“Biz İranın havası ilə oynamalı deyilik” – Sabir Rüstəmxanlıbackend

“Biz İranın havası ilə oynamalı deyilik” – Sabir Rüstəmxanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ötən həftə İsrailin baş naziri Benjamin Netanyahunun Bakıya gəlişindən sonra bu səfərin tezləşdiriləcəyi barədə məlumatlar yayılmaqdadır. Çünki İran tərəfi Netanyahunun Bakıya səfərinə absurd iddialarla etiraz bildirir.

Baş nazirin gəlişindən əvvəl və sonra da İranın bir sıra siyasiləri və din xadimləri Azərbaycan əleyhinə etiraz notalar, açıqlamalar verməkdədir. Məsələn, İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayinin sözlərinə görə guya Netanyahu Azərbaycana səfərini rəsmi Bakıya zorla qəbul etdirib və Netanyahu bu səfərlə Tehran-Bakı münasibətlərinin müsbət prosesinə xələl gətirməyə cəhd göstərir. İranın bir sıra din xadimləri və rəsmiləri isə Netanyahunun Bakıya səfərini daha sərt şəkildə tənqid ediblər.

Ümumiyyətlə, İranın Azərbaycanın daxili siyasətinə müdaxilə etməsi ilk dəfə deyil. Bu cür proses Bakıda “Evrovizion” yarışması ərəfəsində də yaşanmışdı. İran həmin yarışmanın Azərbaycanda keçirilməməsi ilə bağlı etiraz notalar verirdi.

O zaman Azərbaycanın bir sıra güneyçi və milliyyətçiləri bu məsələyə biganə qalmayaraq İran səfirliyinin qarşısında etiraz aksiyası keçirmişdilər. Lakin nədənsə bu dəfəki olayda susqunluq müşahidə olunmaqdadır. Millətçilər bu dəfə İran səfirliyinin qarşısında etiraz aksiyası keçirməyi düşünürmü?

DAK həmsədri, xalq şairi Sabir Rüstəmxanlı qeyd etdi ki, hazırda ölkədə deyil, lakin geri qayıdan kimi bu məsələ müzakirə ediləcək: “Biz İranın havası ilə oynamalı deyilik. İran 20-30 ildir ki, Azərbaycana düşmənçilik edir. Torpaqlarımızı işğal edən yad bir ölkə ilə yardım edir, onu qoruyur, onu qoltuğunun altında saxlayır . Və hər cür yardım edir. İran olmasa Ermənistan ayaq üstə dura bilməzdi. Qarabağı da bir yerdə çapıb-talayırlar. Ona görə də İranın heç bir mənəvi haqqı yoxdur. 35 milyon soydaşımızı əzə-əzə, milli fəallarımızı zindanlarda çürüdərək hələ bizə buynuz, yol göstərməyə haqqı yoxdur.

Güney Azərbaycan Konqresi etirazlarla bağlı həmişə fəal olub. Bu günlərdə isə mən ölkədən kənardayam. İsveçdə “21 Azər”lə bağlı görüşələr keçiririk. Buradakı Avropadakı Güney Azərbaycan siyasi partiyalarının görüşlərini keçirik. Bu məsələlər ilə bağlı müzakirlərimiz olub. Ölkəyə gedir döndükdən sonra isə bu məsələni müzakirə edəcəyik”.

BAO sədri Zahir Əlisoy isə bildirdi ki, etiraz aksiyasının keçirilməsi ilə bağlı qurumlarının hər hansı bir müzakirəsi olmayıb: “Amma bu məsələlər ilə bağlı bizim həm təşkilatımızın ayrı-ayrı üzvləri, həm də təşkilatın özünün mövqeyi olub. İranın davranışlarına qarşı biz öz etirazımızı bildirmişik, yəni onların din xadimlərinin, ayrı-ayrı dövlət nümayəndələrinin təhdidedici fikirləri ilə bağlı. Təbii ki, onların əsas hədəfləri daxili siyasətlərinə yönəlib. Güney Azərbaycandakı milli hərəkata mane olmağa cəhd göstərirlər, bir növ onlara demək istəyirlər ki, “baxın, quzeydəki qardaşlarınız düşmənlərlə ittifaq qurur” və sairə. Amma hesab edirəm ki, bütün bunlar artıq köhnəlmiş fəndlərdir. Ümumiyyətlə niyə İran bu qədər üstümüzə gələ, ayaq aça bilir, rahat Ermənistana gedib-gələ bilir? Ona görə ki, burada yetərincə effektli dövlət qura bilməmişik. Azərbaycana yuxarıdan-aşağı bir baxış var. Və Azərbaycan öz maraqlarına uyğun hansısa müstəqil bir siyasət yürüdürsə sanki ölkəmiz onların bir əyaləti, vilayətidir deyə kinli reaksiya verirlər. Biz əgər burada istədiyimiz kimi demokratik, effektli cümhuriyyət qurmuş olsaydıq, hesab edirəm ki, İranın indiki hərəkətləri ilə üz-üzə qalmazdıq”.

Ötən ilin noyabrında Güney Azərbaycanda baş verən məlum olaylarla bağlı İran səfirliyinin qarşısında etiraz aksiyası keçirən Milliyyətçi Gənclər Təşkilatının sədri Müşfiq Vəliyev isə məsələyə bu cür şərh bildirdi: “Münasibətimizi açıq şəkildə dəfələrlə bildirmişik. Bizim üçün milli maraqlar ən başda gəlir. Etiraz aksiyasına gəldikdə bu idarə heyətimizin yekun qərarı ilə ola bilər. Təəssüf ki, hələ ki, aksiya edib-etməyəcəyimiz barəsində dəqiq bir söz deyə bilməyəcəyik. Bu məsələ yekun qərardan asılıdır”.(musavat.com)

İnterpress.az