Rəsmi İrəvan əsgərimizin nəşini niyə qaytarmır?backend

Rəsmi İrəvan əsgərimizin nəşini niyə qaytarmır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu BakiPost.az-a politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, erməni tərəfi bununla Azərbaycana mesaj vermək istəyir: \”Demək istəyirlər ki, növbəti dəfə də hücum etsək şəhid olan başqa hərbçimizin də meyitini qaytarmayacaqlar. Bu yolla bizi hücumlardan çəkindirmək istəyirlər. Faydasız siyasətdir. Milli qəhrəmanımız Mübariz İbrahimovun da cəsədini tanınmaz hala gətirdilər. Uzun müddət qaytarmadılar. Nəticəsi nə oldu? Qaytardılar və biz onu böyük təntənə ilə dəfn etdik. İndi də qaytaracaqlar və hərbçimizin meyidinin qaytarılmasının gecikdirilməsi Azərbaycanı işğalçı dövləti daima təzyiq altında saxlamaq siyasətindən çəkindirməyəcək”.

Elxan Şahinoğlu bildirib ki, ermənilər Dağlıq Qarabağın həbsxanasında saxladıqları Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi də geri qaytaracaqlar: \”Erməni tərəfi sadəcə siyasi alver etmək istəyir. Nə etsələr də alınmayacaq. Çünki artıq Ermənistan cəmiyyəti də anlayır ki, Azərbaycan heç zaman işğal faktı ilə barışmayacaq və İrəvanın siyasəti hərbi toqquşmaların, itkilərin sayını artırır”.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfin nəzarətindəki ərazidə qalıb.

Çingiz Qurbanovun cəsədi Ermənistanla təmas xəttindəki ərazidən İrəvana aparılıb. Ermənilər şəhid əsgərimizin İrəvan morqunda çəkilən fotolarını da sosial şəbəkədə yayıblar.

Azərbaycan tərəfi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Rəsmi İrəvan əsgərimizin nəşini niyə qaytarmır?

İnterpress.az