“Lotu Quli”-nin ətrafında nə baş verir?backend

“Lotu Quli”-nin ətrafında nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Nadir Səlifovun adı mətbuatın gündəmindən düşmür. Onun ötən il Türkiyədə öldürülən Rövşən Canıyevlə (“Lənkəranski”) mübarizəsindən, daha doğrusu, müharibəsindən çox yazılıb.

Azərbaycan sərhədlərindən kənarda baş verən kriminal olaylarda hər iki avtoritetin adamlarının adı da tez-tez çəkilib. “Lotu Quli” 17 ildir ki, həbsdədir, onun ölkədən kənarda baş verənlərdə birbaşa iştirakı da bu baxımdan istisnadır. “Lotu Quli”nin vəkilləri illərdir ki, onun vətəndaşı olduğu Gürcüstana ekstradisiyası üçün nəticəsiz çabalar göstərirlər.
Bugünlərdə isə onun adamlarının Bakıda, Nərimanovda baş verən kütləvi davada iştirak etmələri haqda xəbər yayılıb. Bu xəbərlərdən əvvəl isə “Lotu Quli”nin qəddar göstərilməsi üçün kampaniya aparılır.

Mətbuatda anonim mənbələrə istinadən yanvarın 9-na keçən gecə Bakının Nərimanov rayonunda baş vermiş atışmada kriminal avtoritetlər Rafiq Eyvazovun (Rafiq Masallinski) və Nadir Səlifovun («Lotu Quli») adamlarının iştirak etdiyi vurğulanır. Bununla bağlı “Lotu Quli”nin vəkili Təranə Əliyeva virtualaz.org-a xəbərləri şərh edib.

“Bu məlumatı oxuyandan dərhal sonra müvəkkilimlə əlaqə saxladım. N.Səlifov qəti şəkildə bu məlumatı təkzib etdi. Son günlərdə bu, N.Səlifovla bağlı yayılan ikinci təxribatçı yalan məlumatdır”, – T.Əliyeva bildirib.

“Lotu Quli” öz adamlarının Bakıdakı atışmada iştirakını qəti şəkildə təkzib edir.

“Ümumiyyətlə, mənim Bakıda adamlarım yoxdur. Bütün yaxınlarım Azərbaycanın hüdudlarından kənardadır. Bu yalan məlumatların haradan qaynaqlandığını bilirəm və jurnalistlərə məsləhət görürəm ki, bəzi dairələrin mənə qarşı təxribatlarına aldanmasınlar”, – müvəkkilinin adından çıxış edən vəkilin bəyanatında deyilir. Qeyd edək ki, KİV-in məlumatına görə, bir neçə gün öncə “Lotu Quli”nin adamları kriminal avtoritet “Rafiq Masallinski”ni qəddarcasına döyüblər və onun bir qulağını kəsiblər. Zorakılığı əks etdirən foto isə sosial şəbəkələrdə və Azərbaycan KİV-də yayımlanmışdı. (musavat)

İnterpress.az