Abdulatipov azərbaycanlı sahibkarları “dağın o üzünə” çağırdıbackend

Abdulatipov azərbaycanlı sahibkarları “dağın o üzünə” çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ancaq məsələyə daha fərqli prizmadan-Azərbaycanla çoxəsrlik bağlara malik olan bu bölgə ilə əlaqələrin ölkəmiz üçün hansı əhəmiyyət daşıması prizmasından baxanda Dağıstan Günlərinə təkcə qonşu ölkənin federasiya subyektinin mədəni-incəsənət tədbiri kimi ötəri nəzər salmaq yanlış olardı.

Abdulatipov azərbaycanlı sahibkarları “dağın o üzünə” çağırdı

Xəbər verdiyimiz kimi Azərbaycanda ilk dəfə Dağıstan Günlərinin keçirilməsi təşəbbüsü Dağıstan rəhbəri Ramazan Abdulatiov tərəfindən irəli sürülüb, Rusiya prezidenti Vladimir Putin təşəbbüsü dəstəkləyib. Bu tədbirlərin başlamasından bir gün əvvəl-mayın 11-də Mahaçqalada görkəmli siyasi xadim, prezident İlham Əliyevin babası, ötən əsrin 40-cı illərində Dağıstan vilayət partiya komitəsinin birinci katibi olmuş Əziz Əliyevin abidəsinin açılışı oldu. Azərbaycandan da yüksək rütbəli nümayəndə heyətinin qatıldığı bu mərasimin ardınca Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyəti Dağıstan Günləri üçün Bakıya gəldi.

Dağıstan Günləri çərçivəsində təşkil olunan ayrı-ayrı tədbirlər haqda informasiya agentlikləri artıq xəbərlər yayıblar. Xatırladırıq ki, bura həm Dağıstan xalqlarının mədəniyyətini, incəsənətini Azərbaycana tanıtmaq üçün nəzərdə tutulan tədbirlər, həm yüksək səviyyəli rəsmi görüşlər və işgüzar toplantılar daxil idi. Dağıstan nümayəndə heyətinin rəhbəri Ramazan Abdulatipov Bakıda prezident İlham Əliyevlə görüşdü, başqa rəsmi görüşlərdə iştirak etdi. “Dağıstan həmişə bizə doğma olub və bundan sonra da belə olacaq”-prezident Əliyev Abdulatipovla görüşdə dedi.

Abdulatipov azərbaycanlı sahibkarları “dağın o üzünə” çağırdı

Birində bu tədbirlərə hazırlıq işləri barədə Dağıstan hökumətinin Sahibkarlıq və İnvestisiyalar üzrə Agentliyinin rəhbərinin müavini, azərbaycanlı iş adamı Zeynulla Qurbanova istinadən geniş yazıb. Bu ilin mart ayında Dağıstan hökumətində mühüm vəzifəyə təyin edilmiş iş adamı azərbaycanlı kiçik və orta sahibkarlar üçün orada hansı əlverişli imkanların açılmasından bəhs etmişdi və azərbaycanlı iş adamlarını yaranan fürsəti əldən verməyərək qonşu respublikada iş qurmağa çağırmışdı.

Elə mayın 12-də Bakı Biznes Mərkəzində keçirilən Rusiya (Dağıstan respublikası)-Azərbaycan işgüzar forumunda da (bu forum Dağıstan Günlərinin proqramına daxil idi) Dağıstanın investisiya imkanları və azərbaycanlı iş adamlarının məhz indi bu respublikaya investisiya yatırıb iş qurmasının vacibliyi haqda danışıldı.

Abdulatipov azərbaycanlı sahibkarları “dağın o üzünə” çağırdı

Forumda kənd təsərrüfatı, kimya sənayesi, tikinti və digər sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri, Ramazan Abdulatipovun başçılığı ilə Dağıstan nümayəndə heyəti, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər rəsmilər iştirak edirdi.

Forumun açılışını edən Şahin Mustafayev azərbaycanlı iş adamları tərəfindən bu tədbirə marağın gözləniləndən xeyli yüksək olduğunu vurğuladı: “Biz forumun keçirilməsi üçün Bakı Biznes Mərkəzinin orta zalını seçəndə düşünürdük ki, yerlər boş qalacaq və bəlkə daha kiçik zal seçmək lazımdır. Ancaq indi gördüyünüz kimi zal tam dolub, boş yer qalmayıb. Bu da foruma marağın nə dərəcədə yüksək olduğunu göstərir”.

