“Gərginliyin şiddətlənməsi  ehtimalı kifayət qədər böyükdür”backend

“Gərginliyin şiddətlənməsi ehtimalı kifayət qədər böyükdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili, politoloq Elman Nəsirov yaranan vəziyyətlə əlaqədar fikirlərini İnterpress.az saytı ilə bölüşüb.
– İraq ərazisində Türkiyə hərbçilərinin mövcudluğu hansı zəruriyyətlərdən yaranıb?
– Türkiyə İraq ərazisində özünün anti-terror siyasətini həyata keçirir, bu isə beynəlxalq hüquqa uyğun şəkildə reallaşdırılır. Çünki beynəlxalq terrorizmlə mübarizə hər zaman və hər yerdə büynəlxalq hüququn ən ümdə prinsiplərindən biridir. Beynəlxalq hüququn qorunması ilə bağlı BMT-nin 12 konvensiyasının hər birində bu məsələlər öz əksini tapıb. Türkiyənin İraq ərazisindəki hərbi fəaliyyəti yalnız bir hədəfə-beynəlxalq terrorçuluqla mübarizəyə yönəlib.
Türkiyə heç bir zaman İraq hökümətinə qarşı hər hansı bir iddia irəli sürməyib. Buna görə də Türkiyənin Şimali İraqdakı varlığına başqa bir məna verməyin heç bir əsası yoxdur. Türkiyə öz təhlükəsizliyini müdafiəsi nöqteyi-nəzərdən bu cür addımlar atmağa məcburdur və İŞİD-ə qarşı proses uğurla yekunlaşarsa, PKK terror təşkilatının İraq ərazisində də kökü kəsilərsə heç bir halda Türkiyənin İraq ərazisində hərbi əməliyyat keçirməsinin şahidi ola bilmərik. Türkiyə məhz İraq ərazisindən bir neçə dəfə təcavüz obyektinə çevrilib və Türkiyənin addımları daha çox cavab xarekteri daşıyır.
– Məlum olduğu kimi, İraq ərazisində 63 ölkədən hərbçilər fəaliyyət göstərir, lakin İraq höküməti yalnız Türkiyə əsgərlərinin torpaqlarında olmasından narahatdır. Bu vəziyyət nə ilə əlaqədardır?
– Məsələ ondadır ki, bugünkü İraq hakimiyyətində əsas qüvvələrdən biri də məhz kürdlərdir. İraq hökümətində təmsil olunan kürdlərin PKK ilə sıx əlaqələrinin olması Türkiyə mətbuatında çox geniş yayılmış məsələlərdən biridir. Türkiyənin PKK-ya qarşı mübarizəsi bir çox hallarda İraq hakimiyyətində təmsil olunmuş qüvvələr tərəfindən etirazla qarşılanır. Buna görə də əsas hədəf kimi Türkiyəni görürlər. İraq ərazisində 60-dan çox ölkədən olan hərbçilərin fəaliyyətinə gəldikdə isə, həmin birləşmələr yalnız İŞİD-ə qarşı mübarizə üçün orada mövcuddur. Türkiyənin hərbi fəaliyyəti isə daha mürəkkəb mübarizədir, belə ki, Türkiyə iki cəbhədə- həm İŞİD-ə, Həm də PKK-ya qarşı mübarizə aparmaq məcburiyyətində qalıb. Ona görə də Türkiyə İŞİD-ə qarşı mübarizə apardıqda İraq höküməti etiraz etmir, nə zaman ki, Türkiyə PKK-ya qarşı yönəlir, həmin vaxt hakimiyyətdə təmsil olunmuş qüvvələr yenə də aktivləşir. Buna görə də 60-dan çox ölkə içərisində məhz Türkiyə ittiham obyektinə çevrilir.

