Bayraq üzərindən komediya çəkmək olmaz – VİDEObackend

Bayraq üzərindən komediya çəkmək olmaz – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “Rəcəp İvedik 5” filmindən Azərbaycanı təhqir edən səhnə çıxarılıb. Bu barədə filmin rejissoru və Recep İvedik rolunun ifaçısı Şahan Gökbakar özünün instaqram səhifəsindən video-məlumat paylaşıb. Bu nəticənin yaranmasına isə Türkiyədə yaşayan azərbaycanlı akademik Aygün Attarın fraqmanın yayımlandığı ilk günlərdə etdiyi kəskin etirazlar və buna verilən dəstəklər səbəb oldu.

Musavat.com Aygün Attarla söhbətində sonuncunun bu məsələ ilə bağlı apardığı mübarizə və onun verdiyi nəticələr barədə danışdı.

-Aygün xanım, öncəliklə son günlərdə sözügedən filmdə Azərbaycanı və azərbaycanlıları rəncidə edən o səhnənin çıxarılması üçün apardığınız mübarizəyə görə Sizə təşəkkür edirik. Bu günə qədər Türkiyə kanallarında, seriallarında, filmlərində Azərbaycan, azərbaycanlılarla bağlı zaman-zaman neqativ hallar baş verib. Bizim millətin nümayəndələri filmlərdə, seriallarda mənfi, bəzən gülüş hədəfi, bəzən dələduz kimi təqdim olunub və sair. Amma ilk dəfədir ki, buna kəskin şəkildə, akademik səviyyəsində bir etiraz edildi. Demək olarmı ki, bu, sizin bu günə qədər bu yöndə yığılmış etirazlarınızın bir biruzə forması idi? Yoxsa məhz “Recep İvedik”lə bağlı məsələ sizi qıcıqlandırdı?

– Birinci variant. Çünki bu günə qədər bir neçə dəfə belə hal olub. Kanal D xəbər kanalında da iştirak etmişdim. Orda dedim ki, Azərbaycan kökənli bir Türkiyə vətəndaşıyam. Bayraq, milli kimlik məsələsində bütün vətənini, torpağını sevən insanlar kimi mən də aşırı həssasam. Filmin fraqmentində Azərbaycan milli geyimində olan bir idmançının Türkiyənin milli geyimində olan bir idmançı tərəfindən o cür aşağılanması hər kəs kimi mənim də diqqətimi çəkdi. Dedim ki, Azərbaycanla Türkiyənin diplomatik münasibətlərinin 25-ci ildönümündə Azərbaycan prezidenti cənab İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana çox gözəl təbrik mesajı göndərdi. Mesajın içində də Azərbaycanla Türkiyənin iki dövlət, bir millət olması, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətin Türkiyə olması və bundan sonra da nə olursa olsun, bütün sahələrdə əməkdaşlığın davam edəcəyi qeyd olunmuşdu. Bu təbrik mesajının Türkiyə mətbuatında yer aldığı günün gecəsi isə bu fraqmanın ortaya çıxması çox üzücü idi. Mən bunun qəbuledilməz olduğunu dedim.

-Sizə etiraz edənlər də oldu. Onların əsas arqumentləri nə idi?

-Bəli, çox düzgün dediz. Bu etirazlar Türkiyədən də gəldi, Azərbaycandan da. Etiraz edənlər daha çox deyirdilər ki, bu, bir komediyadır, filmdir, zarafatdır, ondan belə nəticələr çıxarmaq lazım deyil. Mən də cavab verdim ki, hər bir filmin verdiyi mesaj var və bu, onu izləyənlərdə müəyyən təsəvvür yaradır. Niyə axı bu filmi izləyəcək milyonlarla insan bir azərbaycanlı ilə bir türkün qarşı-qarşıya gəlib mübarizə apardığını, sonra isə türk idmançının üzərində Azərbaycan bayrağı olan formaya zərbə ilə vurduğunu, azərbaycanlı idmançının isə havaya uçduğunu görməlidir? Bununla hansı mesaj verilir, tamaşaçıya nə çatdırmaq istəyirsiz? Ordakı azərbaycanlı idmançının dilindən “mən cəng eləməyə gəlmişəm” deyilir. Bizim dildə dava etməyə cəng etmək demirlər. İkinci bir tərəfdən, “Avroviziya” yarışmasında belə Azərbaycan və Türkiyə təmsilçiləri səhnəyə öz bayraqları ilə yanaşı, qardaş ölkənin də bayrağını çıxarıblar. Niyə burda rinqə çıxan iki idmançı türkiyəli və azərbaycanlı idmançı olur? Axı Türkiyəni də, Azərbaycanı da sevməyən çoxlu dövlətlər var. Niyə bu səhnədə onlardan yox, qardaş millətdən istifadə olunub? Anadolu türklərində bir gözəl deyim var. Kimsə nəsə bir uğursuz zarafat edəndə və bu, xoş qarşılanmayanda deyilir ki, “şakası belə gözəl deyil”. Bu da onun kimi.