Ramazan Abdulatipov forumdakı çıxışı zamanı Azərbaycanla Dağıstan arasında illik ticarət dövriyyəsinin həcmini açıqladı-cəmi 150 milyon dollar. Və dərhal əlavə etdi ki, bu, olduqca aşağı rəqəmdir, əslində ikitərəfli ticarət dövriyyəsinin potensialı dəfələrlə yüksəkdir və bu potensialdan istifadə edilməlidir.

Bəs ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün hansı imkanlar var? Axı Azərbaycan Rusiya ikitərəfli ticarət-iqtisadi əlaqələrini genişləndirilməsi hər iki dövlət başçısı tərəfindən müəyyən edilmiş vəzifədir. Və buna nail olmaq üçün regionlararası əməkdaşlığın genişləndirilməsi də olduqca vacibdir.

Abdulatipov azərbaycanlı sahibkarları “dağın o üzünə” çağırdı

R.Abdulatipov çıxışında Dağıstanda iqtisadi yüksəlişə nail olmaq üçün hansı işlərin görüldüyü, yerli və xarici iş adamlarına yatırımlar üçün hansı əlverişli şəraitin yaradıldığı haqda danışdı. Azərbaycanlı iş adamlarını Dağıstanda iş qurmağa çağırdı. Dağıstan rəhbərinin sözlərinə görə, indi bu respublikada hökumət investisiyalar üçün bütün imkanlar yaradır, zəruri infrastrukturu hazırlayır, vergi güzəştləri tətbiq edir, layihələri maliyyələşdirir, biznes subyektlərinin işinə əngəl yaradan bürokratik maneələri aradan qaldırır.

“Biz sahibkarlara açığıq. Effektiv, əsaslandırılmış layihə təqdim edən, işlərini qanunlara uyğun görən hər bir sahibkara öz şəxsi nömrəmi verirəm. Qoy hansı məmur ona maneçilik yaradırsa dərhal zəng vursun, elə o dəqiqə əməliyyat qrupunu göndərim”-Abdulatipov Dağıstanda sahibkarların investisiyalarının qorunmasına şəxsən zəmanət verdiyinə inandıraraq bildirdi.

Abdulatipov azərbaycanlı sahibkarları “dağın o üzünə” çağırdı

Ramazan Abdulatipovun sözlərinə görə, indi azərbaycanlı iş adamları, əsasən kiçik və orta sahibkarlarlar üçün Dağıstanın turizm və istirahət, tikinti, kənd təsərrüfatı, o cümlədən müasir istixanaların yaradılması, logistika mərkəzlərinin açılması, sənaye və digər sahələrinə investisiya qoyması, yaxud birgə müəssisələr yaratması üçün əlverişli imkanlar açılıb.

“Biz Mahaçqala yaxınlığında sənaye parkı yaratmışıq, orada hər cür infrastruktur var, hər şey hazırdır. Sahibkarlar layihələrini təqdim edib müəssisələr aça bilərlər. Yaxud Mahaçqala və Kaspisyk şəhərləri arasında 20 minlik yaşayış kompleksinin inşası üçün tikinti meydançası tam hazırdır, kim istəsə gəlib tikə bilər. Xəzər dənizinin 500 kilometrdən çox uzunluqda sahil zolağı demək olar ki, istifadəsiz qalıb, boşdur. Biz sahil zolağından istifadəni qaydaya salırıq, qum ehtiyatlarından özbaşına istifadənin qarşısı alınır. Dağıstanın Xəzər sahilinin böyük turizm potensialı mövcuddur. Bizim turistləri cəlb edə bilmək üçün orada müasir otellərə, istirahət mərkəzlərinə kəskin ehtiyacımız var. Azərbaycanlı iş adamlarını bu sahəyə də yatırım qoymağa dəvət edirəm. Gəlsinlər, otellər, restoranlar tiksinlər, istirahət mərkəzləri yaratsınlar. Biz Azərbaycanda bu sahənin son illərdə necə inkişaf etdiyini görürük”-Dağıstan rəhbəri bildirdi.

