AĞ Partiyanın qeydiyyat müəmmasıbackend

AĞ Partiyanın qeydiyyat müəmması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin yayında yaradılan AĞ Partiyanı hələ də Ədliyyə Nazirliyi qeydə almayıb. Bununla belə, partiyanın təşkilatlanması prosesi sürətlə gedir. Dekabrın sonlarında qurumun gənclər qolu da yaradılıb. Hazırda AĞ Partiya qeydiyyat üçün etdiyi müraciətin cavabını gözləyir.

Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında əsas fəaliyyətlərini strukturlaşma üzərində qurduqlarını bildirdi: “Partiyanın seçkisi orqanları formalaşıb, müavinlər və müşavirlər də təyin olunub. Bakı və regionlar üzrə təşkilatların formalaşdırılması üzrə işlərimiz davam edir – baxmayaraq ki, ölkədə iqtisadi böhran və digər problemlər var, amma əhalinin müxalifətə maraq göstərməməsi göz önündədir. Bununla belə, partiyamıza qoşulmaq üçün müraciətlər var, xüsusilə gənclər tərəfindən müraciətlər daha çoxdur. Hətta tam əminliklə deyə bilərik ki, qısa müddətdə mövcud olmağımıza baxmayaraq, Azərbaycanda strukturlaşma, rəsmiyyət və çeviklik baxımından ilk beş partiyadan biriyik. Bunları pafoslu demirəm. Partiyamız 1993-cü il yanvarın 13-də qeydiyyatdan keçib. Yəni qeydiyyatımız var. Sadəcə olaraq, ad dəyişikliyi və qurultayın təsdiq olunması ilə bağlı müraciət etmişik. Nizamnaməni dəyişmişik, hər dəfə bəzi texniki problemləri əsas gətirirlər. Biz də qeyd edirik ki, o qüsurlar yoxdur – buna baxmayaraq, nazirliyin qeyd etdiyi qüsurları düzəldirik. Ümid edirəm ki, yaxın zamanlarda bu məsələ də həllini tapar. Çünki süni şəkildə uzatmağın, əngəllər yaratmağın heç bir mənası yoxdur. Onsuz da Azərbaycanda siyasi partiyalar hələ ki siyasi proseslərdən kənarda qalıblar. Hakimiyyət diqqətlə baxsa görər ki, siyasi partiyaların proseslərdən kənarda qalması heç də müsbət amil deyil. Çünki cəmiyyətin yönləndirilməsində çətinliklər yaranır ki, nəticədə başqa qüvvələr prosesə nəzarət edirlər. Ona görə də partiyaların yaranması, onların fəaliyyət göstərmələri hakimiyyətin də diqqətində olmalıdır”.

T.Abbaslı qeydiyyatın olmamasına rəğmən, fəaliyyətlərini davam etdirdiklərini dedi: “Siyasi səhnədə rol almaqda davam edəcəyik. Reallıqdır ki, hazırkı iqtidar hakimiyyətə gəldiyi ildən etibarən siyasi durum ölkədə ağırlaşıb. Vəziyyət o həddə çatıb ki, bu gün hansısa bir siyasi qurumun qərargahının olması müsbət addım kimi dəyərləndirilir. Müxalifət bütün resurslardan məhrum olunub. Bunun nəticəsində partiyalar ideoloji xətti buraxaraq, sırf sosial problemlərə adaptasiya olunmağa başladılar.

AĞ Partiyanın qeydiyyat müəmması

Bu gün sağçı, solçu partiyalar koalisiya yarada bilirlər. Amma AĞ Partiya olaraq, bizim ideoloji xəttimiz var. Biz sağ mühafizəkar partiya kimi formalaşırıq və bizimlə ideologiyaları eyni olan şəxslər, qurumlarla birlikdə fəaliyyət göstərməyi qərara almışıq. Çünki ideologiya ətrafındakı birləşmələr daha möhkəm olur. Bu baxımdan, sevindirici haldır ki, partiyamızın ideoloji xəttini müdafiə edənlər daha çox müraciət edirlər. Biz Türkiyə hakimiyyəti və hazırkı hakim partiya ilə əlaqələrin qurulmasının tərəfdarıyıq. Bir millət-iki dövlət deyil, bir millət bir dövlət olmağın, İslam birliyinin tərəfdarıyıq”.

Partiya başqanı fəaliyyətdə olduqları 6 ayda gördükləri işlərdən danışdı: “Fəaliyyətdə olduğumuz 6 ay ərzində siyasi proseslərdə ən passiv dövrlərdən biri olub – baxmayaraq ki, iqtisadi böhran ən yüksək səviyyəyə çatıb, bu, siyasi aktivliyə zərrə qədər də təsir etməyib. Amma bununla belə, ciddi uğurlarımız oldu. Cəmiyyətdə özümüzü siyasi qüvvə kimi tanıtdıq, cəmiyyət də artıq bizi belə qüvvə kimi qəbul edir. Bu gün partiya olaraq müxtəlif bloklarda təmsil olunuruq. Köklü partiyalarla birlikdə problemlərlə əlaqədar fəaliyyət göstəririk. Üstün cəhətlərimizdən biri gənclərlə bağlıdır. Bu gün bir çox siyasi partiyaların gənclər təşkilatları olmadığı halda, fəaliyyətdə olduğumuz 6 ay ərzində gənclərin möhtəşəm konfransını keçirdik. Yəni bizə meyl göstərənlər sırasında gənclər üstünlük təşkil edirlər. Uğurlarımız çox oldu, bundan sonra daha çox uğur əldə etmək üçün bütün gücümüzü sərf edəcəyik. Əminəm ki, yeni siyasi qüvvə kimi qarşımıza qoyduğumuz hədəflərə çatacağıq və siyasətdə parlayan qurumlardan biri biz olacağıq”.

İnterpress.az