İran: Seçkiqabağı rəqabət qızışırbackend

İran: Seçkiqabağı rəqabət qızışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sədrəddin Soltan: “İrana indiki halda yeni fiqur lazım deyil”

Üç aydan sonra İranda prezident seçkiləri keçiriləcək. Namizədlər müəyyənləşməsə də artıq seçkiqabağı marafonu başlanmış hesab etmək olar. Hazırkı prezident Həsən Ruhaninin islahatçıların favorit namizədi kimi may ayının 19-da keçirilməsi nəzərdə tutulan seçkilərə qatılacağı müəyyənləşib. İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsinin (Höccət-ul İslam) mətbuat xidmətindən verilən məlumata görə, iranlılar Ruhani administrasiyasından daha yaxşı hakimiyyət görmək istəyirlər.

“İnsanların problemlərini həll etmək üçün kifayət qədər səy göstərmək lazımdır”- İİQXC-nin təmsilçisi, sabiq səhiyyə naziri Mərziyə Vahid Dasterci belə deyib. O, yanvarın 26-da İİQXC-nin qurultayının keçiriləcəyini və mühafizəkarların Həsən Ruhaniyə alternativ vahid namizəd seçəcəyini bildirib.

İslam İnqilabı Qüvvələrinə Xalq Cəbhəsinə Ayətullahdan sonra ən yüksək dini titul hesab olunan Höccət-ul İslam Məhəmməd Hüseyn Rahimyan rəhbərlik edir. Bundan başqa, təşkilatın rəhbərliyində Yəhya əl-Əşgak, Mehdi Çamran, Həmid-Reza Haci Babayi, Reza Rusta Azad, Mahmud Xosrovi Vəfa, Mehdi Məhəmmədi, Əli-Reza Mərəndi, Nader Talebzadə və Mərziyə Vahid Dəsterci təmsil olunur.

Aparılan siyasi müşahidələr hazırda Həsən Ruhaninin qələbə şansının çox yüksək olduğunu göstərir. Tehran Universitetinin professoru Sadek Zabakelam bildirib ki, H.Ruhaninin qələbə şansı başqasından daha yüksək olmasına baxmayaraq, elektoratı ikinci seçki müddəti ərəfəsində bir neçə milyon nəfər azalacaq. Professor Ruhaninin populyarlığının azalmasını mövcud hakimiyyətin mənfi iqtisadi göstəriciləri ilə izah edib. “Cəmiyyətin bəzi sektorlarında hökumətin fəaliyyətinin onların həyatına təsir etməməsi məyusluğu artırıb”-Zibakelam belə deyib.

Lakin İranın nüvə proqramına dair Qərblə razılaşmanın əldə olunmasından sonra bu ölkəyə qarşı bir sıra sanksiyaların aradan qaldırılması prezident Ruhaninin və onun komandasının reytinqini xeyli artırıb. Sanksiyaların ləğvi İranın dövlət gəlirlərinin sürətlə artmasına təkan verib. İranın xarici banklarda dondurulmuş vəsaitləri geri qaytarılıb. Eyni zamanda, İran dünya enerji bazarına çıxış imkanlarını bərpa edib. Ona görə də Ruhani hakimiyyətinin bu siyasəti İran cəmiyyətində qəhrəmanlıq kimi qiymətləndirlir. Təbii ki, bütün bu amillər də seçkidə islahatçılar üçün müsbət göstərici vəd edir.

“Gözlənilməz namizəd ortaya çıxa bilər”

İran: Seçkiqabağı rəqabət qızışır

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın rəyinə görə, İranın siyasi sistemində mühafizəkar və islahatçı anlayışı şərti xarakter daşıyır. Bütün hallarda seçkilərdə vahid namizədin irəli sürülməsi hər iki tərəf üçün ortaq məsələdir:

