“Sən də müsəlmansansa, Ermənistanla sərhədi bağla”backend

“Sən də müsəlmansansa, Ermənistanla sərhədi bağla”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, F.Mustafa Publika.az-a müsahibəsində baş verənlərə aydınlıq gətirib.

– Fazil bəy, sonuncu dəfə saytlardan birində xoşagəlməz müsahibə yayımlandı. Siz buna etirazınızı bildirdiniz? Ümumiyyətlə son vaxtlar baş verənləri nə ilə izah edərdiniz?

– Bu məsələni həmin saytın rəhbərliyi ilə aydınlaşdırdım. Məlum oldu ki, həqiqətən bundan xəbərsiz olublar. Müsahibəni təqdim edən müxbir verdiyi suallarla irançı bir şəxsin mövqeyini tanıtmaq üçün şərait yaradıb. Belə məsələlərdə bütün saytlar diqqətli olmalıdır. Həmin müsahibədə birinci Türkiyəni aşağılamaqdan söhbət gedir. Türkiyənin Azərbaycana münasibəti şübhəli təqdim olunur, əvəzində İranın Azərbaycana dəstək verdiyini əsaslandırmağa çalışırlar. Lakin bu adamlar bir dəfə də olsun, Ruhaninin Ermənistana səfərinə pis demirlər. Təkcə bununla yekunlaşmır. Ölkənin tanınmış saytlarında ilahiyyatçı adı altında çıxış edənlər əxlaqdan, mədəniyyətdən, millətdən, vətəndən moizə oxuyurlar. İranın Ermənistana dəstəyinə gələndə, adicə tənqid etməyə cəsarətləri, yaxud milli ləyaqətləri çatmır. Problemin kökü budur. Azərbaycan multikultural dövlətdir. Burada dinindən, məzhəbindən, sosial vəziyyətindən asılı olmayaraq, hər kəs bərabərdir. Amma Azərbaycan vətəndaşı hansısa din, yaxud məzhəb örtüyü altında başqa ölkənin xüsusi xidmət orqanlarına bağlıdırsa, bunu üzə çıxarmaq lazımdır. Bizim kiminsə dini, məzhəbi ilə işimiz yoxdur. Əgər bir insan Azərbaycana, onun qanunlarına bağlıdırsa, onun dininə, yaxud məzhəbinə heç kim qarışmaz. Amma öz fəaliyyətlərini pərdələmək üçün “bizim məzhəbimizə qarşı çıxış edir” iddialarını ortaya atmağa başlayırlar. Mənə nə sənin məzhəbindən? Mən ateistinə də eyni cür yanaşıram, dindarına da. Hər kəs bərabərhüquqlu Azərbaycan vətəndaşıdır və bura demokratik ölkədir.

– Ümumiyyətlə dindarlar arasındakı belə insanlar kimlərdir?

– İrana və ərəb ölkələrinə bağlı olanlar var. Onlar təlimat alan kimi Azərbaycan dövlətinə qarşı çıxış edə bilərlər. Bir də Azərbaycana bağlı olan dindarlar var. Bunlar hansı camaatda, yaxud təriqətdə təmsil olunmalarına baxmayaraq, bu ölkənin maraqlarından çıxış edirlər. Onlarla heç kimin işi yoxdur. “Mən filan ölkədə filan müştəhibə, ayətullaha, camaat liderinə tabeyəm, o, nə desə onu edəcəm” deyənlər isə Azərbaycan qanunlarına tabe olmayanlardır. Deməli, onlar Azərbaycan konstitusiyası nəyi müəyyən edirsə, Azərbaycan prezidenti nə deyirsə, etməyəcək. Bu dövlətçiliyimiz üçün böyük təhlükəlidir. Bunun qarşısında susmaq olmaz. Bəlkə bu insanlar həqiqətən də yanlış yoldadırlar. Onları doğru yola gətirmək lazımdır.

– Bu şəxslər mediaya necə sıza bilərlər?

– Kənar ölkədən idarə olunan, maliyyələşən saytlar son vaxtlar bir-bir üzə çıxmağa başlayıb. Hər saytda iki-üç yazı peyda olur. Misal üçün, nur.az adlı sayt var. Tamamilə Azərbaycana düşmən saytdır, hətta müsəlmanlığa qarşı nifrət püskürən yazılar yayımlayır. Müəyyən dövlət idarələrindən maliyyələşən saytlar da var. Onlar da bəzən belə yanlışlığa yol verirlər. Bu ondan irəli gəlir ki, dövlət məqamında oturan bəzi məmurlar belə məsələlərə qeyri-ciddi yanaşırlar. Dövlətimizi qorumaq hamımızın borcudur. Bu yazıları özümə qarşı hücum kimi qiymətləndirmirəm. Bu, ümumiyyətlə hansısa bir ölkənin Azərbaycanda ideoloji mövqeyinin güclənməsi üçün edilən sistemli işlərdir. Bu məsələdə birgə hərəkət etməliyik ki, din pərdəsi altında strateji maraqlarımıza zərbə vura bilməsinlər.

– Dövlət səviyyəsində bu kimi məsələlərin qarşısı alınır. Sonuncu dəfə Nardaran hadisələrində dövlət ciddi addımlar atdı. Belə hesab etmək olarmı ki, Nardaranda təmizlənən radikal dindarlar hələ də cəmiyyətdə müəyyən adlar altında gizlənib və fəaliyyət göstərir?

