Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Azərbaycanda gender bərabər(siz)liyi

“Mən həmişə deyirəm ki, siyasi aktiv qadınlar bu sahədə onunla işləyən kişidən hər cəhətdən bir addım irəlidə olmalıdır ki, uğur qazansın. Biz işimizə daha çox enerji, bilik, intellektual səviyyə sərf etməliyik. Açıq deyək ki, bəzi kişilər siyasi cəhətdən aktiv qadınlara qısqanclıqla yanaşırlar”.

Dərc edilib 21 oktyabr 2016 [16:17]

Bu sözləri millət vəkili Elmira Axundova İnterpress.az-ın suallarını cavablandırarkən qeyd edib.

Xanım millət vəkilinin mövzuya münasibətini təqdim etmədən əvvəl, Azərbaycanda məhz ictimai-siyasi sahədə gender bərabərliyinin səviyyəsinə nəzər salaq:

Gender problemləri nəinki ölkəmizdə, dünyada da daimi olaraq aktual mövzulardan biri kimi ictimaiyyətin diqqət mərkəzindədir. Bir yandan ailə qayğıları, bir yandan cəmiyyətdə mövcud olan streotiplər qadınların ictimai-siyasi sahədə də fəal olmasının qarşısında ciddi maneə yaradır.
Azərbaycan Respublikasının qanunvericiliyi həyatın bütün sahələrində qadın və kişilərin bərabərliyi ideyalarını ifadə edir. Ölkəmiz 1995-ci ildə qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv olunması barədə Konvensiyanı, eləcə də insan haqları üzrə əsas beynəlxalq sənədləri qəbul etmiş və onlara qoşulmuşdur. Deməli, ictimai-siyasi sahədə cins nisbətinin kişilərin xeyrinə olmasında qanunvericilikdə problem yoxdur.

Əvvəla parlamentimizdə təmsil olunmuş qadın deputatların kəmiyyət göstəricilərinə baxaq:

Azərbaycanda gender bərabər(siz)liyi

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkə Parlamentində qadınların ən az xüsusi çəkisi (4,3%) 1990-cı ildə müşahidə olunur. Növbəti illər ərzində qadınların sayı praktiki olaraq dəyişməz qalsa da (11%) 2010-cu il Parlament seçkilərindən sonra Parlamentdə iştirak edənlərin sayının 16%, sonuncu, 2015-ci il Parlament seçkilərindən sonra isə 16,8%-ni təşkil etmişdir. Hazırda Milli Məclisdə qadınların sayı 21, kişilərinki isə 104-dür. Başqa sözlə qadınlar parlamentdə 16,8%, kişilər 83,2% faiz nisbəti ilə təmsil olunurlar. Milli Məclisin bəzi komitələrində isə qadın millət vəkilləri təmsil olunmayıb.

Qadınların siyasi bacarıqlarına şübhə ilə yanaşanlar olsa da, bu sahədə özünü təsdiqləmiş və siyasətin heç də "kişi işi" olmadığını sübut etmiş xanımlar da az deyil. Qadın yeri gələndə bir ölkənin taleyini dəyişdirən incə zəkalı bir diplomat, yeri gələndə sərtliyi ilə rəqiblərini diz çökdürən "dəmir ledi" ola bilər. Qadın eyni anda bir neçə sahədə uğura nail ola bilər, bunu İslandiya parlamentinin millət vəkili Unnur Bra parlamentdə çıxış edərkən körpəsinə süd verərək də sübut etdi. Deməli qalın çərçivələrlə sərhədləndirilmiş insan düşüncəsindən başqa heç nə qadın qarşısında əngəl yaratmır.

