Bloqçu Azərbaycana təhvil verilirbackend

Bloqçu Azərbaycana təhvil verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Aleksandr Lapşin 1976-cı ildə Rusiyada doğulub. Atası rus, anası yəhudidir. 13 yaşından İsraildə yaşayıb, orada ali təhsil alıb, bir müddət ABŞ-da oxuyub. 2003-2008-ci illərdə Moskvada yaşayan bloqçu sonradan İsrailə qayıdıb.

Ötən il dekabrın 16-da Azərbaycanın Baş Prokurorluğu bəyan edib ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Lapşin 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib: “O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünə məxsus Puerrtto.livejournal.com portalında Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verib, həmçinin 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və Lapşin dövlətlərarası axtarışa verilib. Belarusun hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində Lapşin saxlanıb”.

“Azadlıq” radiosunun 9 yanvar məlumatına görə, İsrail rəsmiləri bloqçunun Azərbaycana təhvil verilməsinə mane ola bilmirlər. “The Times of İsrael” qəzeti yazır ki, Azərbaycan bloqçunu ekstradisiya etmək üzrədir və İsrailin Xarici İşlər Nazirliyi məsələyə müdaxilə edə bilməməsindən narahatdır.

Ailəsi isə İsrail hökumətinə müraciət edərək bloqçunun həyatının təhlükədə olduğunu, onun mənəvi və fiziki təzyiqə məruz qaldığını deyib, azadlığa buraxılmasına yardım etməyə çağırıb.

Yanvarın 7-də Azərbaycanın Baş Prokurorluğu bəyanat yayaraq Lapşinin ekstradisiyası barədə sənədləri Belarusa göndərdiyini bildirib. Onun bir neçə günə Bakıya gətirilməsi gözlənir.

Ailəsi İsrailin “Haaretz” qəzetinə bildirib ki, Belarusda bloqçuya ekstradisiya haqda razılaşmanı imzalamaqdan ötrü təzyiq göstərirlər. Həyat yoldaşı Yekaterina Kapilova deyib ki, ötən dekabrın 25-də Lapşinin kamerasına iki nəfər daxil olub. Ona ekstradisiya haqda müraciətin qəbul edildiyini, bu haqda təklifi imzalayarsa, Bakıya, sonra da İsrailə göndəriləcəyini söyləyiblər. Ancaq ona ekstradisiya qərarı haqda sənəd göstərilməyib. Xanımı bu barədə Minskdəki İsrail səfirliyinə və İsrailin Xarici İşlər Nazirliyinə müraciət edib, ərinin İsrailə göndərilməsi barədə razılaşmanın olmadığını öyrənib. Bloqçu ekstradisiya haqda razılığa imza atmayıb və həyat yoldaşının dediyinə görə, dekabrın 26-da onu soyuq kameraya salıblar. Onun İsrail rəsmiləri ilə görüşünə icazə verilməyib. (musavat)

İnterpress.az