“İnanıram ki, Azərbaycandan olan soydaşlarımız da bu həssaslığı film ölkəmizdə nümayiş olunanda salonları doldurmaqla, filmi izləməklə cavablandıracaqlar”

-Aygün xanım, Şahan Gökbakarın filmlərində daha öncə Azərbaycanla bağlı hər hansı qərəz, neqativ halın şahidi olmamışdıq. Sizcə, bu dəfəki nədən qaynaqlanırdı?

-Haqlısız, olmamışdı. Düzdü, mən bu günə qədər onun heç bir filmini seyr etməmişəm. Amma olsaydı, bu günə qədər duyulardı. Azərbaycana qarşı hər hansı qərəzinin, hörmətsiz, neqativ davranışının şahidi olmamışam. Özü də deyib ki, bunu güldürmək məqsədi ilə etmişəm. Güldürmə məqsədi ilə də olsa, Azərbaycanın qüruruna toxunulması xoşuma gəlmədi. Fraqmenti izləyən kimi o müraciəti hazırladım. Azərbaycan və Türkiyə mətbuatına da təşəkkür edirəm ki, mənim bu etirazıma yer verdi. Mənim bəyanatımın bir cümləsinə belə toxunmadan onu yayımladılar. “Azeri akedemisyenden tepki” başlıqlı yazıda mənim müraciətim tam yayıldı, “Hürriyyet”, “Milliyyet” kimi qəzetlər başda olmaqla əksər media orqanları, televiziyalar buna yer ayırdı.

-Maraqlıdır ki, sizin etirazınızdan iki gün sonra o fraqman filmdən çıxarıldı. Yəni, dərhal etirazınız effekt verdi. Gözləyirdizmi belə nəticəni?

-Bəli, iki gün sonra çıxarıldı. Mənim bu etirazıma sosial şəbəkədən, vətəndaş cəmiyyətindən dəstək gəldi. Amma ən önəmli dəstək fraqmanın çıxarılmasından bir gün öncə AK Partiyasının millət vəkili, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, professor Nəcdət Ünüvardan gəldi. O, Anadolu agentliyinə açıqlama verdi. Onun açıqlaması da mənim bəyanatımla eyni motivdə idi – ağlın yolu birdir. O da demişdi ki, nə üçün biz kimlərsə buna güləcək deyə Azərbaycandan olan minlərlə qardaşımızı rəncidə edək? Bir məqamı da deyim ki, mən indiyə qədər Türkiyədə hansısa səhnənin etiraz yaratmasına baxmayaraq, onun filmdən çıxarılmasına şahid olmamışam. Bəlkə də olub, mənim xəbərim yoxdur. Amma bu, ilk belə hadisə idi. Bunu da Türkiyənin Azərbaycana verdiyi dəyərin, ictimai rəyə hörmətin bir əlaməti kimi görürəm. Həm də bu məsələdə Türkiyə ictimaiyyəti də mənim arxamda dayandı, müdafiə etdi bu etirazımı.

-Şahan Gökbakarın açıqlaması ilə tanış olmusuz yəqin. Necə təəssürat yaratdı sizdə? Belə bir düşüncə də var ki, geri çəkilsə də, sanki açıqlamada sizin mövqeyinizi də iynələyib…

