“Höküməti  qarşıda çox çətin bir dövr gözləyir”backend

“Höküməti qarşıda çox çətin bir dövr gözləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə baş verən iqtisadi prosesləri ekspertlər müxtəlif cür şərh edirlər. İqtisadçı Samir Əliyev Azərbaycanın hazırkı iqtisadi vəziyyəti ilə əlaqədar İnterpress.az saytına açıqlama verib. İqtisadçı əvvəlcə ölkənin ümumi iqtisadi mənzərəsini təsvir edərək bildirib:

“Azərbaycan iqtisadiyyatı neftdən asılıdır, buna görə də Azərbaycan bu asılılığın fəsadlarını yaşayır. Neftin qiyməti aşağı düşür və beləliklə ölkəyə valyuta axını azalır. Nəticədə isə milli valyuta ucuzlaşır, bu ucuzlaşma əhalinin sosial vəziyyətinə neqativ təsir göstərir. Qeyri-ərzaq mallarının xaricdən gəlməsi onun qiymətinin bilavasitə artmasına səbəb olur. Fikir versək, ərzaq məhsularında da belə artım mövcuddur. Manatın ucuzlaşması bütün sahələrdə qiymət artımına səbəb olur, bu isə əhalinin sosial vəziyyətini çətinləşdirir”.

Samir Əliyev həmçinin əmək haqları, pensiya və müavinətlərin artırılması barədə fikirlərini bölüşüb:

“Əmək haqlarının, pensiya və müavinətlərin artırılması təbii ki, büdcə imkanlarından asılı olan bir məsələdir. Ölkə iqtisadiyyatı büdcə imkanlarından formalaşır ki, hazırda büdcə kiçilməyə doğru gedir. Sosial yönümlü investisiyaların atırılması, yəni əmək haqqı və təqaüdlərin artırılması böhrandan çıxmağa təsir etməyəcək, bu proses qiymətlərin də artmasını şərtləndirdiyi üçün ölkədə infliyasiya baş verə bilər”.

Problemlərin həll edilməsi üçün öz təkliflərini irəli sürən iqtisadçı, həll variantı kimi iqtisadi islahatların vacibliyini vurğulayıb:

“İqtisadiyyatı inkişaf etdirmək üçün iqtisadi böhranın təsirlərini minimuma endirmək vacibdir, bunun üçün isə investisiya yönümlü büdcə xərcləmələri artırılmalıdır. Çünki qeyri-dövlət, yəni-özel sektordakı investisiya çox aşağı səviyyədədir. Eyni şeyi neft sektoru üçün də demək olar, neft sektorunda xarici investisiyanın aşağı olması, əsas yükün ölkə büdcəsinin üzərinə düşməsinə səbəb olur. Bütün bunları nəzərə alsaq, hökümət üçün qarşıda çox çətin bir dövr durur. Hökümət müəyyən islahatlar həyata keçirməlidir. Bu islahatlara struktur islahatlar, institusional islahatlar və başqaları aiddir. Ölkə büdcəsinin yükü azaldılmalıdır. Büdcədən maliyyələşən qrupların sayının azaldılması, kommunal sektorun dövlətdən özəl sektora yönləndirilməsi istiqamətində addımlar atılmalıdır. Ən əsası bu gün daxili istehsal gücləndirilməlidir ki, bunun üçün sahibkarlara dəstək verilməlidir”.

Sonda isə Samir Əliyev gələcəkdə mövcud olacaq iqtisadi vəziyyətlə bağlı öz fikrini bildirib:

“Düşünürəm ki, dövlət əsasən sadaladığım məsələlərə fokuslanmalıdır,yəni bu problemlərin həlli ilə ölkədə müəyyən bir iqtisadi sabitlik mövcud olacaq. Əks halda isə manatın ucuzlaşması, qiymətlərin bahalaşması, yüksək inflyasiyanın olması, əhalinin isə sosial vəziyyətinin pisləşməsi halları baş verəcək”.

Aytək.Yusifsoy
İnterpress.az