Maraqların toqquşduğu nöqtə- Ukraynabackend

Maraqların toqquşduğu nöqtə- Ukrayna

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Politoloq Elşad Mirbəşiroğlu Ukrayna problemi ətrafında gedən prosesləri İnterpress.az saytına şərh edib. Politoloq qeyd edib ki, Ukrayna problemini Rusiya olmadan həll etmək mümkün deyil: “Çünki münaqişənin subyektinin bir tərəfi Rusiyadır və subyekt olmadan o münaqişəni, böhranı aradan qaldırmaq olmaz. Ukrayna məsələsinə bir aydınlığın gələcəyi vaxt yaxında zamanlarda deyil, bu çox uzaqdadır. Burada dünyanın böyük güclərinin maraqları var, konkret olaraq ABŞ və Rusiyanın Ukraynada ciddi toqquşan maraqları var, Qərb dövlərləri sadəcə olaraq Amerika cəbhəsində mübarizə aparan qüvvələrdir. Məlum olduğu kimi, burada münaqişə vəziyyətini məhz bölgəyə nəzarətin ələ keçirilməsi uğrunda mübarizə yaratdı. Çünki Ukrayna elə bir yerdə yerləşir ki, NATO üçün mühüm geosiyasi və hərbi-strateji əhəmiyyət kəsb edir. Əgər Ukrayna Qərbin nəzarəti altına keçərdisə, o zaman Rusiya üçün ciddi xoşagəlməz nəticələrə gətirib çıxarardı. Ən azı Kreml özü bunu bəyan edirdi ki, Qara dənizin NATO-nun daxili dənizinə çevrilməsi ehtimalları var. Buna görə də Rusiya Kırımı ilhaq etdi. Ukraynanın cənub-şərqində faktiki olaraq Rusiyanın dəstəklədiyi qüvvələr yer alır, məqsəd Ukraynanın bütöv ərazi olaraq Qərbə inteqrasiyasının qarşısını almaqdır.

Maraqların toqquşduğu nöqtə- Ukrayna

Oktyabrın 19-a planlaşdırılan Normand dördlüyünün görüşünün nəticələrini proqnozlaşdıran, Elşad Mirbəşiroğlu, daha əvvəl ədə edilmiş Minsk razılaşmasının şərtlərinin də əslinə qalsa Rusiya maraqlarına cavab verdiyini söyləyib: “2015-ci ilin əvvəlində Belarusiyanın paytaxtında əldə edilmiş razılığa görə, şərtlərdən biri Ukraynanın cənub-şərqinə müstəqillik verilməsi idi. Bu hal isə Ukraynanın federativ dövlət olmasına gətirib çıxarırdı və fedarativ ölkələrdə mərkəzi hakimiyyət digər subyektlərin razılığı olmadan mühüm qərarlar verə bilmir. Bunlar təbii ki, Ukrayna dövlətinin xeyrinə deyildi, lakin onsuzda Minsk razılaşmasından irəli gələn şərtlərə əməl olunmur. Razılaşmaya əsasən Rusiya da bu ərazidə hərbi əməliyyatları dayandırmalı idi. Ukrayna və Qərb Rusiyanın şərtlərə əməl etməməsindən narazılıq edir, ona görə də bir neçə gün sonra oktyabrın 19-da keçiriləcək görüşdə iştirak etməkdən imtina etdi. Rusiya bu razılaşmaya əməl etmədiyinə görə, Ukrayna yeni görüşün keçirilməsinə ehtiyac görmür. Eyni zamanda Normand dördlüyünün digər tərəfi olan Fransa da bu məsələ ilə bağlı sərt mövqe sərgiləyir, Almaniyanın mövqeyi isə bir qədər yumşaqdır. Məsələ burasındadır ki, hazırkı reallıq onu göstərir ki, Normand dördlüyünün görüşü heç bir nəticə verməyəcək. Burada həm Qərbin, həm Rusiyanın təmin olunmamış maraqları var. Burada tərəflərin birinin maraqlarının təmin olunması digərlərinin strateji maraqları ilə zidiyyət təşkil edir. Mən bu məsələnin yaxın zamanlarda həllini görmürəm və mən onu deyim ki, bu məsələnin həllini ümumiyyətlə görmürəm. Yalnız tərəflərdən birinin geri çəkilməsini biz məsələnin həlli kimi göstərə bilərik. Ya Rusiya Ukraynaya nəzarət etdikdən sonra sakitləşəcək, ya da ki Ukrayna ərazi bütövlüyünü qoruyub saxlamaqla Qərbə inteqrasiya edəcəkdir. Bu iki haldan heç biri isə hazırda mümkün deyil”.

