İçimizdəki “terrorçu”backend

İçimizdəki “terrorçu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan tələfatı və maddi itkilərlə nəticələnən bu zorakılıq aktı mülki əhalidə qorxu-təşviş yaratmaqla yanaşı, bəzi zəif xarakterli insanlarda bu təsir zorakılığa və şiddətə meyil kimi büruzə verir. Elə şəxsiyyət tipləri var ki, onlar zorakılığa meyillidir. Elə tiplər də var ki, onlar həddən artıq zorakılığa meyillidir. Belə insanlar antisosial olurlar. Yəni insan hüquq və azadlıqları, ümumiyyətlə humanizmin onlar üçün heç bir əhəmiyyəti yoxdur. Bəzi insanlar isə asanlıqla təsir altına düşə bilir, inandığı fikir və ya şəxsin təsiri ilə istənilən addımı ata bilir. Bu cür zəif xarekterli insanlar, dağıdıcı tempramentə malik insanlar kimi terror törədə bilirlər. Bəzi hallarda isə psixoloji sarsıntı yaşayan və ya psixi pozuntuları olan insanlar gördüyü işlərin mahiyyətini anlamaya bilərlər. Belələri doğru və yanlışı ayırmaqda çətinlik çəkirlər.

Bəs könüllü şəkildə terror təşkilatlarına qoşulan insanlar hansı amillərin təsiri ilə belə addım atırlar? “Terrorist” psixologiyasını formalaşdıran amillərlə bağlı psixoloqlar İnterpress.az saytına danışıblar.

Narınc Rüstəmova: “Zorakılıq psixologiyası xüsusilə yetkinlik yaşına çatmamış və 30 yaşa qədər olan insanlarda özünü göstərir. Yetkinlik yaşına çatmayan insanların terrora cəlb olunması, sosial şəbəkələrdə və digər platformalarda təbliğatın aparılmasından qaynaqlanır. Sosial şəbəkələrdə nəzarətin olmaması müxtəlif mövzuların müzakirəsinə imkan yaradır, açıq və ya üstüörtülü formada təbliğat işləri aparılır.

Nəinki sosial şəbəkədən istifadə edəcək yaşda olanlar, eyni zamanda uşaqlar da oyunlar vasitəsilə bu təsirə məruz qalırlar. Qan, şiddət, zorakılıq dolu aqressiv oyunlar uşaqlara şüuraltı olaraq böyük təsir göstərir. Belə oyunlar uşaqlara insanları öldürməyin, soyğunçuluq etməyin təbliğ edilməsi məqsədi daşıyır. Məsələn, “GTA” oyununda istifadəçi soyğun edərək və insanları öldürərək daha çox bal toplayır, beləliklə bu proses şüuraltı olaraq adiləşdirilir və virtual həyatdan kənarda da zorakılığa müəyyən bir meyil yaradır. Birmənalı olaraq, belə problemlər bizim çevrəmizdə də mövcuddur, yeniyetmə və gənclərin Suriyaya və ya digər ölkələrə terrorizmə dəstək məqsədilə üz tutması bunun bariz nümunəsidir. Dünyanın bir çox ölkəsində bu tipli insanlara rast gəlmək olar. Xüsusilə valideyn himayəsindən məhrum olmuş, natamam ailələrdə (boşanmış) böyümüş insanlarda nəzarətsizlikdən və ya qayğısızlıqdan zorakılığa meyil görülür. Həmçinin psixoloji sarsıntılar keçirən, özünəqapalı, ünsiyyətdən qaçan insanlarda terrora qarşı marağa daha çox rast gəlinir. Özünü ifadə etməkdə problemi olmayan, ünsiyyətcil, özünə sosial status əldə etmiş insanlar belə təsirlərdən qorunmağa qadir olur. Heç vaxt eşitməmişik ki, cəmiyyətdə uğur qazanan şəxs kamikadze olsun və ya digər zorakılıq aktlarına meyil etsin.

İçimizdəki “terrorçu”

Gender aspektindən fikir versək, terror təşkilatlarına qoşulmağa daha çox kişi cinsinin nümayəndələri maraqlı olurlar. Çünki kişilərdə daxili aqressiya daha yüksək olur, qadınlar isə kişilərə nisbətən emosianal olduğuna görə öz problemlərini daha rahatlıqla ifadə edə bilirlər. Hansısa insan özündən kamikadze kimi istifadə edilməsinə könüllü şəkildə imkan yaradırsa, bu cür insan psixoloji cəhətdən heç bir zaman normal hesab edilə bilməz. Həmçinin cəmiyyətdə uğursuz olmuş, seçilməyən insanlar da terror aktı törətməyi fərqlilik hesab edir, beləliklə özünü bir növ təsdiq etdiyini düşünür. Hansısa sektalara, satanist qruplara və ya radikal qruplaşmalara qoşulan gənclərdə də bu vəziyyəti müşahidə etmək mümkündür. Beləliklə, həmin insanlar öz fərqliliyini sübut etdiklərini və cəmiyyətdə bununla tanındıqlarını düşünürlər”.

Dəyanət Rzayev: “Bu proses birdən-birə yaranan məsələ deyil, tədricən təsir göstərən amillər kompleks vəziyyətə gəlir və dağıdıcı fəaliyyətlər meydana çıxır. Birinci növbədə təbliğatın əhəmiyyətini qeyd etmək lazımdır ki, bu cür insanlar mənəvi motivasiya alaraq terrora və digər zorakılıq aktlarına meyl edirlər. Bu motivasiya müxtəlif vədlər şəklində ola bilər, məsələn, “cənnət” idealı. Digər bir tərəfdən tez-tez istifadə edilən üsullardan biri də şantajdır. Şantaj vasitəsilə insanları istənilən istiqamətə yönəltmək mümkün olur. Bəzi hallarda hətta psixotrop dərmanlardan da istifadə edərək insanları normal halından çıxararaq onlardan ictimaiyyət üçün təhlükəli bir varlıq yaratmaq da mümkündür”.

İçimizdəki “terrorçu”

Aytək Yusifsoy
İnterpress.az