Amerikalıların vaxt anlayışıbackend

Amerikalıların vaxt anlayışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Arzularınız sizi qorxutmursa, demək onlar yetəri qədər böyük deyil”. Bu sözlər mənə yox, Ellen Conson Sirlifə (Ellen Johnson Sirleaf) aiddir.
Qarşıya hədəflər qoyarkən, onlara sərhədlər çəkmək uğursuzluğa aparan yolun başlanğıcıdır. Amerikanın beyin axının əsas istiqamətlərindən biri olması heç də təsadüfi deyil. Okeanın bu tərəfində yaşından, irqindən, tutduğu mövqe və vəzifəsindən asılı olmayaraq insan beyninin məhsuluna önəm verilir. Düzdür, demokratiya anlayışı bütün ölkələrdə nisbi xarakter daşıyır. Amma demokratiyanın ən gözəl təzahürlərindən biri – insanların öz ideyalarını reallaşdıra bilməsi üçün şərait Amerikada mövcuddur.

Dünyanın nüfuzlu tədris ocaqlarından olan Yale, Harvard, Stanford, UCLA, John Hopkins, Cleveland universitetlərinin professorlarına elektron məktub ünvanlayırsan və bir neçə gündən sonra onlardan motivasiya ilə dolu və səni irəliyə doğru addım atmağa daha da həvəsləndirən cavablar alırsan. Artıq Amerikada ikən onların bəziləri ilə telefon vasitəsilə əlaqə zamanı sənin öz haqqında verdiyin informasiyaya nə qədər önəmlə yanaşdıqlarını hiss edirsən. Heç biri tututduqları mövqeyə necə gəldiklərindən, elmi jurnallarda çıxan məqalələrinin sayından, apardıqları əhəmiyyətli elmi araşdırmalardan danışmır. Çünki onlar sənin haqqında eşitmək istəyirlər. Qəribədir ki, “Ağac bar verdikcə başını aşağı əyər” – atalar sözümüzün də təzahürü Amerikalılarda daha çox büruzə olunur.

Nüfuzlu yerlərdə çalışan şəxslərin qəbuluna düşmək üçün burada da bəzən tanışlıqlar lazım olur. Amma bu tanışlıqlar istedadsız insana iş vermək tanışlığından tam fərqli xarakter daşıyır. Bu tanışlıq sadəcə sənə həmin insanla görüşmək şəraiti yaradır ki, ideyaların, məqsədlərin barədə məlumat verəsən. Qane edə bilməsən, heç bir zəng sənə kömək edə bilməyəcək. Amerikada sənə zaman ayrılır və bu zamanı düzgün qiymətləndirməlisən. Vaxt anlayışı amerikalı üçün çox önəmlidir və elə etməlisən ki, onlar sənə ayırqıdları vaxtı boş zaman itkisi kimi bir kənara yazmasınlar.

Amerikada təsadüfi qarşılaşdığınız insanlarla tam sərbəst söhbət etmək adi haldır. Təbii ki, kiminlə söhbətə başlayacağınıza və necə danışacağınıza özünüz qərar verirsiniz. Bu təsadüflərdən biri nəticəsində tanış olduğunuz həkimlə işləməyə də başlaya bilərsiniz. İşinizin birinci günüdür və həkim gələn xəstələrə onların Azərbaycanlı gənc həkim tərəfindən müayinə olunacağını deyir və Amerikalı xəstələr həkimi kənara çəkib – “Axı bu kimdir, Azərbaycan haradır?” – suallarını vermir, əksinə,- “Çox gözəl, bizim bu gün bəxtimiz gətirib, beynəlxalq heyət tərəfindən müayinə olunacayıq”– deyir. Söhbət əsnasında isə Azərbaycanın ana dili, oradakı adət -ənənələr, insanlar barəsində yorulmadan suallar verirlər.

Həyatda hər şey insan üçündür. Yaxşı və ya pisi seçmək isə bizim iqtidarımızdadır. Hədəflərə doğru addım atmaq lazımdır. Çünki istənilən yol addımla qət edilir.

Ülviyyə Qasımova
İnterpress.az