“Gərginliyin şiddətlənməsi  ehtimalı kifayət qədər böyükdür”

– Fikrinizcə, bu proseslər hansı istiqamətdə davam edəcək, münasibətlərin daha da soyuqlaşması ehtimalı varmı?
– Gərginliyin şiddətlənməsi ehtimalı kifayət qədər böyükdür, məsələ ondadır ki, Türkiyə öz mövqeyində qətiyyətlidir. Türkiyə çox gözəl dərk edir ki, nə qədər PKK-ya qarşı mübarizə öz məntiqi son nöqtəsinə gəlib çatmayıb, yəni bu terror təşkilatı həm Suriyada, həm İraqda öz fəaliyyətini davam etdirir, Türkiyə terrorizmə qarşı siyasətinə davam etməlidir. Terrorçuların məqsədi odur ki, İraq, Suriya, İran və Türkiyə ərazisində yaşayan kürdlərin vahid Kürdüstan dövləti qurmasına nail olsunlar. Bu dövlət isə Türkiyədən qopardılacaq ərazilərin hesabına qurula bilər. Əsas hədəf Türkiyədir, Türkiyə isə bunun fərqindədir və nə qədər ki, PKK terrorçu təşkilatına qarşı mübarizə apardığı müddətdə tam nəticələr əldə edilməyib, yəni terrorçu birləşmənin kökü kəsilməyib, o vaxta qədər bu siyasətini davam etdirəcək. Qarşı tərəfin də silahı birdəfəlik yerə qoymaq niyyəti yoxdur, belə olan halda kimin qalib gəlməsi mütərəqqi bəşəri dəyərlərdən asılı olacaq. Yəni burada “yaxşı”, “pis” terrorçu yanaşması saxlanılacaqsa, bir halda terrorçu, digər halda isə həmin qruplaşmaları terrorçu elan etməyəcəklərsə, koordinasiya olunmuş mübarizə olmayacaqsa, dünya ictimaiyyəti terrora qarşı mübarizədə Türkiyənin yanında dayanmayacaqsa, belə olan vəziyyətdə XXI əsrin vəbası olan beynəlxalq terrorizmə qalib gəlmə məsələsi xeyli qəlizləşəcək. Türkiyənin yanında olmamaq, onu İŞİD-ə, PKK-ya qarşı mübarizədə dəstəkləməmək vakuum yaradır, bu vakuumdan terrorçu qüvvələr maksimum şəkildə istifadə edərək öz məqsədlərinə nail olurlar.
– İraq-Türkiyə münasibətlərinin gərginləşməsinə qarşı rəylər birmənalı deyil. Bu məsələdə hansı fikirləri ən düzgün yanaşma kimi qəbul edirsiniz?
-Hər zaman və hər yerdə terrorizmə qarşı mübarizə davam etməlidir, “yaxşı” və “pis” terrorçu bölgüsü qətiyyən qəbuledilməzdir. Türkiyənin yanında olmaq lazımdır. Bu problemin uzanması, çoxlu sayda günahsız insan itkisi deməkdir.
Türkiyənin ərazisində türklər və kürdlər hər zaman birgə yaşayıblar və bu iki xalq bir birinə düşmən xalq deyil. Onları ümumi dəyərlər, ənənələr, ortaq tale birləşdirir. Vurğulamaq lazımdır ki, PKK və kürd xalqı tamamilə başqa-başqa anlayışlardır, kürdlər Türkiyənin vətəndaşıdır, PKK isə beynəlxalq terror təşkilatıdır. Bir çox hallarda onlar arasında bərabərlik qurma tendensiyası gedir ki, bu da müəyyən siyasi maraqlara və Türkiyənin zəiflədilməsinə yönələn amillərdir. Kürdlər də, türklər də Türkiyə Respublikasının vətəndaşıdır, əsrlərdir ki, onlar birgə yaşayırlar. Bu reallığı pozmaq istəyən qüvvələr bir çox hallarda çalışırlar ki, PKK deyiləndə kürdlər başa düşülsün. Bu isə tamamilə yanlış yanaşmadır. PKK terrorçu təşkilatdır və dünyanın əksər ölkəsi onu bu cür tanıyır.

Aytək Yusifsoy
İnterpress.az