”Oğlum toyuq başı kəsə bilmirdi”backend

”Oğlum toyuq başı kəsə bilmirdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri İŞİD-ə qoşulmaqda təqsirləndirilən İbad Muxtarovun anası Hürü Muxtarova məhkəmədə ifadə verən zaman deyib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev və Nizami Mahmudovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə həbs edilənlərdən İbad Muxtarovun anası ifadə verib.

Əvvəlcə onu bildirək ki, İbad Muxtarov İŞİD-ə qoşulmaqla yanaşı Azərbaycanda soyğunçuluq əməli törətməkdə də təqsirli bilinir. Belə ki, İ.Muxtarov yaşadığı Qobustan qəsəbəsində mağazaya silahlı hücum təşkil etdikdən sonra Azərbaycanı tərk edib. Türkiyəyə gedən İbad oradan da Suriyaya yollanıb.

İbad Muxtarov soyğunçuluq ittihamı üzrə ifadəsində deyib ki, spirtli içki əldə etmək üçün Qobustan qəsəbəsində mağazaya giriblər: \”Başqa məqsədimiz yox idi. Ovdan gəlirdik, tüfəng üstümdəydi. Uşaqlar yeyib-içirdi, soruşdum ki, spirtli içki var? Dedilər ki, yox. Pulumuz da yox idi. Bu məqsədlə, ərzaq dükanına girdik, spirtli içki tələb etdik. 3-4 şüşə içki götürüb, getdik. Hətta satıcı bizə pul təklif etsə də, pulu götürmədik\”.

Muxtarov İbadın anası Hürü Muxtarova ifadəsində oğlunun İŞİD-ə səhvən və qorxduğundan qoşulduğunu deyib: “İbadgil ovdan gələndə içkili olublar. Mağazaya girib bir səhv işdir görüblər. Bundan sonra qorxub Türkiyəyə qaçdı. Oradan da Suriyaya getdi”.

İbad Muxtarovun dindar olmadığını deyən H.Muxtarova həbs edilməmək üçün İŞİD-ə qoşulan oğlunu bağışlaya bilmədiyini söyləyib: “İbad yeyib-içən uşaq idi. Heç vaxt radikal dindar olmayıb. Bunu bütün qəsəbə bilir. Biz özümüz onu həcc ziyarətinə göndərdik ki, doğru yola gəlsin. Əsgərlikdə olub, SOCAR-da işləyib. Heç vaxt qalmaqallarda, problemlərdə adı çəkilən adam olmayıb. Mağazada baş verən hadisədən sonra Türkiyəyə getdi. 2 ay ondan xəbər tutmadıq. Özü zəng edib Türkiyədə olduğunu demişdi. Sonra oradan Suriyaya gedib. Bir dəfə zəng edəndə dedi ki, onu təlimlərə aparıblar. Mənimlə danışanda ağladı, dedi ki, ora getməyinə peşman olub. Mən bu gün də bu əməlinə görə onu bağışlaya bilmirəm. Amma mənim balamdır. İbad heç bir toyuğun başını kəsə bilmirdi. Bu yola necə düşdü baş aça bilmirəm”.

Oğlunun İŞİD tərəfindən həbs edildiyini deyən H.Muxtarova əlavə edib ki, oğlu evə zəng edərkən terroristlər tərəfindən başına torba keçirilərək işgəncələrə məruz qaldığını da danışıb: “Hər dəfə danışanda peşman olduğunu deyirdi. Suriyada onu həbs etmişdilər. Onlardan ayrılmaq istəyirdi. Elə buna görə də tutulmuşdu. Zəng edəndə başına torba keçirilib, işgəncələr verilməsindən danışırdı. Bir neçə dəfə oradan qaçmaq istəyib. Sonda bacara bilmişdi. Mənə deyirdi ki, ana dua elə: \”Dua elə ki, burdan sağ-salamat qaça bilim”. Sonuncu dəfə zəng edəndə isə Türkiyədə idi. Dedi ki, əllərindən qaça bilib. Yaxın günlərdə evə gələcəyini dedi”.

Məhkəmədə İbad Muxtarovun vəkili vəsatətlə çıxış edib. Vəkil vəsatətində hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamlarla razılaşmadıqlarını deyib.

Vəkil çıxışında deyib: “İbad Muxtarova terrorçuluq məqsədi ilə təlim keçmə ittihamı verilib. Amma İbad mənim iştirakımla istintaqdakı ifadəsində dedi ki, onun pasportunu əlindən alıblar. Bundan sonra işin əslini başa düşüb və onların əlindən qaçmağa çalışıb. Yəni heç bir təlimə könüllü şəkildə qoşulmayıb. Bu ittiham İbadın istintaqdakı etiraflarına əsasən ona qarşı irəli sürülüb.

