Şeyx şəhid əsgərimizə görə katolikosa müraciət edəcəkmi?backend

Şeyx şəhid əsgərimizə görə katolikosa müraciət edəcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, artıq 10 gündür ki, Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlunun meyiti Ermənistan tərəfdədir. Keçən müddət ərzində Azərbaycan tərəfin beynəlxalq aidiyyəti qurumlara etdiyi müraciətlər nəticəsiz qalıb, düşmən tərəf beynəlxalq hüquq normalarını pozaraq, öz çirkin niyyətlərindən əl çəkmir.

Şəhid əsgərimizin cəsədinin erməni tərəfdə qalmasının üstündən keçən günlər ərzində əsas diqqətçəkən məqam Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin susqunluğudur. Çoxları hesab edir ki, Şeyx indiyə qədər şəhidimizin cəsədinin qaytarılması üçün erməni katolikosu II Qaragenlə təmas yaratmalı idi.

Xatırladaq ki, illər öncə də oxşar situasiya yaranmışdı. Milli qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun cəsədləri düşmən tərəfdə qalanda Şeyx erməni katolikosu ilə görüşmüş, cəsədlərin geri qaytarılması üçün müzakirələr aparmışdı. Bu dəfə də onun bu cür addım atıb-atmayacağı hələ məlum deyil.

Şeyx şəhid əsgərimizə görə katolikosa müraciət edəcəkmi?

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hesab edir ki, bu barədə təkcə Şeyx deyil, hər kəs təşəbbüs göstərməlidir: “Şeyxin imkanı varsa, yəqin ki, bu istiqamətdə mütləq addım atar. Bunu deməyə də ehtiyac yoxdur. Bildiyim qədəri ilə, belə şeylərdə o, çox həssas davranır, məsələnin həlli istiqamətində əlindən gələni etməyə çalışır. Keçən dəfə də buna bənzər hadisə baş vermişdi. İndi də Şeyx belə bir müraciət edə bilər. Burada heç bir problem yoxdur. Qırmızı Xaç Komitəsi ilə, eləcə də, digər vasitələrlə bunu həll etmək lazımdır”.

Deputat II Qaraginin bu tipli məsələlərin həlli istiqamətində təsir gücünün olduğunu da qeyd etdi: “İstəsə, bu addımın atılmasının onun reytinqinə təsir edəcəyini onların diqqətinə çatdırar. Ona görə də belə bir addım atsa, onun sözü eşidilə bilər. Çünki Ermənistanda hansısa bir siyasətçidən Qaragenin bu imkanları daha genişdir”.

F.Mustafa QMİ rəhbərinin bu istiqamətdə addımlar atacağını istisna etmir: “Bu məsələ bir qədər fərqlidir. Burada Ermənistan tərəfin atdığı addımlar insanlığa sığmayan addımlardır. Çünki Qırmızı Xaç Komitəsi bu istiqamətdə fəaliyyət göstərir və hər kəsin də diqqətini ora yönəldib. Əgər bu qurumun fəaliyyətindən bir nəticə çıxmayacaqsa, o zaman başqa vasitələrin işə düşməsi mümkündür. Hətta Rusiya Patriarxının da bu məsələyə qarışması mümkündür. İndiki şərtlərdə hamının diqqəti Qırmızı Xaça yönəldiyindən gecikmələr var. Bundan sonra belə təşəbbüslər olacaq”.

Qeyd edək ki, dekabrın 29-da ordumuzun əsgəri erməni təxribatının qarşısını alarkən şəhid olub. Onun meyiti düşmən nəzarətindəki ərazidə qalıb. Meyitin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edilib.(musavat)

İnterpress.az