– Əlbəttə. Ola bilsin ki, hansısa media orqanı bütövlükdə bu işi həyata keçirmir. Lakin ayrı-ayrı jurnalistlər var ki, onlar haqqında danışdığımız dairələrə birbaşa bağlıdırlar. Mən onları “qum saatı” ilə işləyənlər adlandırıram, yaxud “ərəb saatı” ilə işləyən də deyə bilərik. Eyni anlayışa malikdilər. Onlar üçün vətən məfhumu yoxdur. Sabah vətənə qarşı istənilən addımı atmağa hazırdırlar. Aman-zaman qurduğumuz bu dövləti qorumalı, vətəndaşlar olaraq ortaya müqavimət qoymalıyıq. Diqqət edin: müsəlmanlıqdan danışan bəzi saytlar “Nardaran şəhidləri” deyə yazırlar. Nardaranda nə baş verib? Orada Azərbaycan polisi öldürülüb. Təbii ki, qarşı tərəfdən ölənlərə də acıyırıq. Lakin belə saytlar Qarabağ şəhidi deyə yazmırlar. Bunu necə izah etmək olar? Hər kəs öz köşəsinə çəkilib türkçülükdən, millətçilikdən danışır. Azərbaycan millətçiləri adı ilə tanınanların bir qismi irançılardır. Zehniyyətcə, düşüncə ilə eynidirlər. Hələ ki, öz dövlətlərinin mahiyyətini anlamırlar. Bəzən onlar da üzərimizə gəlirlər. Misal üçün, tarixi mövzulardan danışarkən, əsassız danışmırıq. Bizə qarşı eyni tezisi həm millətçilər, həm də irançılar müdafiə edir. İranla Amerikanın Ermənistan məsələsində mövqeyi üst-üstə düşən kimi, tarixə baxış zamanı millətçilərlə irançıların mövqeyi üst-üstə düşür. Bu acınacaqlı məsələdir.

– İrançılarla millətçilərin mövqeyinin üst-üstə düşməsinin səbəbi nədir?

– İrançılar hiyləgərlikdən, millətçilər isə məlumatsızlıqan belə edirlər.

– Son vaxtlar bu qrup niyə birdən-birə aktivləşdi?

– Çünki fakt qarşısında qaldılar və altından çıxa bilmədilər. Buna görə də həyasızlığa əl atırlar. Ruhani Ermənistana səfər edir və deyir ki, sizə dəstək veririk. Azərbaycan tərəfi deyir ki, biz İranın daxili işinə qarışmırıq. Mən bir azərbaycanlı kimi deyirəm ki, bu erməni ilə həmrəy olmaqdır, mənəvi cəhətdən birlikdir və Azərbaycana qarşı atılan addımdır. İran bizim İsraillə münasibətlərimizi qabardır. Halbuki, İsrail İranın torpağını işğal etməyib. İşğal etsəydi, İran dediklərində haqlı olardı. Amma Ermənistan İranın simvol saydığı məscidləri dağıdıb, Xocalıda müsəlman qardaşlarına qarşı soyqırımı törədib, torpaqlarını işğal edib. Sən buna münasibətini ortaya qoy. Münasibətini ortaya qoya bilmirsənsə, deməli saxta müsəlmansan, yalançısan. Bu arqumentlər qarşısında çıxılmaz vəziyyətdə qalanda, başlayırlar diqqəti yayındırmağa. Deyirlər ki, Türkiyə ondan da pisdir, orada ermənilər işləyir. Türkiyə Azərbaycana görə sərhədi açmır. Bu yetərlidir. Türkiyədə erməni vətəndaşları yaşayır. İranın da ərazisində erməni vətəndaş yaşayır. Onların hüquqları 30 milyon Azərbaycan türkünün hüququndan daha çoxdur. İstəyəndə çaxırını, arağını çəkir, öz məktəbində təhsil alır. Türkiyədə erməni vətəndaşlar ümumi hüquqlardan istifadə edirlər. Bunun məsələyə nə dəxli var? Türkiyə Azərbaycana dəstək olaraq, sərhədi açmır. Sən də müsəlmansansa, sərhədi bağla. Bunu deyəndə susurlar, sonra da Türkiyəni ittiham etməyə başlayırlar. Bütün İran saytları mənim haqqımda “FETÖ-çü” deyə yazır. Halbuki, Fazil Mustafa Türkiyə hökumətinə dəstək verir. Necə ola bilər ki, həm “FETÖ-çü” olasan, həm də Türkiyə hökumətinə dəstək verəsən. Belə axmaqlıq olar?! Sadəcə olaraq, tapşırıq gəlib ki, bu adamın üzərinə gedəndə bu məsələləri qabardın. Lakin heç nə alınmır. Çünki hər kəs reallığı görür. Hətta həyasızcasına deyirlər ki, Nuru Paşa neftə görə Azərbaycanı işğal edib. Namusu olan azərbaycanlı bu sözü deməz. Çünki Nuru Paşa Bakıda ermənilərin təcavüz etdiyi qızları, qadınları xilas etdi və erməniləri özlərinin etdikləri ilə cəzalandırdı. Bu cür şər-böhtan xarakterli çıxışlar edirlər. Buna laqeyd qalmamalıyıq. Laqyedliyimizin cəzasını sonradan çəkirik.

İnterpress.az