“Ucqar kəndlərə sahibkar cəlb etmək çox çətindir”-  Müsahibə-ÖZƏLbackend

“Ucqar kəndlərə sahibkar cəlb etmək çox çətindir”- Müsahibə-ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az– ın suallarını Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı cavablandırıb. Müsahibəni təqdim edirik[/b].

-Bölgələrdə sərnişindaşıma sahəsində müəyyən problemlər var və DANX tərəfindən bu məsələlərin həlli üçün mərhələlərlə hansı işlə görülməkdədir?

-Bildiyiniz kimi, ölkəmizdə sərnişindaşıma xidməti özəl sahibkarlar tərəfindən həyata keçirilir. Sahibkarlar bu sahə üzrə regionlarda fəaliyyətə başlayanda, o zamanlar, yəni 15-20 il öncə xidmət keyfiyyətini təmin edən nəqliyyat vasitələri, avtopark və digər avadanlıqlar standartlara cavab verirdi. Lakin hazırda belə deyil. Regionlarımızda sərnişindaşıma xidməti həyata keçirən avtobusların əksəriyyəti təzə deyil, yəni 10-15 il istismar edilmiş və kiçik tutumlu avtobuslardır. Avtoparkların vəziyyəti qənaətbəxş deyil. Maliyyə çatışmazlığı səbəbindən, həmçinin, devalvasiyadan sonra, yeni valyuta məzənnəsini göz önünə gətirsək, nəqliyyat xərclərinin kifayət qədər artdığını görürük. Bu mənzərənin fonunda sahibkar avtobuslarını və avtoparkı yeniləyə bilmir. Gedişhaqqının minimum məbləğdə olması Tarif Şurası tərəfindən tənzimlənir, onun artırılması hələlik məqsədəuyğun hesab edilmir.

– Bəs sahibkarların qarşısında hansı problemlər var?

-Regionlarda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahibkarın işini daha da çətindir. Onun kiçik məbləğdə gündəlik qazancı yeni avtobusu almağa zəruri olan kredit ödənişlərini təmin etməyə qadir deyildir. Eyni zamanda, şəhərdaxili yollardan fərqli olaraq, bəzi sərhədyanı rayonlarda və ucqar kənd yollarında sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlar çətin yol şəraiti səbəbindən əziyyət çəkirlər. Təbii ki, biz yolun əlverişsiz olması səbəbindən, həmin əraziləri də nəqliyyatsız qoya bilmərik. Yəqin razılaşarsınız ki, ucqar kəndlərə sahibkar cəlb etmək çox çətindir. Gəlir xərcləri ödəmir və nəticədə sahibkar bu ərazidə sərnişindaşıma fəaliyyəti göstərmək istəmir.

– Bütün bu problemləri nəzərə alsaq, vəziyyətdən çıxış yolu kimi sahibkarlara hansı şərait yaradılmaqdadır?

-Hazırda Tovuz, Ağstafa, Qazax, Şəmkir, Zaqatala, Qax, Cəlilabad, Salyan, Neftçala rayonlarında şəhərdaxili sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlığın inkişafına dəstək verən kredit hesabına köhnə avtobusların bir hissəsi yeni və orta tutumlu avtobuslarla əvəzlənib. Digər regionlarda da bu işlərə start verilib və yaxın gələcəkdə nəticələri birlikdə görəcəyik. Ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq, nəqliyyat naziri Ziya Məmmədov hər ay bölgələrə səfərlər edərək vətəndaşları qəbul edir. Şikayət və təkliflər, sahibkarların müraciətləri dinlənilir. Yerindəcə qərarlar qəbul edilir, əsasən əhalinin nəqliyyatla əlaqədar problemlərinin operativ həll olunmasına çalışılır. DANX regional nümayəndəlikləri də bu istiqamətdə mütəmadi olaraq tənzimləmə və maarifləndirmə işləri aparır. Əhaliyə nəqliyyat xidmətlərinin yaxşılaşdırılması üçün bir-neçə istiqamətdə əməli tədbirlər görülür. Xüsusilə, avtoparkı standartlara cavab verməyən, texniki avadanlıq çatışmazlığı olan və sərnişindaşıma xidməti göstərən fiziki şəxslərin hüquqi şəxs qismində maddi texniki baza yaradaraq birgə fəaliyyəti təşkil edilir.

Yeni salınan infrastruktur hansılardır?

-Həmçinin, regionlarda yeni tipli, müasir avtovağzalların tikilməsi və fəaliyyət göstərməsi üçün yerli sahibkarların bu sahəyə investisiya yatırımı üçün cəlb edilməsi qismində rayon və şəhər icra hakimiyyətlərinin nümayəndələri ilə görüşlər keçirilir, danışıqlar aparılır. Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən regionlarda şəhərdaxili (rayondaxili) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq işlər görülür və daha yaxşı nəticə əldə etmək üçün tədbirlər planı işlənib hazırlanır və bu işlər daim diqqət mərkəzində saxlanılır.

Gülşanə Mustafayeva
İnterpress.az