Uşaqlar hansı ədəbi ruhda böyüyür?backend

Uşaqlar hansı ədəbi ruhda böyüyür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müasir uşaq ədəbiyyatı nümunələrinin son dövrlər olduqca azalması ilə bağlı cəmiyyətimizi maraqlandıran mövzu ilə İnterpress.az saytı Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın fikirlərini bilmək istədi.

– İradə xanım, Azərbaycanda uşaq ədəbiyyatının vəziyyətini necə qiymətləndirərdiniz? Müasir uşaq ədəbiyyatı nümunələri qənaətbəxşdirmi?

– Əlbəttə, ədəbiyyatın digər sahələrində olduğu kimi bu sahəsində də nümunələr yaranmaqdadır. Amma elə ədəbiyyatımızın ümumi vəziyyətində olduğutək bu yaradıcılıq növündə də problemlər var. Necə ki, bu gün, məsələn, romanlarımız bizim cəmiyyət hadisəsi, ictimai düşüncə problemi həddinə qalxa bilmir, dünya ədəbiyyatının seçmə nümunələri sırasına daxil edilmir, uşaq ədəbiyyatı da eləcə çox hallarda öz primitiv məzmunu, məişət həddindəki uşaq əyləncələri formatındakı ifadəsi ilə geri qalır. Bu günün uşağı onun haqqında və onun ədəbi-estetik zövqü, əxlaqi-etik davranışları və s. bu kimi tendensiyalar fonunda yaranan ədəbiyyatdan çox irəlidədir. İnformasiyaların bu qədər sürətli yayımı, televiziya, internet, uşaq mətbuatı, əyləncə mərkəzləri, moderm bağçalar, “youtub”da asanca tapılan saysız-hesabsız cizgi filmləri və s. bu kimi diqqətçəkən uşaq əyləncələri müqabilində hələ də “Məstan pişik”, “Hiyləgər tülkü”, “Nənəmin laylası”, “Babamın bağçası” və s. bu tipli mətnlərlə həmin uşağın qarşısına çıxmaq çətindir. Yazıçı kimin üçün yazdığının fərqində olmalıdır. 1990-cı illərdən etibarən, artıq müstəqillik illərində məzmunu və mahiyyəti dəyişməli olan uşaq ədəbiyyatında qələm çalanlar demək olar ki, yenə daha çox sovet yazarları oldu. Bu illərdə Ə.Əhmədova “Bir məhəbbət burulğanı” (1990), Х.Hasilova “Хoruzlu dəsmal” (1994), Zahid Хəlil “Odlar yurdunun paytaхtı” (1992), “Günəbaхanlar böyüyəcək” (1992), Ə.Babayeva “Açar” (1991), 1997), R.Yusifoğlu “Aylı cığır” (1992), Ə.Quluzadə “Alay komandiri” (1999), M.Tapdıqovanın “Baba yurdu” (1999) əsərlərini yazdı. X.Hasilova 1920-ci ildə anadan olub, “Xoruzlu dəsmal”ı yazanda 74, Ə.Babayeva 1921-ci ildə anadan olub, “Açar”ı yazanda 70, Ə.Əhmədova 1932-ci ildə anadan olub “Bir məhəbbət burulğanı”nı yazanda 58 yaşı olub və s… Deməli, müəllif və oxucu arasında nənə-nəvə ünsiyyəti həddini yeni ideyalar və fərqli estetika baxımdan aşa bilməyən nümunələrdir daha çox qarşımızda. Bunların əksəriyyəti də didaktik məzmunu ilə şablonların təkrarına aparıb çıxarırdı… Təəssüf ki, bu sırf öyüd-nəsihət aspektli mətnlərin çoxalması sonrakı illərdə də davam etdi. Doğrudur, onların içərisində yeni üslub və forma xüsusiyyətlərinə görə fərqlənənlər də var idi, amma təkcə əsərlərin adlarına diqqət yetirsək, məzmun haqqında da müəyyən təsəvvür əldə etmiş olarıq: Z.Хəlilin “Dünyanın ən balaca nağılları” (2002), Q.İsabəylinin “Elnur, Əkil və onların başına gələnlər” (2004), İ.Tapdığın “Şeir sevən balalar” (2005), “Orхan və dostları” (2004), “Ay külək, nə əsirsən” (2006), “Samur at minir” (2006), “Anam təkdi” (2008), R.Yusifoğlunun “Çiçək yağışı” (2000), “Dəniz səviyyəsi” (2005), “Daha uşaq deyiləm” (2006), “Ana dilim” (2007), Ə.Quluzadənin “Məhləmizin uşaqları” (2004), “Boğça” (2007) və s. bu kimi əsərləri misal göstərmək olar… Bu dövrdə fəaliyyət göstərən uşaq mətbuatının (“Göyərçin”, “Savalan”, “Elli”, “Aysel”, “Cik-cik”, “Balbala” məzmununda da həmin mövzular və məzmun-ideya ənənəsi davam edirdi… Bu problemlə bağlı konkret faktları, səbəbləri göstərmək istərdim:

