MSK Müsavatın təşviqat qrupunu qeydə almadıbackend

MSK Müsavatın təşviqat qrupunu qeydə almadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qeydə alınmamaq bizi mübarizədən çəkindirməz”

Avqustun 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda referendumla bağlı Müsavat Partiyası tərəfindən yaradılmış “Respublika” təşviqat qrupunun qeydə alınması məsələsinə baxılıb.

Çıxış edən MSK katibi Arifə Muxtarova deyib ki, “Respublika” təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayı tələb ediləndən az olub: “3604 imza etibarsız sayılıb. Qalan 35 mindən bir qədər çox imza təşviqat qrupunun qeydə alınması üçün kifayət deyil. Bilirsiniz ki, qeydə alınmaq üçün ən azı 40 min etibarlı imza olmalıdır” .

Beləliklə, MSK “Respublika” təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi barədə qərar verib.

Bununla da referendumla bağlı yaradılan yeganə müxalif təşviqat qrupu referendum öncəsi təbliğat-təşviqat kampaniyasında iştirak etmək hüququndan məhrum olub.

Müsavat Partiyası MSK-nın qərarının qanunsuz və siyasi sifarişlə çıxarılmış qərar olduğunu bildirir. Partiyanın Divan üzvü Razim Əmiraslanlı bu barədə açıqlamasında bildirdi ki, bu, birmənalı olaraq siyasi qərardır: “Biz əvvəldən də bəyan etmişdik ki, ”Respublika\” təşviqat qrupunun qeydə alınmaması üçün heç bir hüquqi əsas yoxdur, imzalar dəqiqliklə toplanıb və təcrübəli seçki mütəxəssisləri tərəfindən yoxlandıqdan sonra MSK-ya təhvil verilib. Bəyan etmişdik ki, “Respublika” təşviqat qrupu yalnız siyasi qərarla qeydə alınmaya bilər. Belə də oldu. Aydın olur ki, hakimiyyət bu referendumu səssiz-küysüz keçirmək istəyir. MSK-ya təqdim olunmuş imzalar bir-bir yığılmış və sonradan seçki qərargahında mütəxəssislərimiz tərəfindən yoxlanılmışdı. İmzaların saxta çıxarılması bəhanədir\”.

Müsavat Partiyasının bundan sonra hansı addımlar atacağına gəlincə, R.Əmiraslanlı dedi ki, bundan sonra atılacaq addımlar partiyada ciddi müzakirə olunacaq: “Bura kütləvi aksiyalar, seçkini müşahidə və s. daxildir. Bütün bunlara müzakirələrdən sonra qərar veriləcək. Təşviqat qrupunu qeydə almayıblar, ancaq düşünməsinlər ki, Müsavat Partiyası referendum prosesindən kənarda dayanacaq. Qeydə alınmamaq bizi mübarizədən çəkindirməz. Həm kütləvi aksiyaların keçirilməsi, həm müşahidə işinə diqqəti daha da artıracağıq”.

Müsavat Məclisinin üzvü Mirbaba Babayev isə sosial şəbəkədə bildirib ki, əgər Müsavat 60 min imza yığsa idi, onun 21 minini “saxta” çıxarıb yenə qeydə almayacaqdılar: “İntellektual mübarizədə hakimiyyət müxalifətdən çox zəifdir, müxalifətin xalqla təması üçün yarana biləcək kiçik pəncərədən – Müsavatın referendumla bağlı debatda iştirakından qorxdu. Buna ayrı ad vermək olmaz”. ( musavat.com )

İnterpress.az