İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü iyunda olacaqbackend

İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü iyunda olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xatırladaq ki, prezidentlərin dünənki üzbəüz söhbətində Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransa xarici işlər naziri Jean-Mark Eyri vasitəçilik edirdilər.

İnterpress.az “Azadlıq” radiiosuna istinadən xəbər verir ki, Sergey Lavrov danışıqlardan sonra bildirib ki, prezidentlər növbəti görüşün yeri və vaxtı barədə iyun ayında qərar qəbul edəcəklər.

O əlavə edib ki, Yerevan və Bakı atəşkəs rejiminə riayət edilməsi barədə razılığa gəliblər.

Rusiyanın xarici işlər naziri onu da bildirib ki, ATƏT-in Minsk qrupu Qarabağda atəşkəsin pozulması hallarının araşdırılmasına kömək edəcək.

Atəşkəs rejiminə necə əməl ediləcəyi barədə suala cavab olaraq Sergey Lavrov deyib: “Biz bu barədə razılığa gəlmişik və bu barədə yekun birgə bəyanatda da göstərilib: atəşin dayandırılmasına, atəşkəsə 1994 və 1995-ci illərdə razılaşdırılmış şəkildə nail olmaq”.

Rusiya mediası Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, tərəflər əldə edilmiş razılaşmaya riayət edilməsini monitorinqi, “sərhədyanı insidentlərin” araşdırılması mexanizminin tərbiqi və ATƏT-in Minsk qrupu sədrlərinin imkanlarının gücləndirilıməsi barədə razılığa gəliblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya bildirib ki, Qarabağa dair kompromis mümkündür, lakin həll mərhələli olmalıdır.

“Kompromis həmişə mümkündür, lakin ona nail olunması mərhələli olacaq. Əgər belə bir kompromis imkanı olmasaydı Rusiya Federasiyası, ABŞ və Fransa bu işlə məşğul olmağı dayandırardılar”,- Lavrov TASS xəbər agentliyinə bildirib.

\”Tənzimləmənin birinci mərhələsinin parametrlərinin razılaşdırılması imkanları var. Bu imkanlar həmsədrlərin ümumi yanaşması axarında olan Rusiyanın vasitəçiliyi çərçivəsində formullaşdırılıb və bizim fransız və amerikan partnyorlarımızın dəstəyini alıb”,- Lavrov deyib.

Vyana görüşü İlham Əliyev və Serj Sarkisianın Qarabağda aprel ayında baş vermiş ağır döyüşlərdən sonra ilk görüşü idi.

Məlumatlara görə, dünənki görüşlərdə tərəflərə təmas xətti boyunca kameraların yerləşdirilməsi və atəşkəsin pozulması hallarının qeydə alınması, müşahidəçilərin artırılması təklif olunub.

“Associated Press” bildirir ki, danışıqlar məxfi xarakter daşıdığına görə rəsmilər bu məlumatı anonim şəkildə veriblər.

ABŞ rəsmiləri son toqquşmalarda ağır texnikadan istifadədən xüsusilə narahatlıq keçirdilklərini bildirirlər.

Rəsmilər bunu da vurğulayırlar ki, bu regionda Türkiyənin Azərbaycanı güclü şəkildə dəskləməsi və Ermənistanın Rusiya ilə vahid müdafiə təşkilatında olması münaqişəni potensial baxımdan daha təhlükəli edir.

Adının çəkilməsini istəməyən ABŞ “Frans Press” agentliyinə deyib ki, bu, həll olunan münaqişədir. \”Bəzi elə münaqişələr var ki, onları sadəcə olaraq idarə etmək lazımdır. Amma bu münaqişə həll oluna bilər”.

ABŞ Dövlət Departamentinin vəzifəli rəsmisi daha sonra agentliyə deyib: “Burada hər iki tərəf üçün əlverişli nəticə əldə etmək olar”.

Həmin rəsmi əlavə edib ki, Suriya məsələsindən fərqli olaraq Qarabağ məsələsində Moskva və Vaşinqton arasında fikir ixtilafı yoxdur.

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü 2015-ci il dekabrın 19-da İsveçrənin paytaxtı Berndə keçirilib.

Qarabağ danışıqları ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılır.

Qrupa Rusiya, Fransa və ABŞ həmsədrlik edir.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

İnterpress.az