Azərbaycanda gender bərabər(siz)liyi

İctimai-siyasi sahədə uğur qazanmış qadınlardan biri də Milli Məclisimizdə daim aktiv fəaliyyəti ilə seçilən millət vəkili Elmira Axundovadır. Müsahibimiz qadınların siyasi fəallığının aşağı olması fikrini təkzib edərək bildirib:

“Əvvəla ictimai-siyasi sahədə qadınların zəif iştirakı barədə fikri ilə əsasən razı deyiləm. Düzdür, bəlkə sovetlər vaxtında qadınların sayı həm qanunvericilik orqanlarında, həm icra aparatında, həm nazirliklərdə nazir səviyyəsində indikindən çox idi. Lakin bir hallarda formal xarakter daşıyırdı. Xüsusən, qanunvericilik orqanında, həm Azərbaycan SSR Ali Sovetində, həm SSRİ-nin Ali Sovetində qadınlar statik və formal rolları daşıyırdılar. Lakin hal-hazırda parlamentimizdə, bələdiyyə orqanlarında və dövlət strukturlarında qadınların sayı ildən ilə kəskin şəkildə artmaqdadır. Yerli icra hakimiyyəti orqanlarında demək olar ki, humanitar məsələlər üzrə müavinlərin hamısı qadınlardır. Ali məktəblərdə bir neçə qadın rektorumuz var. Prezident Administrasiyasında, Nazirlər Kabinetində yüksək vəzifələrdə tanınmış xanımlarımız işləyir. Hörmətli Ombudsmanımız da qadındır”.

Azərbaycanda gender bərabər(siz)liyi

“Ola bilərmi ki, qadınları siyasətdən cəmiyyət çəkindirir və yaxud doğrudanmı onlar bu sahədə bacarıqsız yaradılıblar?”-sualına isə xanım millət vəkili bu sözlərlə cavab verib:

“Cəmiyyətdə siyasi cəhətdən aktiv qadınlara qarşı hələ də müəyyən stereotiplər mövcuddur. Sizə açıq deyim, bu stereotiplər bu və ya digər aktiv qadını siyasi səhnədən çəkindirə bilər. Mən həmişə deyirəm ki, siyasi aktiv qadınlar bu sahədə onunla işləyən kişidən hər cəhətdən bir addım irəlidə olmalıdır ki, uğur qazansın. Biz işimizə daha çox enerji, bilik, intellektual səviyyə sərf etməliyik. Açıq deyək ki, bəzi kişilər siyasi cəhətdən aktiv qadınlara qısqanclıqla yanaşırlar. Bəziləri onların qabağa getməsinə meylli deyillər, hətta müəyyən mərhələlərdə maneçilik törədirlər”.

Azərbaycanda gender bərabər(siz)liyi

Daha sonra isə Elmira Axundova parlamentdə iş rejimini yüksək qiymətləndirərək qeyd edib:

“Şükür ki, bizim Parlamentimizdə belə hallar yoxdur. Qadınlarımız çox fəaldırlar. Misal üçün, AŞPA-da, ATƏT-də, MDB Parlamentlərarası Assambleyasında və bir çox başqa beynəlxalq təşkilatlarda çox aktivlik göstərirlər, Milli Məclisin plenar iclaslarında da böyük fəallıq nümayiş etdirirlər. Mən deyərdim ki, xanımlarımız Milli Məclisin ən aktiv, kreativ, enerjili qüvvələrindən biridir. Məsələn, Qənirə Paşayevanı, Sevinc Fətəliyevanı, Sahibə Qafarovanı, Gövhər Baxşəliyevanı qeyd edə bilərəm”.

Qadınların ictimai-siyasi həyatda fəal iştirakına əngəl olan amilləri isə xanım millət vəkili belə izah edib:

“Mən deyərdim ki, bu ilk növbədə kişilərin beynində qalan stereotiplər və bəzi rayonlarımızda mentalitetlə əlaqədar olan məsələlərdir. Mənə elə gəlir ki, bu da tədricən aradan qalxacaq, çünki dövlət siyasəti buna yönəlib. Cənab Prezidentin siyasətində, proqramlarında qadınların iqtisadi və siyasi həyatda daha fəal rol oynamasına böyük yer ayrılır”.

Aytək Yusifsoy
İnterpress.az














Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 426