əhalini hədəfdə saxlayan yüksəklikləri nəzarətə götürsün.

Vəziyyətin kifayət qədər gərgin olduğunu həm Moskvada, həm də Vaşinqtonda yaxşı anlayırlar. “Dağlıq Qarabağda hərbi qarşıdurmanın kəskinliyi azalmır”. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bunu V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib. \”“Dondurulmuş münaqişələr”in qızışma ehtimalı qalmaqdadır. Son zamanlar xüsusilə. Təəssüf ki, Dağlıq Qarabağda hərbi qarşıdurmanın kəskinliyi azalmır\” – Bordyuja belə deyib.

Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsi zonasında istənilən zorakılıq aktını qətiyyətlə pisləyir. “Report” ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, bu sözləri qurumun rəsmi nümayəndəsi Mark Toner aprelin 27-də keçirilən brifinq zamanı bildirib. “Biz atəşkəs rejiminin kövrək olduğunu gördük. Əvvəlcə gərginliyin ötəri olduğunu düşündük, lakin göründüyü kimi, gərginlik qalmaqdadır. Dövlət katibi Azərbaycan və Ermənistan liderlərinə müraciət ünvanladı. Minsk Qrupundakı həmsədrimiz regiona səfər etdi. Biz hər iki ölkənin hökuməti ilə təmasda olduq və davamlı olaraq çağırış etdik ki, Dağlıq Qarabağ münaqişəsi zonasında istənilən zorakılıq aktını ən qətiyyətli ifadələrlə pisləyirik və sülh prosesinin mümkün qədər tez bir zamanda yenidən bərpa olunduğunu görmək istəyirik. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”, – deyə o əlavə edib.

“ABŞ Dövlət Departamenti və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar ifadə etdikləri narahatlıqları bölüşürük”. Bunu isə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, Ermənistanın qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisinə qarşı qəsdən canlı qüvvənin məhv edilməsi üçün nəzərdə tutulan kasetli mərmilərdən istifadə etməsi heç bir hərbi təyinat daşımır, yalnız mülki insanlar arasında kütləvi qırğın törədilməsinə xidmət edir.

Düşmən Azərbaycanın mülki əhalisini hədəfə aldı - 2 dinc sakin həlak oldu

H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təxribatlara hazırlaşması barəsində hərtərəfli şəkildə məlumatlandırıb və xəbərdar edib: “Qoşunların təmas xətti boyunca yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi obyektlərinə qarşı atmalı olacağı cavab tədbirlərinin məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşəcək”.
Aprelin əvvəllərindəki azğınlıqlarına görə ordumuz tərəfindən cəzalandırılan, ağır itki verən düşmən niyə yenidən aktivləşib? Sərkisyan rejimi bununla sifətinimi qorumağa çalışır, yoxsa ortada hansısa bir oyun var?

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Sərkisyan öz siyasi xəttini yürütməyə çalışır: “Bir tərəfdən Rusiya əleyhinə razılaşdırılmış mitinqlər təşkil etdirir, digər tərəfdən, son məğlubiyyətlərə görə müdafiə nazirliyinin ən mühüm postlarında oturan generalları istefaya göndərir. Təsəvvür edin ki, birbaşa cavabdehlik daşıyan Ohanyan kənarda qalır və Moskvaya danışıqlara gedir”.

Ermənistanın son həftədə mövqeyini ikinci dəfə dəyişərək danışıqlara hazır olduğunu deməsi də suallar yaradır. Hansı situasiya yarandı ki, düşmən sözdə də olsa, qəfildən “konstruktiv” görünməyə çalışdı? Söhbət XİN başçısı E.Nalbəndyanın son açıqlamasından gedir. Özü də Azərbaycanla təmas xəttinə əlavə hərbi qüvvə və ağır texnika daşıdığı bir məqamda danışıqlara hazırlıqla bağlı səslənən fikirlər şübhəlidir. A.Nağıyev qeyd etdi ki, Sərkisyan danışıqları birtətəfli qaydada dayandırmaq qərarı vermək iqtidarında deyil: “Ən azı ona görə ki, danışıqlar BMT-nin mandatı əsasında ATƏT-in Minsk Qrupuna həvalə edilib. Məhz buna görə də Nalbəndyan danışıqlardan imtina edilməyəcəyini bildirir. Bundan başqa, Ohanyan özü də danışıqların davam edəcəyini bildirdi. Sadəcə olaraq, Sərkisyan bu danşıqlara qondarma qurumun rəhbərliyini də tərəf kimi cəlb etməyə çalışır. Bu da ona görə edilir ki, Sərkisyan separatçılara suverenliklə bağlı verdiyi boş vədləri yerinə yetirmədiyi üçün cavab verməlidir. Bundan başqa, düşünürəm ki, Sərkisyan istefa versə belə, onu əvəzləyəcək şəxs məhz Qarabağ klanından olmalıdır. Çox güman ki, bu məhz elə Ohanyan ola bilər. Buna görə də siyasi gedişlər edilir. Çünki istər separatçıları, istərsə də İrəvanı bu gün Ohanyan qane edə bilər”.

