İrəvanda qiyam yatırıldı, Sərkisyan qurtuldumu?backend

İrəvanda qiyam yatırıldı, Sərkisyan qurtuldumu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 17-dən etibarən Ermənistan polisinin patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup 31 iyul axşam radələrində təslim olmağa qərar verdi və binanı boşaltdı. Terrorçu dəstənin rəhbərlərindən biri Varujan Avetisyan “biz təslim olmaq qərarı verdik” deyib. Ancaq o əlavə edib ki, silahlı dəstə iki həftəlik davranışları ilə Ermənistanda xalq hərəkatına təkan verib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamaya görə, antiterror əməliyyatı başa çatıb, nəticədə 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası isə tamamilə təmizlənib. Qeyd edək ki, bundan öncə həbsdə olan müxalifətçi Jirayr Səfilyan iddia edirdi ki, İrəvandakı silahlılarla bağlı məsələnin nizamlanması üçün o polis alayını ələ keçirmiş silahlı qrupla və prezident Serj Sərkisyan ayrı-ayrılıqda görüşlər keçirməlidir.

Polis binasını ələ keçirmiş silahlılar məhz Səfilyanın azadlığa buraxılmasını tələb edirdilər, ancaq bu, baş vermədi. Ona görə də proseslərin bundan sonra hansı məcrada davam edəcəyi maraqlıdır. İrəvanın mərkəzində keçirilən izdihamlı aksiyaların davam edib-etməyəcəyi də bəlli deyil. Səfilyan yaranmış vəziyyətin nizamlanmasında orta məxrəcə gəlmək üçün prezidentlə görüşməsinin vacib olduğunu qeyd etmişdi. O, “prezident Serj Sərkisyan mövqeyini dəyişməyib və yalnız bir fikirdə israrlıdır: mənimlə görüşmək üçün əvvəlcə silahlı qrup təslim olmalıdır. Mən əvvəlcə uşaqlarla (silahlı qrupun üzvləri-red.), daha sonra Sərkisyanla görüşməliyəm, bunun nəticəsində onlar silahı yerə qoya bilərlər. Amma mən prezidentlə görüşməyincə polis binasını azad etməyəcəklər” – demişdi. Ancaq görünən budur ki, proseslər fərqli istiqamətdə cərəyan etdi və Səfilyanın da səsi kəsilib. Eyni zamanda Sərkisyanı terrorçu elan edib ondan hakimiyyəti təhvil verməyi tələb edən radikal müxalifətçilərdən də soraq yoxdur. Sanki Ermənistanda qurbağa gölünə daş atılıb. Ancaq bu, tufanqabağı sakitlik də ola bilər. Çünki Sərkisyan oyun oynasa da, nəticədə qanın tökülməsinə, bir neçə nəfərin ölümünə bais oldu. İşğalçı ölkədə proseslərin bundan sonra hansı axarda davam edəcəyi barədə ekspertlərin fikrilərini öyrəndik.

Politoloq Arzu Nağıyev şübhə etmir ki, Ermənistan paytaxtındakı proseslər müəyyən bir ssenari ilə baş verib: “Əgər diqqətlə izləsək görərik ki, məhz Qərbin, daha doğrusu, ABŞ-ın Ermənistanda bu mitinqlərlə bağlı insan haqlarının qorunmasının vacibliyini əks etdirən bəyanatından sonra artıq müəyyən sakitlik bərqərar oldu. Yəni bir daha Ermənistan göstərməyə çalışdı ki, guya bu, beynəlxalq səviyyəli siyasi bir prosesdir və reaksiyalar da artıq var. Əvvəlcədən də bunun siyasi bir şou olması məlum idi. Qondarma müxalifət lideri Səfilyana azadlıq tələbi ilə başlanan proseslər Qarabağ münaqişəsinin həllində heç bir güzəştə getməyəcəkləri ilə bağlı siyasi bəyanatlarla sona çatdı. Bu isə Serj Sərkisyanın nəyin bahasına olursa-olsun, hakimiyyətdə qalması və bununla da status-kvonun saxlanması demək idi”.

 İrəvanda qiyam yatırıldı, Sərkisyan qurtuldumu?

Politoloqun sözlərinə görə, bu gün Sərkisyanın hakimiyyətdən getməsi Azərbaycan üçün də sərfəli deyil: “Təsəvvür edin ki, o halda hakimiyyəti ələ keçirəcək qüvvələrlə prosesləri yenidən başlamaq lazım gələcək. Bəlkə də Sərkisyan getməyə razılıq verirdi, lakin Rusiya bunu istəmir. Diqqət etdinizsə, son proseslərdə Rusiya heç bir bəyanatla çıxış etmədi. Hətta generalitet İrəvana gəldi və eyni dəst-xətlə mitinqləri yatırmaq haqda təlimatlar verdi. Əsas məqamlardan biri də ondan ibarətdir ki, Qərb öz kəşfiyyatını həyata keçirdi və güclərin hansı səviyyədə paylandığını aydınlaşdırdı”.

