“Azərbaycandakı siyasi liderlər qınına çəkilib”backend

“Azərbaycandakı siyasi liderlər qınına çəkilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycanda siyasi plüralizm var, siyasi partiyaların fəaliyyətinə icazə verilir, amma siyasətdə aktivlik bəzi səbəblərdən yox dərəcəsindədir.

“31 siyasi partiya rəsmi qeydiyyatdan keçib, bunların bəzilərinin qəzetləri də var. Siyasi partiyaların fəaliyyəti üçün ciddi əngəlləmələr yoxdur. Sadəcə olaraq, siyasi partiyaların fəaliyyətində müəyyən boşluq var. Mənim zənnimcə partiyaların çoxu ciddi maliyyə problemi keçirirlər. Partiyaların əksəriyyətinin cəmiyyətlə, xalqla təmasları demək olar ki, yox dərəcəsindədir. Bu səbəbdən də elektoral baza toplamaq nöqteyi-nəzərindən də ciddi çətinliklərlə üzləşiblər. Bu partiyalar öz aralarında siyasi inteqrasiyaya da gedə bilmirlər. Elə partiyalar var ki, üzvlərinin sayı da azdı, siyasi fəaliyyətlərə təsir etmək imkanları da yoxdur. Belə partiyalar bir-biri ilə birləşib və yaxud da blok yaradıb heç olmasa özlərinin xüsusi çəkisini artırmağa çalışmalıdırlar. Hazırki vəziyyətdə bu partiyalar öz şirələrində bişmək məcburiyyətində qalırlar və bu da həmin qurumların siyasi proseslərə təsirini heçə endirir”.

Politoloqun sözlərinə görə, partiyalarda əsas problemlərdən biri də lider problemidir.

“Sağlam şəxsiyyəti olan, özünün intellekt səviyyəsi ilə fərqlənən, heç olmasa özünün fikirləri və ideyaları ilə cəmiyyətdə təbəddülat yaratmağı bacaran liderlər azdır və yaxud da yoxdur. Olan liderlər də qınına çəkilib, mətbuatla təmasları zəifləyib, bir qismi siyasi partiyanı əlində saxlayıb “mən siyasətdən getmişəm” deyir. Başqa biri isə siyasi inteqrasiya proseslərinə getmək istəmir və təkbaşına mübarizəni özü üçün əsas mübarizə yolu seçib. Belə bir şəraitdə əlbəttə ki, siyasi mühiti də qeyd etmək olar. Siyasi mühitin özü də partiyalar üçün əlverişli şərait yaratmır. Çünki iqtidar o dərəcədə uğurlu və çevik siyasət yürüdür ki, siyasi partiyaları bütün sahələrdə qabaqlayır. Bütün bunlar cəmiyyətdə siyasi plüralizm ənənələrinin yaranmasına və siyasi boşluğun aradan qaldırılmasına imkan vermir”.

Qabil Hüseynli deyib ki, indiki dövrdə eyni təmayüllü, eyni ideoloji yönlü partiyalar siyasi inteqrasiyaya getməlidir.

“Siyasi partiyanın funksionerləri xalq içərisində görülməlidir, xalqla söhbət aparmalıdırlar, xalqa vəziyyəti izah etməyi bacarmalıdırlar. Əgər bunu edə bilmirlərsə, mətbuata çox çıxmalıdırlar. Bir sözlə, siyasi fəallığın müxtəlif formaları var. Onların hamısından liderlər istifadə edib özlərinin tabeçiliyində olan və yaxud onların arxası ilə gedən insanları da fəallaşdırmağı bacarmalıdırlar”.

İnterpress.az