Vidadi Zeynalov üsyan etdibackend

Vidadi Zeynalov üsyan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosestəyin olunan vaxtından bir saat gec başlayıb.

Buna səbəb “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyevin gecikməsi olub. Gec zala daxil olan vəkil Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun vəkillərinə replika verib:

“Hamı da vaxtında gəlməz ki, məndə vaxtında gəlim. Vidadi müəllimin vəkilləri vaxtında gəlib, bəs edir”. Daha sonra hakimlər zala gəlib və ilk olaraq şahid qismində Sabirabad Telekommunikasiya Qovşağının 2 №-li sahəsinin rəisi Fərzəli Fərzəliyev ifadə verib.

O, bildirib ki, telekommunikasiya infrastrukturunda təmir işləri görülüb: “Görülən işlər üçün materialların alınmasında iştirak etmişəm. Götürdüyümüz bütün materiallara sənədlər vasitəsi ilə imza etmişəm. Həmin vaxt qovşağın rəisi Tapdıq Bağırov idi. Bütün aldığımız vəsaitlər təyinatı üzrə istifadə edilib”.

Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyevin suallarını cavabandıran şahid qeyd edib ki, bütün təmir-tikinti işləri ilə bağlı bütün materialları sənədləşmə əsasında götürüb: “İmzam olmayan materialları isə götürməmişəm”.

Şahidin ifadəsində ziddiyyətlər olduğu üçün onun istintaq verdiyi ifadəsi elan edilib. O, istintaqa verdiyi ifadəsində özünün adına tərtib edilmiş mal-materialların alınmasını, istifadə olunması ilə bağlı aktlarda göstərilənlərin icra olunmadığını deyib. Şahid istintaqa verdiyi ifadəsini qismən təsdiqləyib.

Daha sonra şahid qismində Əkbər Əsgərov ifadə verib. Bildirib ki, Şirvan Telekommunikasiya Qovşağının baş mühasibi işləyib. Şahidin sözlərinə görə, qovşağa nə qədər pul ayrılmasını xatırlamayıb:

“Pul köçürüləndən sonra bankdan götürüdük, 10 faizi qövşağda qalırdı, qalan 90 faizini isə “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmova vermişəm. Yerdə qalan 10 faizlə qovşağda olan işləri görmüşük”.

Oktay Rüstəmov şahidin yalan danışdığını, ondan pul qəbul etmədiyini deyib. Vidadi Zeynalovun vəkili Ceyhun Yusifovun suallarını cavab verən Əkbər Əsgərov bildirib ki, qovşağın rəisi Rəhman Məmmədovun göstərişi ilə vəsaitin 90 faizini geri qaytarıb:

“Məndə Oqtay Rüstəmova pulları Rəhman Məmmədovun göstərişi ilə vermişəm. Bizə ödənilən vəsaitlərlə bağlı hazır sənədlər gəlib. Pulları Oqtaydan başqa heç kim qəbul etməyib. Mənim də “Aztelekom”un rəhbəri ilə şəxsən münasibətim olmayıb”.

Şahidin sözlərinə görə, “Aztelekom” MMC-dən Şirvan TKQ-nın hesabına köçürülmüş və qovşağın göstərdiyi xidmətlərdən toplanmış ümumilikdə 12358310 manat pulun 90 faizinin “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova verilməsində kimin göstərişin olmasını bilməyib: “Ümumilikdə bilmişəm ki, rəhbərliyin göstərişi olub, amma bu göstərişin kimin tərəfindən tərəfindən verilməsini bilməmişəm. Mən pulu şəxsən Oktay Rüstəmova vermişəm”.

