Avropanın Türkiyə səddibackend

Avropanın Türkiyə səddi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı İnterpress.az saytına açıqlamasında bildirib. “Ərəb baharından” sonra Avropaya miqrant axını daha intensiv hal alıb. Yaranan bu situasiyanın fəsadlarını Avropa təkbaşına öz çiyninə götürməyib. Türkiyə bu yükün yüngülləşdirilməsi baxımından Avropa üçün əvəzedilməz müttəfiqdir.

İlk olaraq Araz Aslanlı məsələnin tarixi köklərinə diqqət çəkib: “Avropadakı miqrant problemi ilə bağlı Türkiyənin mövqeyi yeni mövqe deyil. İllərdir ki, Türkiyənin Avropa ilə münasibətdə əməkdaşlıq edərək, Avropa üçün bir qoruyucu sədd rolunu oynayır. Türkiyənin Avropaya inteqrasiyanın şiddətlənməsindən sonra bu proseslər daha da sürətləndi. Əvvəlki, yəni 1990 – cı illərdə bu məsələ xüsusilə bu cür qəbul edilirdi ki, Türkiyə Avropa İttifaqına üzv yox, tərəfdaş kimi lazımdır. Türkiyə bufer zona kimi Avropaya daxil olan qeyri-qanuni miqrant axınının qarşısını alaraq, regionda yarana biləcək hər hansı bir qeyri-sabitliyin qarşısında sədd rolunu oynasın. Eyni zamanda o, Avropa ilə əməkdaşlığa nail olaraq öz maraqlarını da həyata keçirə bilsin”.

Ekspert, Türkiyənin miqrant probleminin həllində əsaslı faktora çevrilməsini isə regionda baş verən qaynar proseslərlə əlaqələndirib: “Hal-hazırda isə Suriyadakı böhran, daha əvvəl İraqdakı böhran bu məsələni daha da aktuallaşdırıb. Yaxın və Orta Şərqdə baş verənlər miqrant axınını daha da kütləviləşdirdi. Həyat səviyyəsinin aşağı düşməsi, insan həyatı üçün təhlükələrin yüksək həddə çatması, bütün sahələrdə qeyri-sabitliyin olması Avropaya getməyi çıxış yolu hesab edənlərin sayını artırdı. Bu baxımdan Türkiyənin strateji-coğrafi durumu daha çox əhəmiyyət kəsb etməyə başladı”. QAFSAM-ın sədri həmçinin Avropa İttifaqı və Türkiyənin qaçqınlarla bağlı ortaq siyasətini, Avropanın verdiyi təklifləri də şərh edib: “Məsələnin həlli ilə bağlı Avropa Türkiyəyə bir sıra təkliflər irəli sürüb. Bunlardan biri də Türkiyəyə maliyyə yardımının edilməsinin qarşılığında həmin qaçqınları öz ərazisində saxlamasıdır. Türkiyə Avropaya keçmək istəyənləri öz qaçqın düşərgələrində saxlasın, imkan olduqda isə onları öz ölkələrinə geri qaytarsın. Bunların qarşılığında Türkiyəyə viza ilə bağlı güzəştlərin edilməsi qərara alındı və az qala bununla bağlı müəyyən razılaşmaya da gəlinirdi. Lakin hər iki tərəflə bağlı problemlər meydana gəldi. Nə Türkiyəyə verilməsi nəzərdə tutulan maliyyə tam olaraq reallaşdırıdı, nə də viza məsələsi həll olundu. Əksinə son dövrlərdə Türkiyə-Avropa İttifaqı münasibətləri daha çox gərginlik vəziyyətindədir”.

Sonda isə Araz Aslanlı miqrant probleminin Türkiyə üçün zərərlərindən danışıb: “Türkiyə bir neçə dəfə miqrantları öz ərazisində saxlamağa tam qadir olmadığını açıqlayıb. Baxmayaraq ki, bu humanist bir addımdır, lakin bu addımın qarşısında maddi baza dayanmalıdır. Həqiqətən də bu Türkiyə üçün həddən artıq çətindir, çünki söhbət milyon dollarla vəsaitdən gedir və Türkiyənin buna imkanı çatmır. Məsələnin maddi tərəfi bir kənara dövlətin təhlükəsizliyi də təhdid altında qalır. Türkiyə hələ ki bu rolu Avropa üçün oynaya bilir, amma nə vaxta qədər bu proses davam edə bilər? Türkiyənin maddi və təhlükəsizlik imkanları bu vəziyyətə nə qədər tab gətirə bilər? Türkiyə rəhbərliyində də bu məsələ ilə bağlı ciddi fikir dəyişiklikləri var. Onlar istəyitlər ki, Avropa verdiyi sözlərə əməl etsin, əks halda Avropa-Türkiyə münasibətlərində kəskin dəyişikliyə şahid olacayıq”.

Aytək Yusifsoy
İnterpress.az