“Deputatda davranış qaydalarına əməl etməlidir”backend

“Deputatda davranış qaydalarına əməl etməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlament nümayəndələrinin etik davranışları ilə bağlı uzun müddətdir ki, qanun layihəsi hazırlanmasına baxmayaraq sənəd Milli Məclisdə hələ öz təsdiqini tapmayıb. Amma \”Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsi yenidən gündəmə gəlib. Millət vəkillərinin etik davranış kodeksinin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

Sənəddə dövlət qulluqçularında olduğu kimi, deputatın da davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək və buna hüquqi müstəvidə yanaşılacaq.

Məsələyə münasibət bildirən deputat Tahir Kərimli etik davranış kodeksinin diskression bir anlayış olduğunu hesab edir. Onun sözlərinə görə, bütün vətəndaşlar etik normalara riayət etməlidir və bunun deputatlıqla əlaqəsi yoxdur:

\”Biz sovet dövründə yaşamış insanlarıq. O zamanlar ümumi prinsiplər və ideologiyaya aid belə kodeks kimi kommunizmin etik kodeksi mövcud idi. Bu etik kodeks ümumi olaraq hər kəsə aid edilən davranışlardan ibarət idi. Konstitusiya dəyişikliklərinə deputatın etik davranış normalarına əməl etmədiyinə görə vəzifədən məhrum edilə bilməsi əlavə olunub. Etik davranış şəxsi mülahizə ilə qiymətləndirilən bir məsələdir. Hər kəs hansısa bir davranışı etik cəhətdən müxtəlif səviyyələrdə qiymətləndirə bilər. Yəni, burada subyektiv mülahizələr üstünlük təşkil edir. Buna görə də arzu edərdim ki, millət vəkilinin parlamentdən uzaqlaşdırılması olmasın. Lakin artıq belə layihə hazırlanır və üzərində müəyyən işlər gedir.

Parlamentin daxili nizamnaməsi ilə millət vəkillərinə müxtəlif xəbərdarlıq, töhmət və s. cəzalar da verilə bilər. Bunu normativ hala salmaq üçün etik davranış kodekslərinin də yaranmasına ehtiyac var. Bu nöqteyi-nəzərdən də bu kodekslər tətbiq olunub. Artıq elə bir hal yaranıb ki, referendumdan sonra bu, zərurətdir. Mənim istəyib-istəməməyimdən asılı deyil. Lakin arzulayardım ki, xalqın nümayəndəsi, millət vəkili etik davranışlara görə mühakimə edilməsin. Biz Türkiyə, Ukrayna, Koreya və başqa dövlətlərin parlamentlərində olan hadisələri izləyirik. Onlarda çox ciddi, hətta dava-dalaş səviyyəsində olan insident baş verir. Əlbəttə, deputat da bütün vətəndaşlar kimi nəzakətli davranmalıdır. Yəni, deputat imtiyazlı olmalı deyil. Bütün vətəndaşlar kimi deputat da müəyyən davranış qaydalarına əməl etməlidir. Lakin yalnız deputata aid etikanı müəyyən eləmək nə dərəcədə doğrudur, bilmirəm. İstənilən şəxs etikalı olmalıdır. Belə qəbul olunub, əlacımız nədir? Dövlətin qanununa biz də tabe olmalıyıq”.

İnterpress.az