“Müxtəlif namizədlər irəli sürülür. Ayrı-ayrı siyasətçilər, iş adamları, şəhər meri prezidentliyə namizədliyini irəli sürür. Amma bütün hallarda əsas namizədlə bağlı ortaq razılaşma əldə olunur. Həsən Ruhani İranda yeganə siyasətçidir ki, şərti islahatçı və mühafizəkar adlandırılan siyasi xəttlərin vahid namizədi olub. Çünki Həsən Ruhani İranın kəşfiyyat orqanlarından hakimiyyət başına gəlib. O, bir müddət İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi olub və 8 ilə qədər bu vəzifədə çalışıb. Bu şuraya rəhbərlik edən adam prezident olur. Ruhani gözlənilmədən prezident vəzifəsinə gəlib çıxmayıb. Ona görə də qarşıdan gələn prezident seçkilərində də Həsən Ruhaninin namizədliyinin müdafiə ediləcəyi və həmin postda qalacağı istisna olunmur. Doğrudur, İran dünyanın gözləmədiyi bir namizədi də ortaya çıxara bilər.

Məsələn, Məhəmməd Xatəmidən sonra Mahmud Əhmədinejadın qələbəsi bir çoxları üçün gözlənilməz oldu. Amma Əhmədinejad da gözlənilməz fiqur deyildi və bir çox vəzifələrdə işləmişdi, Tehran şəhərinin meri olmuşdu. Əhmədinejad İranda Ayətullah Xomeyninin “İmam yolu” adlanan xəttinin fəal üzvlərindən biri idi. Bu baxımdan, İranın ictimai-siyasi dairələri onu yaxşı tanıyırdılar. İndiki şəraitdə isə Həsən Ruhanidən daha optimal namizəd gözlənilmir. Çünki Həsən Ruhani hər iki tərəfin müəyyən qədər qəbul etdiyi dövlət başçısıdır.

Həsən Ruhani həm də Qərb tərəfindən tanınır və qəbul edilir. O, ikinci Rəfsəncani sayılır. Bu isə o deməkdir ki, Həsən Ruhani istənilən vaxt əbasını, əmmaməsini çıxardıb Qərblə danışıqlara getməyə hazır olan adamdır. Eyni zamanda, o, İran fars mərkəzi düşüncə sisteminin aparıcı fiqurlarından biridir. Yəni, siyasi-ideoloji baxımdan islamçı olsa da alt yapıda panİranizm və panfarsizmin daşıyıcısıdır. Belə bir fiquru isə hansısa tanınmamış şəxslə əvəz etmək bir qədər vaxt tələb edər. İrana isə indiki şəraitdə yeni fiqur lazım deyil. Xatəmidən sonra Əhmədinejad kimi tanınmamış birinin hakimiyyət başına gətirilməsi İran rejiminə lazım idi.

Çünki nüvə proqramında Qərblə danışıqlara gedərək müəyyən uğurlar əldə etmişdi və hətta bu istiqamətdə yekun nəticələr əldə olunmaqda idi. Mahmud Əhmədinejadı ortaya çıxartmaqla bu prosesi səkkiz il uzatdılar. İrana atom nüvə proqramını həyata keçirmək üçün vaxt lazım idi. İran bununla da dünya birliyinə təzyiq edərək sanksiyaların ləğvinə nail olmaq istəyirdi. Nəhayət 2015-ci ilin iyul ayında Vyana danışıqlarında “Altllıq” ölkələri ilə İran arasında nüvə proqramına dair razılaşma əldə edildi. Bu islahatçıların uğuru kimi qələmə verilsə də sonradan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif danışıqların ali lider Xameneyi ilə razılaşdırıldığını dedi. Ölkənin birinci şəxsi ali rəhbəridir. Heç bir namizəd ali liderin xeyir-duasını almadan prezident kürsüsünə otura bilməz.

Ona görə də istər Həsən Ruhani və ya başqası seçki kampaniyasına başlayanda Ayətullah Xameneyinin dəstəyini almalıdır. İslahatçılar və mühafizəkarlar bir-birini tənqid etməklə, dedi-qodular yaratmaqla seçkiqabağı mühitin demokratik olduğunu görüntüləmək istəyirlər. Birmənalı şəkildə onu nəzərə almaq lazımdır ki, İranda keçirilən seçkilər demokratik deyil. Bu demokratik dövlətlərin seçki sistemini yamsılamaqdır, psevdodemokratiyadır”. ( cebhe.info )

İnterpress.az