“Bank sisteminə güvənmək üçün əsas qalmayıb”backend

“Bank sisteminə güvənmək üçün əsas qalmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank sisteminə güvənmək üçün heç bir əsas qalmayıb”.

Ekspert Əkrəm Həsənov bank sistemində son baş verənləri ümumiləşdirərkən belə deyib. Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərdiyi müraciətə verilən cavab bu qənaətə gəlmək üçün əsasdır: “İyulun 18-də prezidentin iqtisadi islahatlar üzrə köməkçisinə, maliyyə nazirinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərinə müraciət göndərmişdim.

Bank sisteminin etibarlılığının artırılması üzrə prezidentin onlara verdiyi tapşırığın icrasına dair iki təklif vermişdim: Təklif etmişdim ki, bankların hesabatları açıqlansın. Banklar qanunvericiliyi pozaraq maliyyə göstəricilərini gizlədir və qeyri-şəffaf fəaliyyət göstərir, onların bu əməlinə son qoyulmalıdır. Bir də maliyyə sisteminə zərər vurmuş şəxslərin məsuliyyətinin vacibliyini bildirmişdim. Bankların müflisləşməsində təqsiri olan bank sahibləri və rəhbərləri, habelə bank nəzarəti orqanının müvafiq işçiləri məsuliyyətə cəlb edilməli və maliyyə sektorundakı qanunsuz fəaliyyətə görə cəzasızlığın hökm sürməsinə son qoyulmalıdır. Müraciətimə Palatadan cavab almışam. Palatanın operativliyini yüksək qiymətləndirirəm.

Amma aldığım cavab bank sistemimizin gələcəyinə ümidimi qırdı. Belə ki, birinci məsələ üzrə palata rəsmiləri bildirir ki, banklar tərəfindən hesabatların açıqlanması ilə bağlı ”müvafiq tapşırıqlar verilir, tələblərin icrası daim diqqət mərkəzində saxlanılır\”. Amma məhz bu ilin ikinci rübü üzrə hesabatı 33 bankdan cəmi 8-i açıqlayıb. Belə göstərici heç Mərkəzi Bankın nəzarət dövründə olmamışdı. Bir sözlə, ya Palatanın fəaliyyəti səmərəsizdir, ya da banklar onunla hesablaşmır. Səbəbin bizim üçün fərqi yoxdur. Sadəcə belə pozuntulara yol verən qeyri-şəffaf bank sisteminə etimad etmək olmaz. İkinci məsələyə palata ümumiyyətlə münasibət bildirməyib. Yəni bankları çökdürən şəxslərin məsuliyyətə cəlb edilib-edilməyəcəyi barədə heç nə demir. Maraqlısı odur ki, mənim müraciətimdən sonra palata təhrif edilmiş maliyyə hesabatları təqdim etdiklərinə görə 4 bankı bağlayıb. Bəs bu hesabatları hazırlayıb, imzalayıb göndərən şəxslər məsuliyyətə cəlb olunmayacaq? Olunmayacaqsa, digər banklar da hesabatları təhrif edəcək. Yalançı və saxtakar banklara necə etibar edək?\”

Ekspertin sözlərinə görə, palata yalnız bir məsələyə nisbətən ətraflı münasibət bildirib: “Söhbət Beynəlxalq Bankın sədr müavini Ülvi Mansurovdan gedir. Mansurov 3 il ərzində, 2012-2015-ci illərdə ”Texnikabank\”ın, yəni “Bank Technigue”nin sədri olub və faktiki olaraq əsasən onun yarıtmaz fəaliyyəti nəticəsində həm bu bank, həm də Əmanətlərin Sığortalanması Fondu müflisləşib. Qanuna görə son 1 ildə müflisləşmiş bankın rəhbərliyində olmuş şəxs 3 il ərzində hər hansı bankda rəhbər vəzifə tuta bilməz.

Yəni bir bankı pis günə qoymuş şəxs digər bankda rəhbər ola bilməz. Buna baxmayaraq, Ülvi Mansurov ən iri bankın – Beynəlxalq Bankın sədr müavinidir. Palata mənə yazır ki, “Bank Technigue”nin ləğvi haqqında qərar 10 fevral 2016-cı ildə qəbul olunub, Mansurov isə oradan 9 fevral 2015-ci ildə çıxıb. Yəni demək istəyir ki, bankın ləğvindən əvvəlki 1 il dövrdə orada çalışmayıb. Təsadüfə bir baxın: cəmi 1 illik dövr üçün 1 günün söhbəti gedir. Təsadüfdürmü? Bununla bağlı əvvəla onu bildirmək istəyirəm ki, 2015-ci ilin mətbu xəbərlərinə nəzər salsaq, görərik ki, Ülvi Mansurov “Bank Technigue”dən 9 fevralda deyil, 22 fevralda gedib. Amma lap tutaq ki, əslində 9 fevralda gedib, sadəcə mətbuat gec xəbər tutub.

“Texnikabank”ın lisenziyası 1 fevral 2016-cı ildə ləğv edilib. Bankın faktiki ləğvi prosesi Mansurovun “Bank Technigue”dən uzaqlaşdıqdan sonra 1 il ötməmiş başlanıb. Sadəcə, məhkəmə qərarı nədənsə 9 gün sonra qəbul edilib. Müqayisə üçün deyim ki, bu ilin 21 iyulunda lisenziyası alınmış 4 bank üzrə məhkəmə qərarı bir gün sonra- 22 iyulda qəbul edilib. Görəsən, işin məhkəməyə ləng getməsi, yaxud məhkəmənin “Bank Technigue” üzrə qərarı 9 gün sonra verməsi nə ilə bağlıdır?

Özü də elə bir tarixdə ki, məhz həmin gündən etibarən Mansurovun bankdan çıxmasından 1 il ötüb? Yəni biz bunun təsadüf olduğuna inanmalıyıq? Palata həqiqətən buna inanır?

Ümumiyyətlə, məsələnin formal tərəflərini kənara qoysaq belə, palata doğrudan da hesab edir ki, “Bank Technigue”ni müflis dərəcəsinədək idarə etmiş və nəticədə Əmanətlərin Sığortalanması Fondunu da pulsuz qoymuş Ülvi Mansurov məsuliyyətə cəlb edilmək əvəzinə daha iri bankda yüksək vəzifə tutmağa layiqdir? Belə hesab edirsə, onda mənim daha sözüm yoxdur. Amma mənim rəyimi bilmək istəyənlərə məcburam deyim ki, ölkənin maliyyə sabitliyinin təmin edilməsi üzrə real işlər görülmür, deməli, maliyyə sektorunun gələcəyi yoxdur və ona etibar etmək olmaz. Bir müddət sonra xəstə banklara nəzarət edən palatanin yerinə Maliyyə Bazarlarının Reanimasiyası Şöbəsi yaransa, təəccüblənməyin\”.

İnterpress.az