Siyasi məhbuslardan son xəbərlərbackend

Siyasi məhbuslardan son xəbərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mart ayı yaxınlaşdıqca siyasi məhbuslar məsələsi daha çox ölkənin əsas gündəmində olan mövzulardan birinə çevrilir. İki həftədən bir yaxınlarının görüşünə gedən siyasi məhbus ailələrinin verdikləri açıqlamalardan aydın olur ki, onların Novruz bayramından gözləntiləri böyükdür.

REAL hərəkatının sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova bazar günü onunla danışdıqlarını söylədi: “Elə bir yenilik yoxdur. Bu həftə görüşə gedəcəm. Bazar günü telefonla danışdıq və ümumi vəziyyəti yaxşı idi”.

NİDA-çı gənc Əbdül Əbilovun anası Nurcahan Əbilova bunları dedi: “Övladımın səhhətindəki problemlər davam edir. Hazırda müalicə olunur. Amma dərindən müalicə oluna bilmir. Çünki oranın vəziyyəti buna imkan vermir. Vəziyyəti də ortadır. Lakin hər şeyə rəğmən həbsxanadır. Müalicəsi yaxşı aparılsa, ümumi vəziyyəti də tam yaxşı olar. Narazılığı yalnız müalicəsinin yaxşı aparılmaması ilə bağlıdır. Deyir ki, azadlığa çıxdıqdan sonra istədiyim müalicəni edərəm”.

Vicdan məhbusunun anası mart ümidlərindən də söz açdı: “Oğlum haqsız olaraq tutulduğu gündən bu günə qədər hər an gözləyirəm ki, o azad olunub, evinə qayıdacaq. Ötən əfvdə bizi çox inandırdılar ki, oğlun azad olunacaq. Mənə dedilər ki, bundan sonra bir daha oğlun siyasətlə məşğul olacaqmı? Əgər olmayacaqsa, azad olunacaq. Mən də söz verdim ki, bir daha ona imkan verməyəcəm ki, hakimiyyət əleyhinə çıxış etsin. Amma yenə də onu azad etmədilər. Allah var və demək rəhmi də var. Heç vaxt ümidimi Allahdan kəsmədim”.

AXCP sədrinin müavini Seymur Həzinin atası Məşgül Həziyev oğlunun vəziyyətinin normal olduğunu bildirdi: “Hazırkı vaxtda səhhəti də, özü də yaxşıdır. Olduğu yerdən elə də narazılığı yoxdur. Onun çətinliyi olsa da, heç vaxt narazılıq etmir”. ( musavat.com )

İnterpress.az