ABŞ Ermənistanda Rusiya əleyhinə “Qarabağ bombası” hazırlayırbackend

ABŞ Ermənistanda Rusiya əleyhinə “Qarabağ bombası” hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva-Ankara münasibətlərinin normallaşması Güney Qafqaz uğrunda ABŞ-Rusiya rəqabətinə xüsusi rəng qatıb.

Rusiyalı ekspert: “Kremlin üç stulda əyləşmək siyasəti yanlışdır, Türkiyə və Azərbaycan bizə Ermənistandan qat-qat vacibdir…”

Dağlıq Qarabağ məsələsində aprel döyüşlərindən sonra ATƏT-in Minsk Qrupu həmsədrləri səviyyəsində bir müddət özünü göstərmiş həmrəylik və fəallıq daha gözə dəymir. Sülh danışıqları sanki növbəti dəfə dalana girmiş kimidir. Bunun bir səbəbi, nə qədər qəribə də olsa, Güney Qafqazda iki supergücün – Rusiya və ABŞ-ın toqquşan maraqlarıdır.

Gerçək belədir ki, bu iki dövlət Minsk Qrupunun həmsədrləri qismində ixtilafın həlində nə qədər maraqlı olduqlarını bəyan eləsələr də, ortaq hərəkət imitasiyası yaratsalar da, məhz toqquşan regional maraqlar onları daima bir-birinə ehtiyatlı və şübhəli baxmağa vadar edir.

Bu və digər səbəbdən öncəliklə ABŞ Rusiyanın Qarabağ məsələsində açar roluna əslində qısqanclıqla yanaşır. Ona görə ki, Ağ Ev münaqişənin sırf Kremlin patronajlığı ilə həlli olunmasının bölgədə Rusiyanın nüfuzunun və dominantlığının güclənməsinə gətirəcəyinin fərqindədir. Ermənistandakı son kritik olaylar və bu olaylar zamanı Qərbin faktiki surətdə radikal silahlı qüvvələrə – anti-Sərkisyan qüvvələrinə gizli-aşkar dəstək verməsi də göstərdi ki, Amerika ilə Rusiya arasında Güney Qafqaz uğrunda rəqabət şiddətlənib və bəlkə də həlledici fazaya adlayıb.

Türkiyə-Rusiya barışması fonunda bu, rəqabət indi daha aktual görünür. İstisna deyil ki, Kremli Ankara ilə barışa vadar edən motivlər arasında bu amil da mühüm rol oynayıb. Çünki siyasi analitiklər son zamanlar qonşu Gürcüstanda xeyli dərəcədə möhkəmlənən ABŞ-ın növbəti mərhələdə Ermənistana girişəcəyi real sayırlar.

Qərbin bölgədəki bu de-marşını isə Moskva Qərblə bəlli səbəblərdən indi çox da isti münasibətlərdə olmayan Türkiyə ilə yaxınlaşmaqla önləyə bilər(di). Yeri gəlmişkən, bu yaxınlaşma İran da cəlb olunmaqla Suriya böhranının həllində özünü göstərməyə başlayıb. Suriyadan sonra üçlük Güney Qafqazla, Qarabağ məsələsi ilə bağla ortaq məxrəcə gələ bilər – həm də Qərbin, ABŞ-ın buradakı dominantlığına yol verməmək üçün.

“Hazırda ABŞ Dağlıq Qarabağ konfliktindən Rusiyanın Cənubi Qafqazda mövqelərini zəiflətmək vasitəsi kimi istifadə edir”. Bu barədə rusiyalı ekspert, Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev “Vestnik Kavkaza” açıqlamasında bölgədə ABŞ-Rusiya rəqabətinin xarakterini və perspektivinin şərh edərkən deyib.

Onun sözlərinə görə, bu yöndə rəsmin Vaşinqtona Ermənistandakı anti-Sərkisyan qüvvələri kömək edir. “ABŞ gizlətmir, əksinə açıq şəkildə bəyan edir ki, onun üçün Ermənistan Cənubi Qafqazda və Yaxın Şərqdəki siyasətini həyata keçirmək üçün əsas platsdarm rolunu oynayır. Bu səbəbdən ABŞ-ın guya prezident seçkilərinə, Suriyaya, İraqa, Əfqanıstana başı qarışması səbəbindən Qarabağ münaqişəsi ilə maraqlanmadığı barədə səslənən bəyanatlar blefdir”, – deyə ekspert qeyd edib və diqqəti həm də ona yönəldib ki, İrəvandakı Amerika səfirliyi əməkdaşlarının sayına görə dünyada ikinci böyük səfirlikdir.

