“Yalnız anamgilə gedəndə seriala baxmalı oluram”backend

“Yalnız anamgilə gedəndə seriala baxmalı oluram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsanlar asudə vaxtlarını səmərəli keçirmək üçün kino və serallara baxmağa böyük üstünlük verir. Hətta kino və seriallar dünyada mütaliəyə olan marağı azaldıb. Lakin hər bir ekranlaşdırılan əsər maarifləndirici film deyil. Əsasən cəmiyyətimizin gənclər bölümü bu filmlərin təsiri altında böyüyür və düşüncəsi formalaşır. Azərbaycanda rejisorluq sənətində öz sözünü deyə bilmiş şəxsə böyük ehtiyac var. Əsərin təməlində isə ssenarist, aktyor və rejissor işi durur. Kinoların cəmiyyətin düşüncəsinin formalaşmasında təsiri danılmaz bir faktdır. Hər bir kino istehsal olunduğu ölkənin mədəni, siyasi ideologiyasını təbliğ edir. Azərbaycan cəmiyyətinə gəldikdə isə əhalinin əksəriyyəti rus və türk dilini sərbəst bildiyi üçün burda hər iki ölkənin çəkdiyi film və seriallara maraq çoxdur. Bu maraq səbəbi ilə cəmiyyətdə əsasən iki zövqlü qrup formalaşıb ki, bunların biri türk filmlərinin, digəri isə rus filminin təsirinə düşür. Hollivud filimlərini də misal çəkmək olar ki, bu filmlər bütün dünya tərəfindən baxılır və bəyənilir. Bu filmlərin də tərəfdarları, izləyiciləri az deyil. Əsasən cəmiyyətimizin gənclər bölümü bu filmlərin təsiri altında böyüyür və düşüncəsi formalaşır.

İnterpress.az saytı mövzu ilə bağlı Azərbaycan tanınmış rejissor Samir Kərimoğluya müraciət etdi.

Kinonun cəmiyətə ideoloji təsiri ilə bağlı danışırıqsa, Sovetlərin dağılmasını buna ən parlaq nümünə kimi göstərə bilərik. Çünki Sovetlərin dağılmasında qərb filmləri heç də az rol oynamadı. Hollivud filmlərində “Amerika arzusu” digər qərb filmlərində nümayiş olunan varlı, kübar həyat təsiri sovet vətəndaşında Qərbə xüsusi simpatiya yaratdı və onlar elə düşündü ki, qərb modelli bir ölkədə yaşasalar onlar üçün daha yaxşı olacaq. Ona görə də Sovetlər qərb filmlərinin nümayişinə qadağalar qoymuşdu. Hətta Hollivud filmlərinin kasetlərinin ölkəyə gətirilməsi yasaq idi. Lakin bu qadağalara baxmayaraq, insanlar tərəfindən maraq sürətlə artırdı və nəticədə sovetlər ittifaqı dağıldı. Filmlər yaradıcılığın bir qolu kimi qəbul edilsə də, eyni zamanda strateji məhsuldur.

Cəmiyyətin ən böyük marağı türk serialları və filmlərinədir. Siz türk filmlərini necə qiymətləndirirsiz?

Sözün düzü türk seriallarına davamlı baxmıram. Ancaq anamgilə gedəndə o, baxdığı üçün məndə məcburi oturub baxıram. Çəkiliş baxımından türk seriallarını qiymətləndirsək çox professonal çəkilir və heç bir qüsur tapmaq mümkün deyil. Artıq Türkiyədə serial çəkilişi konveyr üsuluna düşüb və ortada komanda işi hiss olunur. Aktyor dostlarımla bu mövzuda söhbət edərkən mən fikir bildirdim ki, nə vaxtsa Azərbaycanda professional film olacaq, amma professional serial olmayacaq. Çünki serial komanda işini tələb edir. Bizdə isə komanda işi çox vaxt alınmır. Çəkilişdə iştirak edənlər öz eqolarını kənarda qoya bilmir və bu halda problemlər yaşanır. Türkiyədə isə amerika stilini seçdikləri üçün çəkilişə gələn hər bir adam öz işini çox gözəl bilir və insan professionaldırsa onun eqosu ona mane olmur. Prodüsser, ssenarist, rejissor, aktyor və s. hamı öz vəzifəsini bilir. Çəkilişdə biri-birilərin işinə müdaxilə etmir və layihəni özününkü kimi qəbul edərək nəticənin uğurlu alınması üçün çalışırlar.

