“Mən ittiham edirəm”backend

“Mən ittiham edirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycanın xalq artisti, dünya şöhrətli bəstəkar, professor Arif Məlikov APA-ya müsahibə verib.

Virtualaz.org bildirir ki, bir çox maraqlı məsələlərə toxunulan müsahibədə A.Məlikov 1990-cı ildə həbsxanalardan onlarla günahsız insanı necə azad etdirməsi ilə bağlı sualı da cavablandırıb.

Həmin hadisələri xatırlayan bəstəkar deyib: \”Mən iki dəfə SSRİ Ali Sovetinin deputatı olmuşam. Bu status mənə açılmayan qapıları açmaq imkanı verib. O gün Anar da televiziyada dedi ki, Moskvada oturanlar əsasən sağıcılar idi və onlar SSRİ Ali Sovetinin tribunasından onsuz da heç nə demirdilər. Anar idi, mən idim, Tofiq İsmayılov idi… Biz millətimizi sevirdik və lazım olanda sözümüzü deyirdik.

Mən müdafiə naziri Yazovun yanına getmişəm. Generallar görmüşəm və onların barəsində nə düşünmüşəmsə, onu demişəm. Heç nə edə bilmirdilər. Çünki onların arasında SSRİ Ali Sovetində deputat oturmurdu. SSRİ daxili işlər nazirinə dedim ki, Mərdəkan həbsxanasına döyülmüş, şikəst edilmiş 49 nəfər gənc azərbaycanlı gətirilib. Nazir dedi, ola bilməz. Cavab verdim ki, mən faktı deyirəm və özüm orda olmuşam. Həbsdə olanlar məni görəndə dedilər, Arif müəllim, bizə siqaret lazımdır. Oturdum maşına, getdim Mərdəkan bazarına. Bir yeşik ucuz, filtrsiz siqaret aldım. Onlar yarım saata yaxın mənimlə danışmadılar, ancaq siqaret çəkdilər, siqaret tüstülətdilər. Ondan sonra açıq söhbət başladı və 49 nəfərin hamısını bir gündə həbsxanadan çıxartdırdım. Bir qoca mənə yaxınlaşdı ki, oğlum, sən Arif Məlikovsan? Dedim, hə. Dedi, gəl əlindən öpüm, sən mənim oğlumu həbsdən qaytardın.

Kitab yazmışam: “Mən ittiham edirəm”. Orda çoxlu faktlar var. Həmin kitabda yüzdən çox soyad var. Hər soyadla ayrı-ayrılıqda məşğul olmuşam. Vaxt var idi, Bakıda yeganə adam idim ki, gecələr maşınla gəzirdim. Qadağa var idi. Siz bilirsiniz, fövqəladə vəziyyət nədir? Onlar sadəcə, məni güllələyə bilmədilər. Bu da ola bilərdi. Amma istəmirəm bu haqda danışam…\”.

İnterpress.az