Əli Kərimliyə “ümummilli lider” işarəsi müxalif düşərgəni qarışdırdıbackend

Əli Kərimliyə “ümummilli lider” işarəsi müxalif düşərgəni qarışdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümid Partiyasının keçmiş funksioneri Nəsimi Məmmədli sosial şəbəkədə AXCP sədri Əli Kərimlini “ümummilli lider” adlandırıb ki, bu da müxalifət düşərgəsini iki hissəyə ayırıb. AXCP funksionerləri və fəalları onun statusunu həvəslə paylaşsalar da, digər müxalif qurumların təmsilçiləri N.Məmmədlinin statusunun əleyhinə çıxıblar.

Demokratik düşərgəni qarşı-qarşıya qoyan statusda bu sözlər yer alır: “Azərbaycanda kütləvi dinc demokratik mübarizəyə, qanunsuz həbsə və hətta xalqının hüquqları uğrunda şərəfli ölümə hazır olan yeni bir ümummilli liderin milli iradəsinin ilk sədası eşidilir”.

Göründüyü kimi, statusda konkret ad çəkilməyib. Amma yazılan rəylər və AXCP fəallarının mövqeyindən aydın şəkildə N.Məmmədlinin Ə.Kərimlini nəzərdə tutduğu sezilir. Status ətrafında ciddi qarşıdurma da yaşanır. AXCP fəalları status müəllifini qınayanlara aşağılayıcı tonda cavablar verirlər.

N.Məmmədli paylaşdığı statusun geniş rezonans doğurması ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Son dövrlər mütəmadi olaraq ümumi müzakirə mühiti üçün müxtəlif fikirlər yazıram. Bu da onlardan biri idi. Kimisə təhqir etmədən, aşağılamadan, xüsusilə də ad çəkmədən ümumi bir fikir yazdım və onun ətrafında hansısa müzakirələrin olacağını da istisna etmirdim. Toplumda ümumi möhkəmlənmiş bir baxış var. Əksəriyyət mütləq bir liderin varlığına sığınaraq siyasi mübarizə aparmaq istəyir. Bu istər müxalifət partiyalarının üzvləri və tərəfdarları olsun, istərsə də sadə xalq. Əhalinin real durumunu çox yaxşı bilən bir insan kimi ictimaiyyətə çatdırmaq istədim ki, böhranın dərinləşməkdə olduğu bir dönəmdə əsassız həbslərin davam etməsi bir gün fərqli reaksiya doğuracaq. Narazı xalqın hansısa etirazlara dəstək verməsi və kütləvi qoşulması hər an baş verə bilər. Ölkədə bunun üçün şərait sürətlə yetişir. İndiki dönəmdə sətiraltı ifadələrlə yeni bir liderin ”milli iradəsinin ilk sədası eşidilir\” fikri həm hüquq tanımayan bir hökumətə, həm topluma, həm də müxalifətin sadə nümayəndələrinə fəal bir vətəndaş mesajıdır\”.