Həmçinin istintaqda olan fotolar da sübut kimi tanına bilməz. Çünki həmin fotolar internetə terroristlər tərəfindən yerləşdirilib. İstintaqda İbadın Suriyada döyüşlərdə iştirak etdiyi zaman çəkdirdiyi iddia edilən fotosu var. Amma fotolardan birindəki şəxsin İbad olmadığı məlumdur. Digər fotoda isə İbad ayaqyalın, bir xalçanın üstündə oturub. Onu da qeyd etmək lazımdır ki, bu fotolar İbad tərəfindən yox, terrorçular tərəfindən internetdə yerləşdirilib və bunun da səbəbi var. Terroçular bununla onlara qoşulanları şantaj ediblər. Həmin fotoları internetdə yerləşdirərək deyiblər ki, əgər siz \”öz ölkənizə qayıtsanız onsuz da həbs ediləcəksiniz\”. Ona görə də bu fotolara əsaslanaraq müvəkkilimə qarşı terroçuluq məqsədi ilə silahlı qruplaşmaya qoşulma itihamı vermək əsassızdır\”.

Vəkil qeyd edib ki, İbad Muxtarov İŞİD-ə təsadüfən qoşulub: \”İşə ədalətli şəkildə yanaşıldıqda görünür ki, İbad hadisələrin təsadüfü ardıcıllığına görə İŞİD-ə qoşulub. O, qohumuna qarşı törətdiyi əmələ görə, ölkəni tərk edib. Bundan sonra Suriyaya gedib. Terrorçuların yanında olduğu zaman heç bir cinayət əməli törətməyib.

Digər bir ittiham isə Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratmaqdır. Bu itiham əsasız və ən önəmlisi isə ziddiyyətlidir. Çünki ittihamlardan biri İbadın təlimlərdə iştirak etməsi, digər itiham isə onun sabit qrup yaratması ilə bağlıdır. Əgər onun qrup yaratmaq imkanı və bacarığı olubsa, özü sonradan niyə təlimlərdə iştirak etsin?

İbada qarşı ittihamlarda yazılır ki, o, silahlı qruplaşma yaratmaq üçün ölkədən qaçıb. Axı, onun bu məqsədlə ölkədən qaçdığı necə sübut edilib? Aydın məsələdir ki, İbadın ölkədən qaçmaqda məqsədi törətdiyi soyğunçuluq əməli ilə bağlıdır. İbad ölümü gözə alaraq onların əlindən qaçamğa çalışıb. İstintaqda da olanları könlülü şəkildə danışıb. Əgər MTN onu Suriyada tutsa idi bu ittihamların inandırıcı olduğuna inamaq olardı. İbad İŞİD-dən qaçıb Bakıya gələndən sonra tutulub\”.

İbad Muxtarov da vəkilinin çıxışına münasibət bildirərkən ona qarşı ittihamların doğru olmadığı söyləyib:

\”Mən burada olan şəxslərdən yalnız birini əvvəldən tanımışam. Onu da Suriyada ikimizi də həbs edəndə gördüm. Digərlərini də burada həbsxanada tanıdım. Biz necə qruplaşma ola bilərik? Həm də ittihamda yazılıb ki, guya mən döyüşlərdə iştirak etmişəm və yaralanmışam. Allaha and olsun ki, əsgərlikdə olarkən qospitalda damar əməliyyatı olunmuşam. İndi də həmin əməliyyatın izi qalır. Bədənimdə olan həmin izi Suriyada yaralanmağım, qəlpə yarası almağım kimi qeyd ediblər. Bu qəlpə yarası deyil axı. Hakim bildirib ki, vəkilin bu vəsatətinə məhkəmənin yekun qərarında baxılacaq\”- deyə Muxtarov çıxışına əlavə edib.

Təqsirləndirilənlərdən Məhəbbət Abdullayevin də İŞİD-ə qoşulmaqdan başqa cinayət əməli törətməsi də məlum olub.

Onun yaşadığı evdə narkotik vasitə əkdiyi aydın olub. Məhkəmədə Qardağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları Ramin Səfərov, Nazim Əlizadə ifadə veriblər.

Onlar qeyd ediblər ki, Məhəbbət Abdullayevin evinə baxış zamanı damda əkilmiş 16 kol narkotik bitki aşkar edilib. Məhəbbət Abdullayev də bu deyilənlərlə razlaşıb.

Həbs edilənlərdən Nizami Mahmudov da soyğunçuluq əməlini törətməkdə təqsirli bilinir. O, da İbad Muxtarovla mağazaya baslqn edən dəstə arasında olub.

Qeyd edək ki, həbs edilən şəxslər 2012-2015-ci illər ərzində qeyri-qanuni yolla Suriya Ərəb Respublikası və İraq Respublikasının ərazisinə keçiblər. Onlar həmin dövlətlərin ərazisində fəaliyyət göstərən İŞİD və digər terror təşkilatlarının, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində təlimlər keçib, hərbi əməliyyatlarda iştirak ediblər.

İnterpress.az