Onun qənaətincə, Birləşmiş Ştatların Ermənistanda əsas marağı Rusiyanı buradan və Suriyadan sıxışdırıb çıxarmaq, Ermənistanda özünün hərbi bazasını yerləşdirməkdir. Rusiyalı ekspertə görə, ABŞ habelə Ermənistanda Rusiyanın xarici siyasətdəki səhvlərini öz xeyrinə çevirməklə Ukraynadakı proqram üzrə hərəkət edir.

“Mənim fikrimcə, Rusiyanın həm Türkiyə və Azərbaycanla əlaqələri möhkəmlətmək, həm də özünün əsas tərəfdaşı Ermənistanla birgə olmaqla üç stulda əyləşmək siyasəti uğursuzluğa uğrayır. Çünki bizim bu iki ölkədə iqtisadi maraqlarımız qat-qat çoxdur, nəinki Ermənistanda – hansını ki, faktiki surətdə dotasiya ilə saxlayır, hərbi mövcudiyyətimizlə onun təhlükəsızliyini təmin edirik. Həmçinin bölgə üçün aparıcı problem olan Qarabağ məsələsində heç cür öz mövqeyimizi dəqiqləşdirə bilmirik” – daha sonra analitik bildirib.

Rusiyalı ekspert ardınca deyib: “ABŞ problemin həlli üçün danışıqlar prosesinin Madrid prinsipləri əsasında aparılmasının zəruriliyini sözdə bəyan eləsə də, əslində Ermənistan daxilində Rusiyanı rusofob ovqata tuş eləmək istəyir, nədən ki, Moskva münaqişənin nizamlanmasında aktiv iştirak edir. Lakin hələ ki konflikt həll edilə bilmir, Ermənistanda belə bir ovqat var ki, Rusiya öz strateji müttəfiqinə açıq şəkildə dəstək vermir”.

Analitik son bir ildə Ermənistanda anti-Rusiya ovqatının 18%-dən 82%-ə çatmasını da təsadüfi hesab eləmir. “Fakt budur ki, önümüzdə Ukrayna ssenarisi təkrarlanır. Əlbəttə ki, Ermənistan və Ukrayna fərqli ölkələrdir, Ukrayna polietnik, Ermənistan isə monoetnik ölkədir və üstəlik, ondan ötrü Qarabağ məsələsi əsas problemdir. Nə qədər ki, ABŞ Azərbaycanla Ermənistanı aktiv döyüş əməliyyatlarına sövq edir, konfliktin nizamlanmasına kimi situasiya dəyişməyəcək”, – deyə ekspert ehtimal edib.

“Əgər Dağlıq Qarabağ münaqişəsi yenidən alovlansa, Orta Asiya da alovlanacaq, ardınca Rusiyanın Şimali Qafqazına təzyiqlər başlayacaq. Bu isə Rusiyanın ərazi bütövlüyü üçün barıt çəlləyidir. Qarabağ isə bütün bunlar üçün başlanğıc rolunda olacaq. Unutmaq olmaz ki, 1980-ci illərin sonlarında SSRİ-nin çöküşünün əsas detonatorlarından biri məhz xaricdən fəal şəkildə qızışdırılan Dağlıq Qarabağ konflikti olub” – sonda politoloq əlavə edib.

Beləliklə, rusiyalı ekspertin açıqlamalarından belə bir qənaət hasil olur ki, Qarabağ məsələsinin tezliklə dinc yolla həllini gözləməyə dəyməz, ən azı ona görə ki, Qarabağ iki qlobal güc arasında nifaq alması qismində qalmaqda davam edir. ABŞ-ın Rusiya əleyhinə “Qarabağ bombası” hazırlaması haqda şok iddiasının nə dərəcədə real olduğunu isə yəqin ki, yaxın perspektivdə, habelə Suriya böhranının hansı şəkildə çözülməsi fonunda biləcəyik. ( musavat.com )

İnterpress.az