Əli Kərimliyə “ümummilli lider” işarəsi müxalif düşərgəni qarışdırdı

Sabiq Ümid funksioneri onu tənqid edənlərə də münasibət bildirdi: “İctimai müstəvidə müzakirə yaradan bir fikir sahibinə qarşı tənqidlər olmalıdır və hətta lazımdır. Amma fikrini və ya şəxsiyyətini bəyənmədiyimiz şəxsə qarşı qarayaxmaq, ləkələmək, iftira etmək, qərəzlə davranmaq siyasi iddiası olan insanlar üçün xüsusilə də yolverilməzdir. Təəssüf ki, belələri az deyil. Sosial şəbəkələr elə bir müstəvidir ki, burada hər kəs yazır, oxuyur və fikir bildirir. Təəssüf ki, bu müstəvidə xeyli əxlaqsız və savadsız şəxslər də bilgisayar qarşısındadır və ümumi müzakirə mühitini korlamaq üçün fürsət gözləyirlər. Heç olmasa bunu siyasi mənsubiyyət daşıyan şəxslər etməməlidir. Ölkədə bu qədər vacib problemlər olduğu halda, bəzi müxalif partiya funksionerinin öncəliyi heç də ürəkaçan deyil. Əks fikirdə olmaq istəyənlər daha çox onun üzərinə vurğu salmaq istədilər ki, ”ümummilli liderlər, xilaskarlar yalnız totalitar və avtoritar cəmiyyətlərdə olur\” və “bizim can atdığımız cəmiyyətdə kimliyindən asılı olmayaraq ümummilli liderə yer yoxdur”. Bunu zaman göstərəcək ki, kim haqlıdır. Məgər milli- azadlıq hərəkatının vahid lider ətrafında hakimiyyətə gəlməsini avtoritar hakimiyyət etdi? Elə hamımızın yaxşı tanıdığı Qandi və ya Atatürk ümummilli lider deyildimi? Onları da sağlığında və bu gün də qəbul etməyən sosial-siyasi qruplar var. Amma bu o demək deyil ki, onlar ümummilli lider deyil. Liderlik hər zaman aktualdır və proseslərin lokomotivi rolunda əhəmiyyətli funksiyaya malikdir. Antidemokratik rejimlərin seçkilərində yüz minlərin səsini və dəstəyini qazanıb ən parlaq alternativ namizəd olmaq olar, lakin liderlik xarakteri çatmırsa, ümummilli bir prosesi yarada bilməz və məğlubiyyətlə barışmağa məhkumdur. Ümummilli lider axtarmağa əlbəttə ki, zərurət yoxdur. Aydın hədəf və iradə qoyan şəxs mütləq prosesin liderinə çevriləcək. Hökumət isə bu halı qəbul etmədikcə cəmiyyətə təzyiqi artıracaq və nəticəni sürətləndirəcək. Prosesi düzgün idarə etməklə müsbət nəticə almaq olar\”.

N.Məmmədli statusda konkret ad çəkməməsinə aydınlıq gətirdi: “Konkret ad çəkib deməmişəm ki, filankəs ”ümummilli liderdir\”. Ümumi fikir ifadə etmişəm ki, “kütləvi dinc demokratik mübarizəyə, qanunsuz həbsə və hətta xalqının hüquqları uğrunda şərəfli ölümə hazır olan yeni bir ümummilli liderin milli iradəsinin ilk sədası eşidilir”.

Ölkəmizin müxtəlif dönəmlərində ümummilli liderlik funksiyasını üzərində daşıyan siyasətçilər olub və birinin də bu sıraya qoşulması ehtimalını hiss etməyim heç də onun ortada olmasını iddia etmək deyil. Amma müzakirələr göstərdi ki, siyasi baxışlarına uyğun olaraq bəzi insanlar hesab edir ki, artıq belə bir lider var. Bəziləri isə deyir ki, yoxdur və ümumiyyətlə siyasi prosesə lider lazım deyil. Bu fikirlərə qətiyyən müdaxilə etmirəm\”.

N.Məmmədli fikirlərinin üstündə qaldığını da qeyd etdi: “Aydın və birmənalı iddia edirəm ki, uğurlu kütləvi proses lidersiz baş verməyəcək. Mərhum eks-prezident Heydər Əliyev 1991-ci ilin martında öz tərəfdarlarına və xalqa müraciət etdi ki, hamılıqla AXC-yə dəstək olun. Bu, o zaman üçün ən doğru siyasi gediş idi. Bir qüvvəni önə çıxarmaqla prosesi aparmaq mümkün idi. O davranış sonradan Heydər Əliyevin hakimiyyət yolunun açılmasında da xüsusi rol oynadı. Mən məsələyə daha qlobal baxışın tərəfdarıyam. Proseslər onu göstərir ki, ölkəmizdə kütləvi dinc demokratik mübarizəyə, qanunsuz həbsə və hətta xalqının hüquqları uğrunda şərəfli ölümə hazır olan yeni bir liderin ortaya çıxacağı ehtimalı çox yüksəkdir. Əlbəttə ki, onu qəbul etməyən və müqavimət göstərənlər də az olmayacaq”. ( musavat.com )

İnterpress.az