-Onun açıqlaması çox xoşuma gəldi. Bəli, haqlısız, iynələyici tövrü var idi. Amma bu iynələri nə öz üzərimə götürürəm, nə də Azərbaycan adına qəbul edirəm. Mən açıqlamamda demişdim ki, bizi sevməyən, bizim dostluğumuzu qısqanan düşmənlərə belə səhnələrlə niyə fürsət veririk ki? O da həmin iynələyici ifadələri sırf bizi istəməyən qüvvələri nəzərdə tutaraq demişdi. “Azərbaycan mənim canımdır, azərbaycanlıları sevirəm” demişdi ki, bunu da çox gözəl açıqlama olaraq qəbul edirəm. Mən bundan sonra Kanal D-də canlı yayıma qatıldım. Dedim ki, Şahan bəyi bu həssaslığa görə təşəkkür edirəm. İnanıram ki, Azərbaycandan olan soydaşlarımız da bu həssaslığı film ölkəmizdə nümayiş olunanda salonları doldurmaqla, filmi izləməklə cavablandıracaqlar. Mən iki gün öncə Kanal D-nin xəbərlər proqramına qatıldığım zaman artıq millət vəkilimizin də açıqlaması olmuşdu. Buna baxmayaraq, Əhməd Hakan dedi ki, “Aygün hoca, Şahan açıqlamasında “mən kimsəyi üzməm, güldürərəm”, deyib. Bu, sizi qane etdimi?”. Qane etmədiyini söylədim. Bildirdim ki, mən bu məsələdə sonuna qədər mücadiləmi aparacam, hüquqi yollara baş vuracam və bu fraqmentin filmdən çıxarılmasına çalışacam. İndi siz də haqlı olaraq məndən soruşa bilərsiz ki, “axı Türkiyə-Azərbaycan münasibətləri bu qədərmi pambıq ipliyinə bağlıdır ki, bir fraqment onu bitirə bilər?” Xeyr, amma gözəlliklər, qardaşlıq, dostluq münasibətlərini göstərmək şansı varkən, niyə pis bir şeyi təbliğ edirlər ki? Biz daha öncə bir bayraq krizi yaşamışdıq, Bursada özünü bilməz bir-iki nəfərin Azərbaycan bayrağına qarşı hörmətsiz münasibətinin şahidi olmuşduq. Bu da kriz yaratmışdı. Yəni, kiçik kimi görünən, amma əslində ciddi fəsadlara yol açan məsələləri dərhal yerindəcə həll etmək lazımdır. Bayraq üzərindən komediya çəkmək olmaz.

– Aygün xanım, anti-reklam da bir reklamdır. Sizə elə gəlmirmi ki, bu qalmaqal sözügedən filmin reklamı, promosyonu üçün ciddi qatqı oldu. İndi bilməyənlər də bildi, izləmək istəməyənlər də izləyəcək…?

-Könül arzu edərdi ki, heç belə bir fraqman olmasın, biz də bunun üzərinə etiraz etməyək. Mənim bəyanatım yayımlananda o filmin fraqmatı 5 milyon dəfə izlənmişdi. Haqlısız ki, reklamın yaxşısı-pisi olmaz. Amma yenə də 5 milyon nəfərdən neçə milyonunun içində fraqmandan sonra Azərbaycanla bağlı o burxulmanı, narazılığı duyaraq, öz etirazımı etdim. Digər tərəfdən, Şahan Gökbakar bu filmin 5-cisini çəkir. Bu isə o deməkdir ki, bundan öncəkilər uğur qazanıb, izlənib, gəlir gətirib. Bir prototip üzərindən 5-ci filmin çəkilməsi isə onun əlavə reklama ehtiyacı olmadığını sübut edir. Amma mən Azərbaycan bayrağının təhqir olunduğu bir səhnəyə əsla göz yuma bilməzdim və yummadım. Amma bir şeyi də deyim ki, mən Azərbaycan filmində, serialında da Türkiyə ilə bağlı bu sayaq bir səhnəni görsəm, eyni şəkildə etiraz edərdim.

-Sizin timsalınızda bir presedent yarandı və artıq çəkilən, fraqmanı yayımlanan filmdən bir səhnə çıxarıldı. Bu günə qədər belə etirazlar olsa da, heç vaxt əməli nəticəsi olmurdu. Necə düşünürsüz, bu, artıq bir görk oldumu? Bundan sonra türk rejissorlar, ssenaristlər, serialçılar azərbaycanlı obrazlarla bağlı daha həssas davranacaqlarmı? Bizim Türkiyə kanallarındakı film və seriallarda azərbaycanlı obrazları dələduz, yalançı, maymaq… kimi gördüyümüz günlər geridə qaldımı?

– Bəli, bu, örnək təşkil edəcək. Bir məqamı da deyim ki, bir filmin təkrar montaja getməsi, kəsilməsi, üzərində işlənməsi ciddi maliyyə deməkdir. Bunu mənə film sektorundan olan insanlar dedilər. Bu da sözügedən sektorda çalışanların bundan sonra çox daha diqqətli olması ilə nəticələnəcək. Məni və mənim kimi bir çox insanları düşündürən isə o idi ki, həmin səhnədə verilmək istəyən mesaj nədir? Hər bir film qurğudur. Niyə bir Azərbaycan və Türkiyə idmançısı savaşsın? Bu təsəvvür hansı səbəbdən yaransın? Bu etirazlarım müddətində məni ağır şəkildə təhqir edənlər də oldu. Amma bu, məni narahat etmir, çünki vicdanım rahatdır. Torpağına, suyuna qurban olduğum, daşı-torpağı üçün br saniyə belə canımı qurban etməkdən tərəddüd etməyəcəyim bir vətənim var. Bu etirazımı etməsəydim, bu torpağın suyu-havası mənə haram olardı.

İnterpress.az