Elmar Məmmədyarov Herbert Salber ilə görüşdübackend

Elmar Məmmədyarov Herbert Salber ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, gorüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin perspektivləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbətinə məlumat verib.

O əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilən ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalır.

Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndirən Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının regionda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin edəcəyini bildirib.

Elmar Məmmədyarov Ermənistanın destruktiv siyasət yürüdərək substantiv danışıqlardan yayındığını, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirdiyini, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirdiyini və nəticə etibarilə status kvonu saxlamağa çalışdığını diqqətə çatdırıb.

Münaqişənin həlli prosesində Avropa İttifaqının dəstəyi ilə aparılan xalq diplomatiyası tədbirlərinə toxunan Elmar Məmmədyarov Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çəkib.

Herbert Salber ətraflı məlumata görə təşəkkürünü ifadə edib və Avropa İttifaqının dəstəyi ilə münaqişənin həllinə töhfə vermək məqsədi daşıyan ictimai layihələr barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İnterpress.az