Ramazan Abdulatipov azərbaycanlı iş adamlarına üzünü tutaraq əlavə etdi: “İndi Dağıstanda iş qurmaq, qazanmaq üçün əsl fürsətdir. Kim indi gəlsə hökmən udacaq, ancaq kim geciksə uduza bilər”.

Abdulatipov Dağıstanın Azərbaycan üçün uzaq yad məkan deyil, “dağın o üzü olduğunu” yada saldı, ortaq tarixi-mədəni bağların, unikal coğrafi şəraitin, Dağıstanla Azərbaycanın beynəlxalq tranzit yollarının kəsişdiyi strateji əhəmiyyətli dəhliz üzərində yerləşməsinin yaratdığı imkanlardan istifadə etməyə çağırdı.

Abdulatipov azərbaycanlı sahibkarları “dağın o üzünə” çağırdı

Daha sonra forumda Dağıstanın Sahibkarlıq və İnvestisiyalar üzrə Agentliyin rəhbəri Bəşir Maqomedov investorlar üçün imkanlardan bəhs etdi. Bildirdi ki, hazırda Dağıstanda Azərbaycandan olan investorların iştirakı ilə bir sıra layihələrin həyata keçirilməsi üzərində iş gedir. Bunlardan biri Mahaçqala və Kaspiysk şəhərləri arasında azərbaycanlı investorların da iştirakı ilə “Aqesta” ASC şirkəti tərəfindən həyata keçirilməsi planlaşdırılan ticarət-loqistika mərkəzinin tikintisidir. Dağıstan hökuməti aprelin 1-də bu layihənin həyata keçirilməsi üçün 30 hektar yer ayırıb və baş plan işlənib hazırlanıb.

B.Maqomedov məlumat verdi ki, Kaspisyk şəhərində 132 hektarlıq sahədə qarışıq tipli “Uytaş” investisiya meydançası da yaradılıb. Respublikanın büdcəsi hesabına bu investisiya meydançasında bütün zəruri infrastruktur yaradılacaq və azərbaycanlı investorlar ləngimədən öz layihələrini təqdim edə bilərlər.

Abdulatipov azərbaycanlı sahibkarları “dağın o üzünə” çağırdı

Digər layihəyə dair razılaşma isə elə forumun gedişində Ramazan Abdulatipovun və Şahin Mustafayevin şahidliyi ilə Azərbaycanın “Caspian İnvest Group” şirkəti ilə Dağıstanın Sahibkarlıq və İnvestisiyalar üzrə Agentliyi arasında imzalandı. Bu razılaşma Azərbaycan şirkəti tərəfindən Dağıstanda modul tipli istixanalar üçün metal konstruksiyalar istehsal edən zavodun tikintisini, Dağıstanda Azərbaycan texnoparkının və “Azərbaycan Ticarət Evi”nin açılmasını, 3 hektarlıq ərazidə istixananın tikintisinə dair investisiya layihəsinin birgə həyata keçirilməsini nəzərdə tutur. “Bir il sonra hesabat istəyəcəm”-Ramazan Abdulatipov sənədə imza atan tərəflərə yarızarafat, yarıciddi xəbərdarlıq etdi.

Abdulatipov azərbaycanlı sahibkarları “dağın o üzünə” çağırdı

Nazir Şahin Mustafayev forumdakı müzakirələrdə bildirdi ki, azərbaycanlı sahibkarların Dağıstanda yaradılan investisiya imkanlarından istifadə etməsi Azərbaycanla Rusiya arasında ikitərəfli iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Nazir xatırlatdı ki, Azərbaycan Rusiya ilə münasibətlərdə regionlararası əməkdaşlıq formatına xüsusi əhəmiyyət verir və bu baxımdan Dağıstanla işgüzar əlaqələrin inkişafında maraqlıdır. Eyni zamanda Ş.Mustafayev dağıstanlı iş adamlarını da Azərbaycana yatırımlar qoymağa, qarşılıqlı olaraq investisiya imkanlarından istifadəyə çağırdı.