Vidadi Zeynalov isə arayış verərək bildirib ki, dindirilən şahidin onların işinə adiyyatı olmayıb: “Amma bildirmək istəyirəm ki, Şirvan qovşağında bir çox işlər görülüb, həmin işlərində açılışında iştirak etmişəm. Orada xeyli təmir işləri görülüb. Bəs, onda 90 faiz vəsait geri qaytırılıbsa, onda bu qədər işlər hardan görülüb?”.
Digər şahid Əsəd Əsədullayev bildirib ki, Şirvan qovşağında xəzinədar işləyib. İstintaqa verdiyi ifadəsini təsdiqləyən şahid bildirib ki, həmin qovşaqda 2004-cü ildən işləyib: “12 milyon manatdan çox “Aztelekom”dan qovşağın bank balansına köçürülüb.

Mənə rəis deyirdi ki, banka pul köçürülüb, həmin pulu gətir, məndə gətiridim. Həmin vəsaiti bankdan çıxarandan sonra vəsaitin 10 faizi qovşaqda qalırdı, qalan 90 faizini isə “Aztelekom”a geri qaytardıq”.

Şahid Yaşar Babayev bildirib ki, Sabirabad Telekommunikasiya Qovşağında baş mühasib işləyib.

Onun sözlərinə görə, aylıq əməkhaqqısından əlavə heç bir vəsait almayıb: “Bayramlarda, toya gedəndə 50 manat rəis pul verirdi. Başqasına pulun verilməsini bilməmişəm”.

Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olub və bu səbəbdən onun istintaqa verdiyi ifadəsi elan edilib.

Yaşar Babayev istintaqa verdiyi ifadəsində göstərib ki, baş mühasib kimi əsas vəzifəsi qovşağın maliyyə hesabatının aparılması, balansın tərtib edilməsi və digər maliyyə işlərinin həyata keçirilməsindən ibarətdir:

“2010-cu ildə Sabirabad rayonunun Kür çayı keçən ərazisində olan kəndləri su basıb, bununla əlaqədar FHN və digər qurumların əməkdaşları rayona gələrək Telekommunikasiya Qovşağına dəymiş ziyanın məbləği hesabladı və 1.865.235 manat müəyyən edildi.

Dəymiş ziyanın aradan qaldırılması üçün “Aztelekom” MMC-dən 2010-cu ildə 524.890 manat, 2012-ci ildə 976.342 manat, 2013-cü ildə isə 2.812.990 manat, 2014-cü ildə 5.843.400 və 2015-ci ildə isə 2.946.020 manat olmaqla, həmin vəsait Telekommunikasiya Qovşağının hesabına köçürüldü.

“Aztelekom” MMC-nin rəhbərliyinin göstərişi əsasında köçürülmüş vəsait qovşağın bank hesabından nağd olaraq çıxarılaraq 90 faizi “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova verildi.

Pul “Aztelekom” MMC-nin hesabından qovşağın “Kapital Bank” ASC-nin Sabirabad filialına köçürülmüşdü, qovşağın xəzinədarı Arzu Xəlilov banka gedərək çek əsasında pulu nağd olaraq çıxarıb, xəzinəyə mədaxil edib, xəzinədən isə mal-materialların alınması, təmir-tikinti işlərinin icra edilməsi məqsədi ilə sənədləşdirilməklə qovşağın rəisi Tapdıq Bağırova verilib. Nağdılaşdırılmış pulun 90 faizi özü, həmçinin qovşaq rəisi Tapdıq Bağırovun tərəfindən baş mühasib Oktay Rüstəmova verilib, sonuncuya apardığı pulun məbləği 100.000-150.000 manat olub. Nağd pulun sənədləşdirilməsini özüm aparmışam.

Çıxarılmış nağd pul qovşağın xəzinəsinə mədaxil edilib, xəzinədən mal-material alınması məqsədi ilə məxaric orderi vasitəsi ilə Arzu Xəlilova verilib, pulun müqabilində qaimə-faktura, mal-materialın alınmasını təsdiq etmək üçün isə akt tərtib edilib.

Bütün sənədləşmələri özüm aparmışam, aktlarda Arzu Xəlilovun, sürücü Əli Şəmmədovun və mantyor Həsən Şirinovun ad və soyadlarını yazaraq onların əvəzindən imza etmişəm.

