Sabir Rüstəmxanlı Türkiyənin “1 nömrəli” mövzusundan danışdıbackend

Sabir Rüstəmxanlı Türkiyənin “1 nömrəli” mövzusundan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Türkiyə parlamentində konstitusiyaya dəyişikliklərin müzakirəsi başlayıb. Prezident idarəçilik sisteminə keçidi nəzərdə tutan yeni dəyişikliklərin bütöv paket olaraq ilk səsverməsi baş tutub. Səsvermədə 480 millət vəkili iştirak edib. 338 deputat dəyişikliyi dəstəkləyib, 134 deputat isə qarşı çıxıb.

Qeyd edək ki, konstitusiya dəyişikliklərinin qəbul olunması üçün 330 deputatın səsi lazımdır. Hazırda AKP-nin 316 səsi var və dəyişikliklərin Məclisdən keçməsi üçün daha 14 millət vəkili səsinə ehtiyac var. Bundan başqa, parlamentin spikeri İsmayıl Kahramanın xəstəxanaya yerləşdirilməsi və onu başqa bir AKP-dən olan sədr müavininin əvəzləməsi hakim partiyanın daha bir səs itirməsi anlamına gəlir ki, nəticədə 14 deyil, 15 səsə ehtiyac yaranmış olur.

Xatırladaq ki, 18 maddədən ibarət konstitusiya dəyişikliyi paketində əsas maddə “güclü prezident” sistemidir. Yeni dəyişikliyə əsasən, baş nazir postu ləğv olunur, icra hakimiyyətinin başçısı prezident olur. Prezident partiya sədri ola bilər, eyni zamanda parlamenti buraxmaq səlahiyyətləri əldə edə bilir. Ancaq bu zaman yeni prezident seçkiləri də keçiriləcək. Müzakirələrin aparılması üçün son tarix yanvarın 23-dür.

Ancaq Türkiyədə konstitusiya dəyişikliyi və ölkənin bunu qədər Mustafa Kamal Atatürk zamanında əsası qoyulmuş parlament idarəçilik sisteminin dəyişdirilməsi birmənalı qarşılanmır. Hökumət iddia edir ki, idarəçiliyi mərkəzləşdirmək, proseslərə daha çevik reaksiya vermək üçün icra hakimiyyətinin prezidentin əlində toplanması, ən azı, yarım prezidentlik sistemi formasında Fransa nümunəsi tətbiq olunması zəruridir. Ancaq eyni zamanda müxaliflər Şərqdə parlament sisteminin olmadığı dövlətlərdə avtoritarizmə yuvarlanma təhlükəsinin çox olduğunu və bu keçidin Türkiyə demokratiyasını zədələyəcəyini deyirlər.

Bəs Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri Türkiyədə prezident idarəçiliyi sisteminə keçidi necə qiymətləndirirlər?

Türkiyə ilə çox yaxın bağları olan, bu ölkəni yaxından bilən sabiq deputat, VHP sədri Sabir Rüstəmxanlı Türkiyədə gedən prosesləri izlədiyi, ancaq baş verənlərin tam səbəbini anlamağa çalışdığını deyir: “Parlamentdəki çıxışları izləyirəm. Ancaq dəyişikliyə təqdim olunan maddələrin hamısını bilmədiyim üçün bu məsələdə qərara gəlmək çətindir. Lakin bir fakt var: Türkiyənin qurucusu Atatürkdür. Atatürk Anadolunun və dağılmaqda olan Türkiyənin ozamankı durumunu hər kəsdən yaxşı bilirdi. Dövləti xilas eləməyin yolunu tapdı və nəticədə bölgədə, hətta Avropada böyük sayğı görən demokratik bir dövlət qurdu. Ona görə onun qurduğu sistemi tələm-tələsik dəyişmək – baxmayaraq ki, bir neçə ildir müzakirələr davam edir – və parlament respublikası sisteminə keçmənin zərurətini hələ də anlamış deyiləm”.

S.Rüstəmxanlı deyir ki, Türkiyənin hazırkı şərtləri idarəçiliyin daha çox bir əldə cəmləşməsini şərtləndirməsi mümkündür, ancaq: “Əlbəttə, anlayıram ki, indi prezident üsul-idarəsinin olduğu dövlətlər çoxdur. Azərbaycanda da prezident üsul-idarəsidir. 1918-20-ci ildə mövcud olan Cümhuriyyəti bərpa eləsək də, ordan uzaqlaşmışıq. Rusiya, Fransa, ABŞ-da prezident üsul-idarəsidir – baxmayaraq ki, sonuncuda hər ştat bir dövlətdir. Görünür, dünyada bir tendensiya var. Hakimiyyətin daha çox bir əldə cəmlənməsi, bu da daha çox çevik qərarlar vermək üçün lazımdır. Çevrəsində düşmənlər olan, içəridə təxribat ocaqlarının olduğu ölkədə hakimiyyətin daha çevik fəaliyyət göstərməsi, vaxtında qərar verməsi üçün prezident idarəçiliyi daha əlverişlidir”.

Ancaq onun fikrincə, sistemin dəyişdirilməsi sıradan bir siyasi hadisə olmadığı üçün ciddi xalq dəstəyinin və güvənilən bir insanın olması vacibdir: “Amma burda başqa bir məsələ prezidentə nə qədər güvənə bilmək mövzusudur. Hakimiyyəti tək əldə cəmləşdirən prezidenti kim seçib, hardan gəlib, məqsədi, niyyəti nədir? Hakimiyyətin ən yuxarı pilləsinə hansı yollarla, kimlərin dəstəyi ilə gəlməsi məsələsi çox mühümdür. Bütün bunlar bilinməlidir, araşdırılıb ortaya qoyulmalıdır. Əgər bu olarsa, o zaman qərar vermək daha rahat olar. Ölkədə hansı sistemin – məclis, yoxsa prezident – olması mühüm deyil, mühüm olan bunların etibarlı olmasıdır. Əgər etibarlı qüvvə olsa, o zaman siyasi idarəçilik sisteminin fərqi yoxdur. Ancaq əksinə olarsa, əlbəttə, istənilən siyasi idarəçilik sistemi təhlükəlidir”. ( musavat.com )

İnterpress.az