“Ölkəmizin hansısa dairələrin hədəfində olması təbiidir”backend

“Ölkəmizin hansısa dairələrin hədəfində olması təbiidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra deputatlar və siyasətçilər son zamanlar ard-arda qaz kəmərlərində baş verən partlayışların qəsdən törədilməsi ehtimalının olmasının istisna edilmədiyini iddia edirlər. Məsələn, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc bildirib ki, bu gün Azərbaycanı hədəf kimi qəbul edən dairələr, qüvvələr var. Həmin dairələr Türkiyə ilə Azərbaycanı birləşdirən vahid kəmərlər üzərindən həm də təhlükələri birləşdirə bilərlər, buna qadirdirlər.

“Partlayışların mühüm siyasi-iqtisadi dönəmlərə düşməsi, dünyada terror olaylarının bu qədər artdığı zamanda sinxron baş verməsi Azərbaycanda bu hadisələrin mütləq kənar iradə hesabına gerçəkləşdirildiyi ehtimalını yaradır. 2015-ci il dekabrın 4-də ”Günəşli\” yatağında 30-ə qədər insanımızın faciə nəticəsində həlak olmaları, 2016-cı ilin dekabrında açıq dənizdə estakadada köşkün suya düşüb batması ilə nəticələnən olay, ardınca magistral qaz kəmərində 2 dəfə partlayış baş verməsi bir-biri ilə sanki uzlaşır. Ortaya bir tablo çıxır.

Amma əlimizdə kəşfiyyat məlumatları da yoxdur deyə, sadəcə, ehtimallarımızı söyləyirik. Neft və qaz təsərrüfatı ölkəmizin təkcə qan-damar sistemi deyil, həm də bütövlükdə cəmiyyətimiz də bu estakadanın üzərindədir. Bu, həmçinin təhlükəsizlik simvoludur. Ona qarşı hər hansı bir zərbə vurulursa, təxribat törədilirsə, bu, dövlətin bünövrəsinə vurulan zərbədir. Bu olayların terrorla nə dərəcədə bağlantısının olmasını təhlükəsizlik orqanları daha yaxşı bilirlər. Bununla belə Azərbaycanda son illər ərzində bu cür kənar qüvvələrin müəyyən qədər sistemli fəaliyyəti də inkarolunmazdır\” – deputat deyib.

Doğrudanmı Azərbaycan müəyyən güclərin terror hədəfində ola bilər? Bu arada ASALA terrorçularının Ermənistan güc strukturlarına yol tapdığı barədə xəbərlər yayılıb. Bir sıra ekspertlər bildirir ki, Azərbaycanın müvafiq qurumları bu amili də xüsusi nəzərə almalı və təhlükəsizlik məsələləri daha da ciddiləşdirilməlidir.

Politoloq Elçin Mirzəbəyli bu barədə danışarkən qeyd etdi ki, qaz kəmərlərində baş verən partlayışlar müvafiq dövlət qurumları tərəfindən texnogen qəza kimi qiymətləndirilib. Bu baxımdan baş verənlərdə terror amili istisna olunur. Amma hər bir halda ayıq-sayıqlıq əldən verilməməlidir: “Terror və terrorizmlə bağlı məsələlərdə ehtimallar üzərində mülahizələr irəli sürülməsinin tərəfdarı deyiləm. Belə məsələlər peşəkar yanaşma və ictimai maraqların nəzərə alınmasını tələb edir. Bildiyim qədər, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən enerji və nəqliyyat dəhlizlər yüksək peşəkarlıqla qorunur. Bu artıq təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin məsələsi deyil, həm də Avropanın təhlükəsizliyi məsələsidir”.

O ki qaldı ölkəmizin hansısa dairələrin hədəfində olmasına, E.Mirzəbəyli vurğuladı ki, bu, təbiidir: “Azərbaycan geosiyasi mövqeyinə, mühüm enerji və nəqliyyat dəhlizlərinin qovşağında olduğuna görə hər zaman hədəfdə olub. Torpaqlarımızın işğalı faktını və Ermənistanla müharibə vəziyyətində olduğumuzu nəzərə alsaq, bizi hədəfə çevirən amillərin sayının yetərincə olduğunu deyə bilərik. ASALA-ya gəldikdə isə bu terror təşkilatı fəaliyyətini heç zaman dayandırmayıb. ASALA-nın Ermənistan hakimiyyətinə sızması isə təəccüblü deyil. Ermənistanın bugünkü siyasi elitası onsuz da terrorçulardan ibarətdir. Ermənistanın həm iqtidarında, həm də müxalifətində ASALA, QNÇAK, ”Daşnaksutyun\” terror təşkilatlarının nümayəndələri təmsil olunurlar. Ermənistanda siyasi təşkilatlarla terror təşkilatları iç-içədirlər və eyni məqsədə xidmət edirlər. ASALA, “Daşnaksutyun” və QNÇAK-dan fərqli olaraq milli platforma deyil, marksist platforma üzərində fəaliyyət göstərir. Daha dəqiq desək, marksist maskası taxıb. Bu baxımdan, ASALA PKK və digər bu kimi təşkilatlarla birgə hərəkət edir. PKK ilə ASALA uzun müddətdir rəsmi ittifaqdadırlar. Bu baxımdan təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə üçün təhlükə yaradırlar\”.(musavat)

İnterpress.az