Dağıstanın Sahibkarlıq və İnvestisiyalar üzrə Agentliyinin rəhbərinin müavini Zeynulla Qurbanov jurnalistlərə bildirdi ki, Bakıda iş adamlarına 30-dan çox birgə layihə təqdim olunub. Bura faydalı qazıntıların hasilatı və emalı üzrə layihələr də daxildir. Hansı ki, bu ehtiyatların həcminə görə Dağıstan Rusiyada ilk yerlərdən birini tutur. Əsas diqqət isə aqrar sahəyə dair layihələrə, xüsusən istixana şəraitində tərəvəz istehsalına yönəldilib. Z.Qurbanovun sözlərinə görə, Azərbaycan son illər müasir istixanaların tikintisində qabaqcıl təcrübə qazanıb. Ona görə də azərbaycanlı biznesmenlər Dağıstanda istixana biznesinə yatırım qoysa sanballı gəlirlərə ümid edə bilər.

Abdulatipov azərbaycanlı sahibkarları “dağın o üzünə” çağırdı

Digər cəlbedici sahə isə Dağıstanla Azərbaycanın tranzit imkanlarından birgə yararlanmaqdır. Azərbaycan və Dağıstanda Rusiyadan İrana (o cümlədən geriyə) daşınan yüklərə gömrük baxışının sadələşdirildiyi “yaşıl dəhliz” mövcuddur. Hazırda Rusiya ilə İran arasında mal dövriyyəsi 700-800 milyon dollara yaxındır. Rusiya İrana meşə materialları, metal, taxıl ixrac edir. İran isə meyvə-tərəvəz ixracını genişləndirmək istəyir. Bu baxımdan Azərbaycan və Dağıstan ərazisində həmin malların emalı üçün müəssisələr yaradıla bilər.

Z.Qurbanovun sözlərinə görə, Dağıstanın Qarabudaxkənd rayonunda illik istehsal gücü 1.8 milyon ton olan sement zavodunun tikintisi layihəsi də azərbaycanlı investorlar üçün cəlbedicidir. Bu layihənin smeta sənədləri hazırdır, kommunikasiyalar çəkilib, avadanlıqların və zavodun tikintisi üçün materialların alınmasına dair razılaşmalar var.

Abdulatipov azərbaycanlı sahibkarları “dağın o üzünə” çağırdı

Z.Qurbanov deyir ki, azərbaycanlı iş adamlarının Dağıstana investisiya qoymağa marağı olduqca yüksəkdir və onlar Bakıda aparılan müzakirələrdən sonra buna bir daha əmin olublar: “Dağıstana maraq göstərənlər əsasən kiçik və orta sahibkarlardır, söhbət təxminən 500 min dollara qədər olan kapitaldan gedir. Bu da təsadüfi deyil. Çünki bildiyiniz kimi bu il Rusiyada “kiçik biznes-milli ideya” devizi irəli sürülüb, iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına nail olmaq üçün kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi o cümlədən Dağıstan hökuməti tərəfindən əsas vəzifə kimi qarşıya qoyulub”.

Şübhəsiz ki, istənilən investoru yatırdığı vəsaitin həcmindən asılı olmayaraq ilk növbədə investisiyaların təhlükəsizliyinə zəmanət verilməsi maraqlandırır. Azərbaycanlı kiçik və orta sahibkarlar da Dağıstanda iş qurmaq imkanlarını araşdırarkən ilk növbədə investisiyaların qorunmasına nə dərəcədə zəmanət verildiyi, bürokratik əngəllər və məmurların biznesə müdaxiləsi ilə maraqlanırlar. Və Z.Qurbanov deyir ki, Dağıstan hökuməti investisiyaların qorunmasına bütün zəmanətləri verir.

“Sahibkarlıq və İnvestisiyalar üzrə Agentliyin qarşısında qoyulmuş vəzifə bundan ibarətdir ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün bütün mümkün tədbirləri görsün. Mən azərbaycanlı iş adamlarına tam əminliklə deyirəm ki, onların Dağıstandakı invstisiyalarına heç bir təhlükə, süni əngəllər meydana çıxa bilməz. Bayaq eşitdiyiniz kimi Ramazan Abdulatipov dedi ki, iş adamlarına şəxsi mobil telefon nömrəsini verməyə hazırdır və əgər hansısa investor, biznesmen hansısa məmur tərəfindən sıxışdırılarsa dərhal Dağıstan rəhbərinə zəng edə bilər”-Zeynulla Qurbanov bildirdi.