Əvvəla, biz nümunələri sadalasaq, bayaq da dediyim kimi, görəcəyik ki, həmin “uşaq ədəbiyyatı” əsərlərinin müəlliflərinin böyük əksəriyyəti artıq 50-60 yaşını keçmiş müəlliflərdir. O müəlliflər ki, onlara (telefon, kompüterdə) həmin uşaqlar daha maraqlı uşaq ədəbiyyatı nümunəsi təklif edə bilir. 12-13 yaşlı məktəblilərin çoxu dünya ədəbiyyatı nümunələri əsasında hazırlanmış cizgi filmləri, ingilis, rus dilində uşaq ədəbiyyatına aid müasir dünya ədəbiyyatı nümunələrindən parçalarla tanışdır…

Uşaq ədəbiyyatı mətnlərində ideya, süjetlər və hətta obrazların xarici portreti və daxili məzmunu, mahiyyəti on illərdir ki, dəyişməz qalıb.

Müəlliflər uşaq oxucusunun psixoloji problemlərini və ümumiyyətlə, cəmiyyəti ilə bağlı həmin uşaqların psixoloji durumunu nəzərə almadan yazır. Halbuki bu çətin yaradıcılıq sahəsinin müəllifi həm də psixoloq, uşaq psixoloqu olmalıdır bir az…

Uşaq ədəbiyyatı tənqidçilərinin olmaması da bu işin nəzəri-estetik baxımdan inkişaf etməməsi üçün şərait yaradır.

Azərbaycan mədəniyyətinə və mental qaydalara uyğun tərbiyə mövzusunda son dövrlərdə hansı kitabları valideyinlərə tövsiyə etmək olar?

Mən, əslində ədəbiyyat kimi bəşəri dəyərlərə söykənən bir yaradıcılıq sahəsinin, xüsusən də uşaq ədəbiyyatının qarşısına bu cür konkret şərtlər qoymazdım. Yəni uşaq yazarı “mental qaydalar” çərçivəsində bədii mətn hazırlasın, yazsın və ya sırf Azərbaycan mədəniyyəti ilə dünyagörüşü formalaşan insan yetişdirsin… Biz “Mumu” hekayətini, “Arxip baba və Lyonka”dakı insanların həyatı, taleyi ilə bağlı əhvalatları oxuyanda millilikdən çıxmışmıydıq? Bu “milli” sözünü bəzən məhəlli yaradıcılıq qəlibinə qədər kiçildirik. Az qala tülkü və canavarı da “milli” cizgiləri ilə obrazlaşdırmaq tələbi qoyuruq yazarların qarşısında…

– Ümumiyyətlə Azərbaycan uşaq ədəbiyyatının tarixi nə zamandan başlanır? Klassik mətnləri bura daxil etmək olarmı?