Azərbaycanda bir çox komersiya filmləri çəkilir. Onları necə qiymətləndirə bilərsiniz?

İndiki halda nə isə qiymətləndirmək çox çətindir. Çünki təzə başlamışıq və indidən tənqid etmək olmaz. Bütün dünyada hər hansı bir proses başlayanda qüsurlar olur. Bizə gəldikdə isə biz hələ çox gözəl başlamışıq və keyfiyyət o qədər də aşağı deyil. Biz 2014-ci ildə “Xoxan” filmini çəkdik və hamı gördü ki, çəkilən kinodan pul götürmək mümkündür. O zamandan komersiya filmlərin çəkilişində canlanma başladı. Kinoteatrların birində çalışan dostumla söhbətdə çox maraqlı məlumat əldə etdim. Məlum oldu ki, bu il kino bazarına həftədə bir kino çıxırsa, gələn ildən həftəyə iki kinonun çıxması nəzərdə tutulur. Çəkilən filmlərin 70-faizi pis olsa da, ümid edirik ki, 30 faizi yaxşı olacaq. Çünki kino elə bir sahədir ki, insan işlədikcə peşəkarlaşır və bu sahədə təcrübə olduqca vacibdir.

Sovetlər dönəmində Azərbaycan kino sahəsi sovet kino sənayesinin bir hissəsi idi. İndiki zamanda filmlərimiz hansi filmlərin təsiri altına düşüb və hardan bəhrələnir?

Azərbaycan kinosu hal-hazırda xaos içindədir. Bir tərəfdən türk filmləri, digər tərəfdən holliuvud, o biri yandan isə rus filmlərinin təsiri çox böyükdür. Ona görə də, təsir baxımından Azərbaycan filimi xaos halındadır. Burada bacarıqlı və yaradıcı ssenaristlərin yetişməsi də çox önəmlidir. Kino sənətində hal-hazırda yaxşı ssenaristlər barmaqla sayılacaq saydadır. Yetərli professional senaristlərimiz yoxdur. Ssenaristlərin püxtələşməsi üçün “baza” lazımdır. Mütaliə, dünya görüşü çox vacib amildir. Hal-hazırda gənclərin kitab oxumasını heç görmürəm və əsasən orta yaş yazarlar kitab mütaliəsinə çox fikir verir. Amma onların da ssenari yazmağa vaxtları yoxdur. Ssenari yazmaq həvəsində olan ssenaristlər isə kitab oxumaq istəmirlər.

Komersiya filmlərində sponsor mexanizmi necə qurulub?

Azərbaycanda konkret sistem yoxdur. Ola bilər ki, ssenarist özü sponsor tapıb komandanı yığır, və ya rejissor sponsor tapıb ssenaristə müraciət edib özü komanda yığır. Yəni, kinoda sponsor məsələsi xaotik haldadır. Professional kino produsserləri çox azdır. Ümümiyyətlə, produsserin işi təkcə sponsor məsələsi deyil. Həm kinonun bazara çıxarılması, həm reklam işinin aparılması, həm də kinonun xarici bazara çıxarılması bütün bunların məsuliyyəti prodüsserin üzərinə düşən işdir . Əfsuslar olsun ki, belə produsserlər yox səviyəsində sayıla biləcək qədər azdır.

Orxan Muxtarlı
İnterpress.az