Diqqətçəkən həm də budur ki, Rusiya 5 apreldən sonra həm sülh təşəbbüsü göstərir, həm də işğalçını ələ almaq üçün onu silahla təmin edir. Rusiyanın müdafiə naziri Şoyqu növbəti dəfə deyib ki, ölkəsi Ermənistana silah verəcək. Digər tərəfdən, Moskva İrəvana vəd etdiyi 200 milyonluq silah pulunu kredit şəklində verməyə hazır olduğunu deyib. Eyni zamanda 27 aprel gecəsi Rusiya Ermənistana 1 ədəd özünün istehsalı olan müasir T-90S tankı göndərib. İddia olunur ki, ermənilər həmin tankı “Tank biatlon-2014\” beynəlxalq yarışında 2-ci yeri tutaraq mükafat kimi qazanıblar. Ermənistanın silahlı qüvvələrinə təhvil verilən tankdan Qarabağda istifadə olunacağı şübhəsizdir.

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, bütün bunlar Rusiyanın guya Qarabağla bağlı hansısa “sülhsevər siyasət” aparacağına ümid edən və rəsmi Moskvanın hansısa planının olmasını güman edənlərə cavabdır: “Bir tərəfdən işğalçıya görə xahiş-minnətçi rolunu oynayır, digər tərəfdən də onu həm mənəvi, həm də maddi şəkildə dəstəklədiyini əsla gizlətmir. Rusiya müdafiə nazirinin Moskvada bütün dünyanın və MDB ölkələrinin generaliteti qarşısında söylədikləri də buna əyani sübutdur. Mən dəfələrlə qeyd etmişəm və bu gün də öz fikirlərimdə tam əminəm ki, Rusiya Azərbaycana qarşı, xüsusən də Qarabağ məsələsində çox qeyri-səmimi münasibət göstərir. Mənə elə gəlir ki, aprelin əvvəllərindən başlayaraq artıq Ermənistanın hərbi və mülki infrastrukturlarımıza, hərbçi və sivil insanlarımıza qarşı silahlı təxribatları zamanı Rusiyanın yenə ikibaşlı oyunlar oynaması yəqin ki, münasibətlərimizin gələcəyində mütləq nəzərə alınacaq”.

Ü.Cəfərova görə, Moskvanın Ermənistana silah verməsi o anlama gəlir ki, biz hələ uzun müddət cəbhə bölgəsində, Qarabağ ətrafında vəziyyətin gərgin olacağına hazır olmalıyıq: “Çünki bu silahlar adi silahlar deyil və onlar Ermənistanın indiki siyasi-hərbi rəhbərliyinin hakimiyyətlərini xilas etmək üçün təcili surətdə müttəfiqləri tərəfindən onlara veriləcək. Bu proses artıq başlanıb və yaxın zamanlarda daha yeni, modern silahlar bədnam qonşularımızın ordusuna çatdırılacaq”.

Ermənistanın hərbi-diplomatik cəhdlərinin iflasa uğradığını ermənilər özləri də etiraf edir.

“Dördgünlük müharibə göstərdi ki, 22 il ərzində biz diplomatik sahədə də heç nə bacarmamışıq”. Axar.az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında politoloq Aqasi Yenokyan söyləyib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti problemin mövcud status-kvo ilə həll edildiyini və artıq soyğunçuluğa başlamağın zamanı gəldiyini güman edirdi. Ancaq aprelin əvvəlindəki toqquşma yeni reallığı ortaya qoydu. Hakimiyyəti ifşa edən Yenokyan Ermənistanın problemlərinin əsas mənbəyini həm də xaricdə axtarıb. “Heç kim müdafiə qabiliyyətinin artırılması, Dağlıq Qarabağın təhlükəsizliyinin təmini üçün diplomatik qərarlar haqqında düşünmürdü. Nəticədə bizim diplomatiya dördgünlük müharibənin ilk anından iflic vəziyyətinə düşdü” – Yenoyan əlavə edib.

İnterpress.az