A.Nağıyev Azərbaycanın fürsət düşmüşkən, işğal altındakı torpaqları hərbi yolla azad etmək haqqından istifadə etməli barədə fikirlərə də münasibət bildirdi: “Bu gün ATƏT-in Minsk Qrupu artıq öz sözünü deməlidir. Çünki Azərbaycan artıq öz şərtlərini irəli sürən və beynəlxalq qanunlara söykənən bir dövlət kimi çıxış edir. Məhz buna görə də danışıqların davam etdirilməsi, Madrid və ya digər prinsiplərlə torpaqların azad edilməsi üstün variant kimi götürülməlidir. Eyni zamanda regiondakı digər oyunçular arasında, daha doğrusu, Rusiya və Türkiyə gərginliyinin zəifləməsi də mühüm hadisədir və bundan Azərbaycan yararlana bilər. Bir sözlə, bu gün Azərbaycanın şansı hərtərəfli çoxdur və zənnimcə, bundan da məharətlə istifadə edilə bilər”.

 İrəvanda qiyam yatırıldı, Sərkisyan qurtuldumu?

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə “Yeni Müsavat”a dedi ki, baş verənlər erməni siyasi və hərbi rəhbərliyi ilə razılaşdırılmış hərəkətlər idi: “Sonda da guya təslim oldular. Halbuki onlara qarşı heç bir ciddi tədbir görülmədi. Bundan sonra da heç bir ciddi cəza olası deyil. Görün iş nə yerdədir ki, Səfilyan deyir mən tərəfdarlarıma prezidentlə görüşənə qədər alayı tərk etməməklə bağlı göstəriş vermişəm. Təsəvvür edin ki, həbsdə olan adam prezidentlə görüş tələb edir. Bu, Sərkisyanın növbəti hiylələrindən biri idi. İstəyir ki, bu yolla həm Qarabağ danışıqlarında vaxt udsun, həm də beynəlxalq təşkilatlara təzyiq göstərsin”.

Hərbi ekspertin sözlərinə görə, əslində Qarabağ məsələsinin həlli İrəvanın iradəsindən kənarda olan məsələdir: “Bu məsələdə həlledici söz sahibi olan Rusiya isə problemin həllində maraqlı görünmür. Bir müddət sonra ”qiyamçılar\” da müxtəlif adlarla həbsdən buraxılacaq, onların “köhnə xidmətləri” nəzərə alınacaq. Əslində Ermənistanın müstəqil dövlət olmadığı bir daha sübut olundu. Karapetyan soyadlı keçmiş döyüşçülərdən biri deyirdi ki, Ermənistanda dövlət çevrilişi edəcək. O, faktiki olaraq konstitusiya quruluşuna qarşı qiyama çağırdı. Ancaq belələrinə qarşı çox sakit reaksiyaları müşahidə etdik. Ona görə də əminliklə demək olar ki, bu qüvvələr Ermənistan daxilində planauyğun şəkildə hərəkət etdilər\”.

Azərbaycanın qəfil hərbi əməliyyatlara başlaması haqda təkliflərə gəldikdə, Ü.Cəfərov qeyd etdi ki, Azərbaycan Ermənistandan fərqli olaraq heç vaxt kəmfürsət olmayıb: “Əslində Azərbaycanın dəfələrlə imkanı olub ki, Ermənistanın daxilindəki qarışıqlıqdan istifadə etsin. Amma bu kimi addımlara getməyib. Bu kimi hərəkətlərə dünya da pis baxardı. Onsuz da haqlı olduğumuz halda bizi haqsız çıxarırlar. Şəxsən mən bunu ölkəmizə əsla rəva bilməzdim. Amma Azərbaycanın istənilən vaxt torpaqlarını azad etmək haqqı var, bu haqqı ondan kimsə ala bilməz”.

Yazı çapa hazırlanarkən İrəvandan gələn xəbərlər hadisələrin tezliklə səngiməyəcəyini deməyə əsas verir. Belə ki, Ermənistanda bir etirazçı özünü prezident sarayının qarşısında yandırıb. Ölkə.az «İnterfaks» agentliyinə istinadən xəbər verir ki, İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyasının iştirakçılardan biri özünü Prezident Administrasiyasının qarşısında yandırıb. Ətrafdakılar alovu söndürə biliblər, intihara cəhd edən şəxs ağır yanıq xəsarətləri alıb.

Qeyd edək ki, polis bölməsini zəbt etmiş silahlılar təslim olsalar da, onları dəstəkləyən etirazçılar Prezident Administrasiyasının qarşısında toplaşmağa qərar veriblər. Sərkisyan odla oynadı və artıq onun sarayının qarşısında insanlar özlərinə od vurur. Bir gün bu odun erməni prezidentini yandırıb-yaxacağı da şübhə doğurmur. (Musavat)