Dağıstan Günləri çərçivəsində keçirilmiş bu işgüzar forum azərbaycanlı iş adamlarını şimal sərhədlərimizin, yaxud Ramazan Abdulatipovun dediyi kimi, dağların o tayına üz tutmağa inandırmaq üçün şübhəsiz ki, effektiv idi. Ancaq məsələyə təkcə iqtisadi-biznes əlaqələri baxımından baxmaq yanlış olardı. Çünki Dağıstan Azərbaycan üçün təkcə coğrafi baxımdan qonşu deyil, eyni zamanda ölkəmizin mühüm strateji maraqlarının yerləşdiyi, yüz minlərlə etnik azərbaycanlının yaşadığı regiondur, şimala, oradan Avropaya açılan böyük qapıdır.

Ona görə də Dağıstanda yaranan investisiya imkanlarına həm də Azərbaycanın güclü strateji maraqlarının olduğu bu regionda iqtisadi iştirakını genişləndirmək fürsəti kimi də baxmaq lazımdır. Sirr deyil ki, Azərbaycan son illər strateji maraqlarının olduğu qonşu ölkələrdə, məsələn, Gürcüstanda, eləcə də başqa regionlarda investisiyalar yoluyla iqtisadi iştirakını təmin edib, möhkəmləndirib. Bu, ölkənin uzunmüddətli milli, o cümlədən xarici siyasət maraqları üçün düşünülmüş siyasətdir. Dağıstan isə strateji baxımdan Azərbaycan üçün Gürcüstandan az əhəmiyyət daşımır. Deməli, azərbaycanlı sahibkarların Dağıstana yatırımlarını həm də Azərbaycanın strateji maraqlarının təmin edilməsi naminə təşviq etmək lazım gəlir.

Dağıstan Rusiya Federasiyasının inkişaf etməkdə olan subyekti kimi bütün sahələrdə investisiyalara ehtiyac duyur. Əgər Azərbaycan ləngisə bu yeri başqaları tuta bilər. Məsələn, Dağıstandan gələnlər deyirlər ki, Mahaçqalanın bütün iri supermarketlərinin vitrinlərində müxtəlif çeşiddə erməni malları doludur. Dağıstanla heç bir ortaq sərhədə malik olmasa da Ermənistan bu respublikanın bazarında yer tutmaq üçün çoxdan hərəkətə keçib, öz mallarını satmağa başlayıb. Şübhəsiz ki, Ermənistanın Azərbaycan kimi investisiyalar yatırmaq imkanları olsaydı Dağıstanda bu fürsəti də əldən buraxmazdı.

Abdulatipov azərbaycanlı sahibkarları “dağın o üzünə” çağırdı

Məlum olduğu kimi Rusiya, Azərbaycan və İran prezidentləri ilin əvvəllərində “Şimal-Cənub” nəqliyyat dəhlizinin işə salınmasının sürətləndirilməsinə dair razılığa gəliblər. Dağıstandan keçən bu dəhlizin Azərbaycan üçün hansı strateji əhəmiyyət daşıdığı məlumdur. Məhz buna görə də Azərbaycan prezidenti “Şimal-Cənub” dəhlizinin İran hissəsinin tamamlanması üçün bu ölkəyə 500 milyon dollar kredit ayırdı. Dəhlizin ilin sonuna qədər açılması nəzərdə tutulur. Və Azərbaycan üçün bu strateji nəqliyyat dəhlizinin o biri ucunda-Dağıstanda logistika imkanlarına malik olmağın hansı əhəmiyyət kəsb etdiyi barədə geniş danışmağa ehtiyac yoxdur.

Bir sözlə, Dağıstan prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycana doğma diyardır, Ramazan Abdulatipovun dediyi kimi “dağın o üzüdür”. Və bu coğrafi yaxınlıqdan, ortaq tarixi-mədəni bağlardan, ortaq maraqlardan daha yaxşı faydalanmağın əsl vaxtıdır…(Virtualaz.org)

İnterpress.az