Arzu Xəlilovdan başqa digər şəxslərin sənədlərdən məlumatım olmayıb və imzalar onların tərəfindən imzalanmayıb. Qaimə-fakturalarda yazılmış mal-materialların siyahılarını özü tərtib etmişəm, onları gündəlik bazar qiymətinə uyğun qiymətləndirib.

Qaimə-fakturalarda və aktlarda nəzərdə tutulmuş mal-materialın heç biri alınmayıb. Nağdılaşdırılmış vəsaitdən qalan 10 faiz pul qarşılığında müəyyən avadanlıqlar alınaraq su basan ərazilərdə rabitə xəttlərinin bərpa edilməsinə, işlərin görülməsinə sərf edilib.

Bu işləri görmək üçün əmək haqqından əlavə aylıq 1000 manat pul almışdır. Qeyd etdikləri “Aztelekom” MMC-nin rəhbərliyinin göstərişi əsasında icra olunub”.

Yaşar Babayev istintaqa verdiyi ifadəsini təsdiqləyib və bildirib ki, Oktay Rüstəmovun adını ona müdiri deyib. Hər ay 1000 manat əlavə vəsait alması barədə olan hissədə də ifadəsini təsdiqləməyib: “Mənim o qədər pulum hardan olub. Əgər o qədər pul alsaydım, daha niyə 3 banka ödəyirəm”.

Daha sonra şahid qismində “Aztelekom” MMC-nin Maliyyə, İqtisadi Təhlil və İnvestisiya şöbəsinin rəisi Faiq Cəfərov ifadə verib. O, bildirib ki, “Aztelekom” MMC-nin vəsaiti hesabına əsas iş görmüş firmalar Namazalı Məmmədova məxsus olub:

“Namazalı Məmmədovun Gəncədə gördüyü işlərlə bağlı yoxlama aparılıb və qiymətlərin şişirdilməsi ilə bağlı rəhbərliyə hesabat təqdim etdim. Bundan sonra onun gördüyü işlər müvəqqəti dayandırıldı”.

Şahid qeyd edib ki, ödənişlə bağlı hissəyə münasibət bildirə bilməz, çünki səlahityyətlərinə bu məsələ aid olmayıb. Namazalı Məmmədovun nazirlikdə himayə edilməsi məsələsindən də xəbəri olmayıb:

“Onun şlərini bir dəfə dayuandırmışdıq. Sonra kiməsə zəng elətdirdi, onun işləri yenidən bərpa edildi. Onun kimin tərəfindən himayə olunmasını bilmirəm”.
Bu zaman məhkəmədə arayış verən Vidadi Zeynalov deyib ki, kotirovka işlərinin aparılması regionlarda görüşlər zamanı müəyyən olunub: “Görüşlər zamanı rabitə olmayan ərazilərlə bağlı göstərişlər olub.

Bizim nümayəndələr də həmin görüşlərdə iştirak edib, söz verirdik ki, qısa zamanda həmin ərazilərdə telefon rabitəsi işi görüləcək. Buna görə də tenderləri gözləmirdik, küçə-küçə rabitə xətlərini çəkirdik. Bütün işlər hissə-hisə görülürdü”.

Namazalı Məmmədovun vəkili Könül Əliyeva bildirib ki, müdafiə etdiyi şəxsin qardaşı rəhmətə gedib. O, müdafiə etdiyi şəxsin dəfinə buraxılmasını istəyib.

Hakim bildirib ki, bu məsələ onların səlahiyyətləri çərçivəsində həll olunan iş deyil. Hakim bununla bağlı Pentensiar Xidmətə müraciət olunmasını vəkilə məsləhət bilib. Proses yanvarın 18-də davam edəcək.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMCo-nin direktoru Bayram Vəliiyev və \”Optik Qurğular\” İdarəsinin sabiq rəisi Namazalı Məmmədov mühakimə olunurlar. (politika.az)

İnterpress.az