Zaqatalada vəhhabi təhlükəsi – Polisi niyə öldürmək istədilər?backend

Zaqatalada vəhhabi təhlükəsi – Polisi niyə öldürmək istədilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partlayış zamanı polis kapitanı Rövşən Sadəddin oğlu Baliyev qəlpə yaraları alıb.

Rayonun Bəhmətli kənd sakini, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyev çoxsaylı qəlpə yaraları xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi xəstəxanasına yerəşdirilib. İlkin məlumata görə, rayonun Əliabad qəsəbəsində sahə müvəkkili işləyən Rövşən Baliyev iş otağının qapısını açıb içəri daxil olmaq istəyərkən anidən partlayış baş verib.

Hadisənin baş vermə səbəbləri ilə bağlı müxtəlif iddialar səsləndirilir. Ehtimal edilir ki, partlayış radikal dini qruplaşma üzvləri tərəfindən törədilə bilər. Hazırda bu versiyalar üzərində araşdırma aparılır.

Rövşən Baliyevin radikal dindarlarla nə əlaqəsi var?

Polis kapitanının həyat yoldaşı Şirin Baliyevanın sözlərinə görə, R. Baliyevin Zaqatalada heç kimlə münaqişəsi olmayıb: “Rövşənin keç kimlə problemi, ədavəti yox idi. Sakit insandır. Hadisə baş verən gün Rövşən həmişəki kimi bizimlə sağollaşıb, işə getdi. O, iş otağının qapısını açıb içəri daxil olan zaman birdən partlayış olub. Bildiyimizə görə, otağa kimsə bomba qoyub. Bombanı qapının dəstəyinə bağlayıblar. Rövşən otağa daxil olarkən bomba işə düşüb”.

Xanımın dediyinə görə, Rövşən yaralı vəziyyətdə qardaşına zəng vurub: “Otağa partlayıcı maddənin kim tərəfindən qoyulmasını bilmirik. Rövşənin kimləsə problemi olmayıb, ona qarşı niyə sui-qəsd etmək istəsinlər ki?”.

Polis kapitanının bacısı Həlimət Şamxalova hadisənin vəhabilər tərəfindən törədilməsi ehtimalından söz açıb. Onun sözlərinə görə, Rövşənin indiyədək vəhabilərlə ciddi problemi olmayıb.

“Hadisənin əsl səbəbkarlarının kimlər olduğunu bilmirik. Bəlkə də qardaşıma saqqalılar xəsarət yetiriblər. Vəhabilərin sayı Zaqatalada hər gün artır. Dəqiqini Allah bilir, bəlkə də hadisəni onlar törədiblər”.

Zaqatalanın Bəhmətli kəndinin bələdiyyə sədri Nailə Qurbanova da hadisənin hansı səbəbdən baş verməsindən bixəbərdir. Onun sözlərinə görə, hazırda kənd polis nəzarətindədir.

“Əvvəl bir-iki nəfər saqqal saxlayırdısa, indi 10 nəfərdən 8-i saqqallıdır. Bazarda heç kim onlara söz deyə bilmir. Elə bil bütün bazar onlarındı. Cavanlarımızı bədbəxt edirlər. Zaqatalardan xeyli sayda saqqallı ailəsi ilə Suriyaya döyüşməyə gedib.Onları saqqallılar yoldan çıxardırlar. Bildiyimizə görə, saqqallılar İŞİD-ə qoşulmaq üçün Alazan çayından keçib, Gürcüstana gedirlər. Oradan da Suriyaya..”-deyə şəhər sakinləri bildirib.

Hüquq mühafizə orqanlarından AzVision.az-a verilən məlumata görə, məlum hadisə ilə bağlı Respublikanın hüquq mühafizə orqanları tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyi tərəfindən Zaqatalada ötən gün əməliyyat keçirilib. DİN-in yaydığı rəsmi məlumata görə, Respublikanın hüquq mühafizə orqanları tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirilir.

Daxili işlər, prokurorluq orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bölgədə dini dözümsüzlük və bölücülük meylləri yayan, vətəndaşları hədə-qorxu və digər zorakı üsullarla öz sıralarına cəlb etməyə çalışan, əhali arasında pozuculuq işləri aparan Zaqatala rayon sakinləri Elşad Musayev, Abakar Qazıyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. Keçirilən əməliyyat bir neçə gün əvvəl sahə müvəkkili, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında baş verən partlayışla bağlıdır.

Xatırladaq ki, bir neçə ay öncə Zaqatala rayonunda dəhşətli cinayət hadisəsi baş vermişdi. Hadisə zamanı 26 yaşlı Bəşirov Vüsal Vahid oğlunun müəmmalı şəkildə qolları kəsilib. Daha sonra məlum olub ki, 26 yaşlı oğlanın qollarını balta ilə kəsən cinayətkarlar vəhabi dini təriqətinin üzvləridir. (azvision.az)

İnterpres..az