Maraqların toqquşduğu nöqtə- Ukrayna

Politoloq Rusiyanın potensialını qiymətləndirərək qeyd edib ki, Rusiya qərb mediasının təqdim etdiyi qədər zəif bir dövlət deyil, kifayət qədər güclü bir dövlətdir. “Rusiya öz maraqlarını müdafiə etməyi bacaran bir dövlətdir. Artıq iki il keçir ki, Rusiyaya qarşı sanksiyalar tətbiq olunmaqdadır. Lakin beynəlxalq sistemdə Rusiyanın xeyrinə bir sıra dönüşlər baş verdi ki, artıq Rusiyanın razılığı olmadan dünyada hansısa məsələlərin həlli çox çətin baş verir. ABŞ-ın Yaxın Şərq layihəsi sürətlə həyata keçirilməyə başladı , lakin strategiya Suriyada ilişdi. Çünki Suriyada Rusiyanın əli var idi, harda ki Rusiyanın əli var, orada Qərb öz maraqlarını həyata keçirə bilmir. Nəzərə almaq lazımdır ki, Rusiya həmişə Qərb dövlətləri tərəfindən təklənmiş vəziyyətdə olub, bu yeni bir hadisə deyil. İkinci dünya müharibəsindən bu yana Rusiya həmişə bu problemlə üzləşib, bu vəziyətdə SSRİ-nin dağılmasını şərtləndirdi. Rusiya öz maraqlarının müdafiəsinə qalxan bir dövlətdir”.

Rusiyanın Yaxın Şərqdəki fəaliyyətinin yaratdığı situasiyanı ətraflı izah edən Elşad Mirbəşiroğlu bildirib ki, hazırda Yaxın Şərqdəki vəziyyət ABŞ və onun partnyorlarının xeyrinə deyil. “Şərqdəki vəziyyət olduqca xaotikdir və bu vəziyyəti nizamlamaq çox çətindir. Amma görünən budur ki, ABŞ Yaxın Şərq layihəsi ilə maraqlarına nisbətən çatsa da, tam gözləntiləri reallaşmadı. Ən əsası Suriya nəzarət altına alınaraq, Aralıq dənizinə çıxış imkanları əldə olunmadı. Hesab edirəm ki, bu da ABŞ strategiyasının bir məğlubiyyəti kimi qiymətləndirilə bilər. Aralıq dənizində Rusiyanın donanmalarının əlindən çıxması, bütövlükdə onun Yaxın Şərqdən silinməsi demək idi. Bu baxımdan Rusiya höküməti dəstəklədi və son bir ildə Əsədin nəzarəti altında olan torpaqları əhəmiyyətli dərəcədə günişləndirdi. İŞİD-in mövqeyi ciddi şəkildə zəifləməkdədir”.

Maraqların toqquşduğu nöqtə- Ukrayna

Politoloq sonda Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasına diqqət çəkərək əlavə edib ki, həm Türkiyədə, həm Rusiyada bu yaxınlaşma hər iki dövlətin maraqlarına cavab verdiyi aydın dərk edilir. “Qərb istəyirdi ki, Türkiyə və Rusiyanı birbaşa olaraq Suriyada toqquşdursun, amma tərəflərdən heç biri buna getmədi. Çünki Türkiyə bütün hallarda Qərb tərəfindən istifadə edirdi. Çünki Qərb Türkiyənin Yaxın Şərqdəki potensialından maksimum yararlanmağa çalışırdı. Türkiyə gec də olsa, bunu dərk etdi, təbii ki, bu vəziyyət Rusiya maraqlarının təmin edilməsinə xidmət edirdi. Birincisi Rusiya və Türkiyə İŞİD-ə qarşı mübarizə apara bilər. Türkiyə-Rusiya yaxınlaşması Rusiyanın kürdlərə dəstəyini azaldacaq. Türkiyəni ən çox narahat edən cənub sərhədində kürdlərin fəallaşması idi. Rusiya bir sıra direktiv addımlar atmaqla, hələ ki öz maraqlarını təmin edir. Rusiya və ABŞ-ın hazırda hansısa birinin üstünlüyündən danışmaq isə hələ ki çox tezdir”.

Aytək Yusifsoy
İnterpress.az