İşsizlik yaradan ixtisaslar – TƏHLİLbackend

İşsizlik yaradan ixtisaslar – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil sistemləri yeni çağırışlara cavab verməli, kadr hazırlığının başlanğıcından sonuna qədər rasional olmalıdır.

Müasir dövrdə Ali məktəblərin qarşısına qoyulan vəzifələr bunlardır: əmək bazarının tələbatını ödəmək, bilik cəmiyyətinin formalaşmasına töhfələr vermək.

Ali məktəblərin reytinq cədvəllərində onların məzunlarının işlə təminatı mühüm kriteriya kimi qalır. Bunun üçün ilk növbədə ali təhsilin bakalavr pilləsində ixtisasların təyinatı düzgün müəyyənləşdirilməlidir ki, ali təhsilli işsizlərin sayı artmasın.

Məsələn, sovet vaxtı bitirdiyim Azərbaycan Dövlət Universitetində (indiki BDU) fizika fakültəsini bitirənlərə “fizik”, “müəllim”, biologiya fakultəsini bitirənlərə “bioloq”, “müəllim” ixtisasları verilirdi. Yəni proqramlar elə formalaşdırılırdı ki, elmi və pedaqoji istiqamətlər bir-birini tamamlayırdı. Elmi işlə məşğul olmaq istəməyənlər, pedaqoji fəaliyyətlə məşğul olurdular, yaxud əksinə.

Azərbaycan ali məktəbləri Boloniya razılaşmasına qoşulduqdan sonra ixtisaslara (proqramlara) yenidən nəzər yetirildi. “Vahid Avropa Təhsil Məkanının formalaşmasına” töhfələr verə biməməyimiz bir yana, milli təhsilimizdə qeyri-müəyyənliklər yaratdıq. Təhsil sahəsində qəbul olunan qanun və qərarlar bir-birini inkar etməməlidir.

5 sentyabr 2009-cu ildə təsdiq olunmuş “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununun 22-ci maddəsində yazılır:

22.1 Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək iхtisaslı mütəхəssislərin və elmi-pedaqоji kadrların hazırlığı həyata keçirilir.
22.3 Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta iхtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil prоqramları üzrə geniş prоfilli ali təhsilli mütəхəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqоji fəaliyyət istisna оlmaqla, bütün digər sahələri əhatə edir.

Nazirlər kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 saylı qərarı ilə “Ali təhsillin bakalavr pilləsi ixtisaslarının (proqramlarının ) siyahısı” təsdiq edilmişdir.

Paradoksdur. “Ali Təhsilin bakalavr pilləsi ixtisaslarının siyahısı” qanundan əvvəl təsdiq olunub. Uyğunsuzluğun fəsadlarına diqqət edək.
Məsələn, Nazirlər Kabinetinin sənədində “Təhsil ixtisas qrupu” üzrə “Fizika müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Riyaziyyat müəllimliyi”, “Biologiya müəllimliyi”, “Kimya müəllimliyi” və s. ixtisaslar, “Təbiət ixtisasları qrupu”nda “Riyaziyyat”, “Mexanika”, “Fizika, “Kimya”, “Biologiya”, “Coğrafiya” və s. ixtisaslar yer alıb.
Qanunun müvafiq bəndinə görə “Təbiət ixtisasları qrupu”na daxil olan ixtisaslar üzrə ali məktəbləri bitirənlər müəllim işləyə bilməzlər. Qanun həm də onların elmi tədqiqat müəssisələrində işləmələrinə imkan vermir. Bunun üçün onlar magistratura pilləsini bitirməlidirlər. Bu barədə indiyə qədər kimsə düşünübmü? Dövlətin və vətəndaşın xərclədiyi külli miqdarda vəsait nədən işsizlik yaratmalıdır?

Analoji yanlışlıqlara “Humanitar və sosial ixtisaslar qrupu”nda da yol verilib.
Bu blokun ixtisaslarına diqqət edək: “Tarix”, “Filologiya”, “Fəlsəfə”, “Psixologiya” və s.
Bu ixtisaları bitirənlər də nə müəllim, nə də elmi işçi kimi çalışa bilməzlər.

Yaxud dillər üzrə “tərcümə” ixtisasını bitirən niyə müəllim ola bilməsin?
Tədris olunan fənnləri bir-birindən elə də fərqlənməyən ixtisasları bitirənlərə “fizik”, “kimyaçı”, “bioloq” kimi qeyri – müəyyən ixtisaslar verilir.

Belə olan halda “riyaziyyat”, “fizika”, “biologiya müəllimi” də elmlə məşğul ola bilmir. Halbuki indiki alim korpusunun böyük kəsimi elə müəllimlikdən elmə gəliblər.
Bu cür uyğunsuzluqlar davam etdikcə ali təhsilli işsizlərin sayı da artacaq.
Sonra da deyirik ki, gənclər müəllim peşəsini seçmir, yaxud elmlə məşğul olmaq istəmirlər. Fikrimcə, əvvəlcə qeyri-müəyyənlik aradan qaldırılmalı, sonra gənclərə tövsiyyələr verilməlidir.

Yeri gəlmişkən: magistratura pilləsində gənclərə möhlət hüququnun verilməməsi fizik, riyaziyyatçı və filoloqun elmlə məşğul olmasının qarşısına yekə bir çəpər çəkdi. Bütün bunlara baxmayarq, biz yorulmadan qara qızılın insan kapitalına çevrilməsindən danışırıq…

Etibar Əliyev
Təhsil eksperti