– Əlbəttə olar. Əslində istənilən bir ədəbi nümunədə uşaq marağına səbəb olan parçalar, nüanslar tapmaq mümkündür. Təsadüfi deyil ki, N.Gəncəvinin, A.Bakıxanovun, Q.Zakirin mənzum hekayələri təkcə bizim yox, ümumiyyətlə, dünya ədəbiyyatının, xüsusən də şərq ədəbiyyatının bu sahədəki klassik örnəkləri kimi səciyyələndirilməsi qürur hissi doğurur. Və ya: M.Servantesin “Lamançlı Don Kixot”, C.Sviftin “Quliverin səyahətini”ni, J.Vernin və F.Kuperin, C.Londonun, A.S.Ekzüperinin bir çox əsərlərini sırf böyüklər ya da uşaqlar üçün –deyə ayırmaq olurmu? Lakin bizim bugünkü anlamda qəbul etdiyimiz uşaq ədəbiyyatı ki, o daha çox təhsillə, məktəb, tədris vəsaitləri ilə əlaqələndiririk, o mənada götürəndə Azərbaycan uşaq ədəbiyyatı ХIХ əsrin ikinci yarısından yeni üsullu məktəblərlə əlaqədar olaraq təşəkkül tapmışdır. Həmin illərdə maarifçi yazıçılar uşaq və gənclərin bir şəхsiyyət kimi formalaşması üçün(M.F.Axundov ənənələrinin təsiri ilə yaranan) bir sıra maraqlı uşaq əsərləri yaratdılar. Bu dövrdə yaranan uşaq ədəbiyyatına bir çox pedoqoji üslub elementləri də əlavə olunmaqda idi. Uşaq ədəbiyyatının sonrakı dövr inkişaf mərhələsində C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, F.Köçərli, S.M.Qənizadə, S.S.Aхundov, R.Əfəndizadə, A.Şaiq və başqa qələm sahibləri müхtəlif janrlarda uşaq əsərləri yaradaraq bu ədəbiyyatın inkişafında misilsiz хidmət göstərdilər. ХIХ əsrin ortalarınadək Azərbaycanda yalnız molla məktəbləri və mədrəsələr fəaliyyət göstərirdi. Burda isə əvvəl “Çərəkə” öyrədilir, bundan sonra isə “Qurani-Kərim” oхunur, təhsilin son mərhələsində isə əsasən, fars dilində yazılmış klassik ədəbiyyat nümunələrinə və digər məşhur əsərlərə – S.Şirazinin “Bustan”, “Gülüstan” və s. yer verilirdi…

Təhsillə əlaqədar, pedoqoji aspektdən tərbiyə və tədris-metodik vəsaitlər baxımından bu ədəbiyyatın məzmununda ikinci dəyişilmə isə ХХ əsrin sonu və ХХI əsrin əvvəllərində Azərbaycan təhsil sisteminin Avropaya inteqrasiyası ilə əlaqədar olaraq baş verməli idi… Amma olmadı, nə bədii mətn, nə də ədəbi-nəzəri yanaşma baxımından…

Sizcə, Azərbaycan ədəbiyyatında uşaq ədəbiyyatının ən yaxşı dövrü hansı dövr idi?

-XX əsrin əvvəlləri… “Dəbistan”, “Məktəb”, “Rəhbər” jurnallarının çıxarıldığı dövr. F.Köçərili, M.Ə.Sabir, C.Məmmədquluzadə, M.Mahmudbəyov, A.Şaiq, A.Səhhət və həmin dövrün başqa bu kimi ziyalıları, yazarları fəaliyyət göstərdiyi illər… Çünki onlar həm klassik, həm modern təfəkkür əsasında yazır, tərtib edirdilər kitabları… Həm də əsil psixoloq idilər, uşaq psixoloqu və ədəbiyyat biliciləri…

-Son olaraq, cizgi filmləri haqqında sual vermək istərdim…

– Bircə onu bilirəm ki, bu gün, deyəsən. bütün məmləkət cocuqları “maşa və ayı” filmi ilə böyüyür…

Aynur Arif qızı
İnterpress.az