“Bir millət gələcəyini qurmaq və qorumaq istəyirsə…backend

“Bir millət gələcəyini qurmaq və qorumaq istəyirsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox təəssüf ki, bu fəlakətlər Türkiyənin başının üstündə dolanır və hələ görünür uzun müddət dolanacaq. Çünki Türkiyənin düşmənləri çoxdur və terror, ölkə daxilindəki düşmənçilik, separatizm, bölücülük və s. hamısı təkcə kürd xaqından qaynaqlanmır. Kürdlərin böyük bir qismi hazırda türklərlə bir yerdə ən yaxşı vəzifələrdə çalışırlar. Min ildir bu torpaqlarda rahat ömür sürürlər”.

İnterpress.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq şairi, VHP-nin sədri Sabir Rüstəmxanlı Türkiyədə baş vermiş terror hadisəsi haqqında danışarkən deyib.

S.Rüstəmxanlı bildirib ki, bu gün Türkiyənin başında PKK-nı və ondan başqa digər terror təşkilatlarını yemləyən, silahlandıran qüvvələr var: “Təəssüf ki, Türkiyənin indiyə qədərki bütün siyasəti tam müstəqil deyildi. Bir sıra xarici qüvvələrin – Amerikanın, Avropanın diktəsi ilə bir dözümlülük, yola vermək, demokratikləşmə adı altında, hətta terrora qarşı mübarizə aparmaq və s. hamısı onları bir az daha ayaqlandırıb. Amma indi Türkiyə daha müstəqil siyasət yeritdikcə şübhəsiz ki, həmin qüvvələr terrora daha çox yardım edəcəklər. Son günlərin hadisələri də bunu göstərir. Ona görə də Türkiyə sığortalanmayıb, belə hadisələr olacaq. Amma bir dövlət özünü qorumaq istəyirsə, bir millət gələcəyini qurmaq və qorumaq istəyirsə, hökmən bu hadisələrə hazır olmalıdır. Daha diqqətli, daha peşəgarcasına ölkədə asayiş qorunmalıdır”.

Partiya sədri “Bu terror hadisəsində erməni xisləti hiss edirsinizmi?” sualımıza da aydınlıq gətirib: “PKK-nın yaranmasında ermənilər yaxından iştirak ediblər. Soyadını dəyişmiş ermənilər bu gün həmin terror təşkilatlarında çox fəaldılar. Hətta Öcalanın eməni olmasıyla bağlı fikirlər var. Bundan başqa Türkiyədə soyadını dəyişərək türk cildində fəaliyyət göstərən ermənilər yaşayır. Sərbəst şəkildə kitablar, qəzetlər buraxırlar, kilsələri işləyir. Türkiyə demokratik bir ölkədir, istər İtanbulda, istərsə də başqa şəhərlərində ermənilər çox sərbəst hərəkət edirlər. Bir hissəsi Türkiyə vətəndaşı kimi Türkiyə qanunlarına bağlıdır, amma aralarında şübhəsiz Türkiyəyə qarşı düşmənçilik siyasəti yürüdən, bütün bu tipli gizli təşkilatlara yardım edən qüvvələr də var. Az da deyillər, çoxdular. Çox təəssüf ki, Türkiyədə bu o qədər nəzərə alınmır. Türkiyədə hətta müsəlman erməni də var, onların da hamısı sadiq Türkiyə vətəndaşı deyil. Ermənilərin bu məsələdə nə qədər kinli, təşkilatlanmış olması bizim hamımıza məlumdur”.

Xalq şairinə “Ərdoğan hakimiyyətinə qarşı olan qüvvələrin, məsələn elə Fətullah Gülənin bu terrorda əli ola bilərmi?” sualını da ünvanladıq: “Bu barədə bir söz deyə bilmərəm. Təbbi ki, bu təkcə türk xalqına qarşı çevrilməyib, həm də Türkiyənin indiki hakimiyyətinə qarşı çevrilmiş bir terrordur. Ona görə də hər hansı bir qəti rəy söyləmək çətindir. Nə qədər vicdansız olasan ki, öz millətinə qarşı belə düşməncilik edəsən. Ancaq təəssüf ki, belə adamlar da var”.

S.Rüstəmxanlı sonda Türkiyəyə başsağlığı verib: “Mən keçmiş olsun deyirəm, Türkiyənin axıtdığı göz yaşları sanki bizim gözümüzdən də axır. O ağrını biz də yaşayırıq, orada baş verən hər bir faciə həm də Azərbaycanın, bizim faciəmizdir”.

İnterpress.az